15:44
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1087-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.Axar.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
***
Prezident İlam Əliyev A.Ə.Paşayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında arxiv işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ataxan Əvəz oğlu Paşayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
***
İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Samir Nuriyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Altay Hacıyev – xalq rəssamı
Arif Məlikov – xalq artisti
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Mövlud Süleymanlı – xalq yazıçısı
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri.
2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 mart tarixli 854 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 475) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev M.İ. İbrahimqızının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahim qızı İbrahimqızı “Şöhrət” ordeni ilə təltif edilsin.