Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası mayın 8-də parlamentdə keçiriləcək baş nazir seçkilərində müxalifət lideri Nikol Paşinyana səs verəcək. Bu barədə Respublika Partiyasının Ermənistan Milli Məclisindəki deputat fraksiyasının rəhbəri Vaqram Baqdasaryan açıqlama verib. O, hakim partiyanın N.Paşinyanın lehinə səs vermək üçün yekdilliklə qərar qəbul etdiyini deyib.
Xatırladaq ki, ERP 56 deputat mandatı ilə parlamentdə səs çoxluğuna malikdir. Bu üstünlük Serj Sarkisyanın komandasına mayın 1-də keçirilən birinci səsvermədə N.Paşinyanın baş naizr seçilməsinin qarşısını almağa imkan verdi. Ona görə də mayın 8-də keçiriləcək ikinci səsvermə mərhələsində ERP Paşinyan tərəfdarlarını azlıqda qoymaqla müxalifət liderinin hökumət başına gəlişinin qarşısını ala bilər. Amma Respublika Partiyası mövqeyində qəfil dönüş edərək N.Paşinyanın seçilməsinə şərait yaratdı. Hakim partiyanın bu mövqeyi ilk baxışdan, Ermənistanda mayın 2-dən etiraz aksiyalarının daha geniş, xaotik miqyas alması ilə izah oluna bilər. Yəni S.Sarkisyan tərəfdarları ölkəyə nəzarəti faktiki olaraq itirdiyindən müxalifətə güzəştə getməyə məcbur oldu. Buna baxmayaraq, ERP-nın bu addımı hakimiyyətə olan iddiasından imtina etməsi anlamına gəlmir. Müxalifət rəsmiləri Resublika Partiyasının siyasi ömrünün başa çatdığını və bu təşkilatın yeni Seçki Məcəlləsi əsasında keçiriləcək növbədənkənar seçkilərdən sonra demək olar ki, mövcud olmayacağını iddia edir. Lakin indiki şəraitdə Respublika Partiyasının Nikol Paşinyanı dəstəkləmək qərarı daha çox taktiki gediş kimi qiymələndirilə bilər. Belə ki, Respublika Partiyası mayın 8-də keçiriləcək səsvermədə N.Paşinyanın əleyhinə səs verərsə, o zaman konstitusiyaya uyğun olaraq, prezident parlamenti buraxaraq, növbədənkənar parlament seçkiləri təyin etməlidir. İndiki siyasi şəraitdə Respublika Partiyası seçkilərdən qalib çıxmaq şansının olmadığının fərqindədir. Hazırda bütün siyasi proseslər müxalifətin xeyrinə işləyir. Ona görə də növbəti qarşıdurma hakim partiyaya qarşı üçüncü inqilabi dalğanın qalxması deməkdir. Bu baxımdan, Serj Sarkisyan tərəfdarları üçün ən əlverişli variant mövcud status-kvonun qorunub saxlanılmasıdır. Çox güman ki, Respublika Partiyası N.Paşinyana səs verməklə taym-aut götürmək və növbəti seçkilərə qədər ictimai rəydə itirilmiş mövqeyini bərpa etməyə çalışır. Yəni ERP payızda keçiriləcəyi gözlənilən seçkilərə qədər müvəqqəti parlamentdə üstünlüyü əldə saxlamaq, eyni zamanda əlavə vaxt qazanmağı düşünür. Bu Paşinyan hökumətinə təzyiq vasitələrinin də Respublika Partiyasının əlində qalmasını təmin edə bilər. Respublika Partiyasının sədr müavini Armen Aşotyan da "Armen-Press" agentliyinə verdiyi açıqlamada Nikol Paşinyanın baş nazir olduğu hökumətə qarşı müxalifətdə olacaqlarını deyib. Aşotyan qeyd edib ki, ERP parlamentdə səs çoxluğuna malik olmasına baxmayaraq, müxalifətə keçəcək. Onun qeyd edilən sözləri Respublika Partiyasının müxalifətdə dayanaraq səs çoxluğunu siyasi resurs kimi saxlamaq planından xəbər verir. Əgər N.Paşinyan hazırda verdiyi vədləri yerinə yetirə bilməsə, o zaman S.Sarkisyanın tərəfdarları baş nazirin istefasını tələb etmək üçün malik olduğu siyasi resursu işə salacaq. Bu isə Respublika Partiyasına seçkilərdə yenidən qələbə qazanmaq üçün siyasi revanş götürmək imkanı yarada bilər.
Müşfiq Abdulla
Cebhe.info