Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın XİN başçısı Sergey Lavrov və onların iranlı həmkarı Məhəmmədcavad Zərif aprelin 28-də Moskvada görüşəcək. Türkiyə mətbuatı xəbər verir ki, XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, bu, aprelin 15-də ABŞ, Böyük Britaniya və Fransanın Suriyada Bəşər Əsəd rejiminə məxsus kimyəvi obyektləri bombalamasından sonra nazirlərin ilk görüşdür.
Moskvada keçiriləcək görüşü Cebhe.info-ya şərh edən Gənc Demokratlar İnstitutunun direktoru, politoloq Yeganə Hacıyeva bildirib ki, hər üç ölkə Yaxın Şərqdəki situasiyanı dəyişməyə qadir olan güclərdir.
Ekspert qeyd edib ki, beynəlxalq təşkilatların hesabatlarında müharibənin başladığı 2011-ci ildən 2018-ci ilə qədər Suriyada kimyəvi silahlardan ən az 130 dəfə istifadə edilməsi öz əksini tapıb:
“Bunlardan ən faciəlisi 2017-ci il aprel ayında üsyançıların nəzarət etdiyi Xan Şeyxun şəhərinə hücum zamanı kimyəvi silahlardan istifadə oldu. Mənzil qərargahı Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, bu hücum nəticəsində 20-si uşaq olmaqla 72 nəfər dinc əhali həlak olub. Bu isə qəzəbli beynəlxalq reaksiya yaratdı, ABŞ və digər dövlətlər ölümlərə görə Suriya hökumətini ittiham etdi. Kimyəvi hücumdan sonra aprelin 9-da Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlər mövzusunda toplantı keçirildi. BMT Təhlükəsizlik Şurasında iki görüş, 9 ölkənin iştirakı ilə Şərqi Quta ilə bağlı fövqəladə toplantı və ardınca Suriyadakı vəziyyət müzakirə olundu.
Avropa İttifaqı və digər qurumlar Bəşər Əsəd tərəfdarları olan Rusiya və İranı hücumların qarşısını almaq və döyüşlərin dayandırılması, eləcə də zorakılığın aradan qaldırılmasını təmin etmək üçün öz nüfuzlarından istifadəyə çağırdı. ABŞ-ın Suriya prezidentinin rəhbərliyi altında olan qüvvələrə qarşı ilk dəfə birbaşa hərbi əməliyyat planı işə düşdü. Nəticədə Suriya Hərbi Hava qüvvələrinə ölkənin mərkəzindəki Şəyrət aviabazasına ABŞ-ın raket zərbələri ilə böyük maddi itkilərlə nəticələnən hücum təşkil olundu. Bu hücum isə özlüyündə ABŞ və Rusiya arasında mövcud olmuş Suriya səmasında hərbi hava qüvvələri arasında toqquşmalardan yayınmaq üçün razılaşdırılmış hava təhlükəsizliyinə dair sazişin aradan qaldırılmasına səbəb oldu. ABŞ Dövlət Departamenti Bəşər Əsədin dəstəklənməsinə və kimyəvi hücumlara görə, Rusiyanın məsuliyyət daşıdığını bəyan etdi”.
Politoloq bildirib ki, bu kimyəvi hücum AB-nin patronajlığı ilə Brüsseldə 70 donor ölkənin Suriyaya yardım səyləri barədə danışıqlarla eyni vaxtda baş vermişdi:
“Bu, Suriyada sülhün bərqərar olunmasına çalışan beynəlxalq ictimaiyyətin səylərinin qarşısını almağa yönəlik təxribat idi. Şərqi Quta əyalətinin Duma şəhərinə baş verən kimyəvi hücum və onun ətrafında baş verənləri bundan öncəki hücumlardan fərqləndirən bir neçə məqam var. Əsas məqam Şərqi Quta əyalətinin Duma şəhərindəki hücum Suriya müxalifəti və terrorçu qruplarında olmayan bir silahla həyata keçirildi, bu cür silahlar ümumiyyətlə, çox az dövlətlərin hərbi arsenalında mövcuddur.
İkinci məqam kimyəvi silahdan hücumun ardınca Suriya Hava Qüvvələrinin ən qədim və ən böyük hava bazalarından biri olan Tifor hava limanına zərbələr endirilməsidir. Bu aviabaza isə strateji cəhətdən vacib olan, Palmyra yoluna yaxın, Suriyanın enerji təchizatında mühüm rol oynayan mavi yanacaq mənbələri yerləşən strateji ərazidir. Bu isə tamam başqa mənzərə yaradır.
Üçüncü isə, hava limanına endirilən zərbələr anonim edilmişdi, keçənilkindən fərqli olaraq kimin tərəfindən atılması məlum deyildi. Hadisədən sonra rəsmi olaraq heç bir dövlət hücum üçün məsuliyyəti öz üzərinə götürmədi. Bu olaylardan sonra Fransa və ABŞ hücumda iştirak etmədiyini bildirdi, İsrail isə hadisəyə şərh verməkdən imtina etdi. Zərbələrin trayektoriyası onun qonşu dövlətlərin ərazisindən deyil, Aralıq dənizindən olduğunu göstərirdi. Aralıq dənizində isə münaqişədə iştirakçı və maraqlı dövlətlərin hamısının hərbi bazaları var. Bu isə zərbənin kimin tərəfindən vurulduğunu aydınlaşdırmağı kifayət qədər qədər çətinləşdirir. Bu, sadəcə hücum deyil, beynəlxalq təcrübədə görünməmiş, müstəqil bir dövlət üzərinə müasir raketlərdən həyata keçirilən anonim hücum, yəni dövlət terrorizmi anlamına gəlir. Bu hal isə beynəlxalq hüquqda qəbuledilməzdir. Şübhəsiz ki, beynəlxalq araşdırma aparılmalı suveren dövlətə qarşı anonim təcavüz hərəkəti aydınlaşdırılmalıdır”.
Görüşdən sonra Yaxın Şərq regionu və Suriya üçün nə dəyişəcək?
Yeganə Hacıyeva vurğulayıb ki, 2017-ci ildən Türkiyə, Rusiya və İranın zəmanəti altında Suriyadakı vətəndaş müharibəsinin sona çatması üçün gərginliyin azalması və dislokasiyası üçün zonalar yaradıldı:
“Hər üç ölkənin zəmanəti ilə Süriyada bütün milli legitim tərəflərin iştirak etdiyi Milli Barışıq Konsepsiyası işlənildi. Ardınca Soçidə bütün tərəflərin iştirakı ilə “Suriya Milli Barışıq Dialogu” Konqresi keçirildi. Bu konqresdə BMT-nin nəzarəti altında Suriyada azad və ədalətli seçkilər keçirilməsi üçün xalqın dəstəyini alacaq bir Konstitusiya hazırlamaq qərara alınıb. Konstitusiyanın işlənməsi üçün Suriyada legitim milli qüvvələrin təmsilçiliyi ilə 150 nəfərlik işçi qruplar, komissiyalar yaradılıb. Nəzərdə tutulan sülh prosesi regionda hərbi və siyasi cəhətdən mövcud olan yerli, həmçinin xarici oyunçuların həmlələrinə rəğmən davam edir”.
Müsahibimizin sözlərinə görə, bu prosesdə rəsmi Moskva Bəşər Əsədin müttəfiqi kimi çıxış edir:
“Rəsmi Ankara milli müxalif qüvvələri dəstəkləyir. İran isə hər iki cəbhədə dəstəklədiyi qüvvələr qrupunun mövcudluğu ilə Suriya münaqişəsinin həlli üçün əsas iştirakçıya çevrilib. Bu baxımdan hesab edirəm ki, sözügedən üç ölkə Yaxın Şərqdəki situasiyanı dəyişməyə qadir olan güclərdir. Onların məhz Suriya münaqişəsilə bağlı yaratdığı format unikallığı ilə seçilir. Moskva görüşü onların arasında Yaxın Şərqlə bağlı əldə olunan razılığı daha da möhkəmləndirəcək. Sözügedən üç ölkə Yaxın Şərqdəki situasiyanı dəyişməyə qadir olan güclərdir”.
Yeganə Oqtayqızı
Cebhe.info