Hər kəsin gözünün Ermənistana çevrildyi bu vaxtlarda Yaxın Şərqdə narahatedici gəlişmələr baş verir. ABŞ prezidenti Donald Tramp İranla bağlanan nüvə sazişindən çıxmaq istədiyini hər yerdə car çəkir. İran Suriyada İsrailin onun hərbi bazalarına endirdiyi aviazərbələrinə dözməyəcəyini, Rusiya isə bütün bu olub-bitənlərə səssiz qalmayacağını bəyan edir. Bir sözlə, Yaxın Şərq yenidən qaynar qazana dönür.
“Biz Donald Trampın İranla 2015-ci ildə imzalanan nüvə sazişindən çıxmaqla bağlı qərarının final mərhələsinə daxil oluruq”, - “The Washington Post”dan İşaan Tharur yazır.
Müəllif bu sazişə əvvəldən qızğınlıqla qarşı çıxan iki “quzğun”un, yəni dövlət katibi Mayk Pompeonun və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun hazırda ABŞ-ın xarici siyasətini müəyyənləşdirən əsas fiqurlara çevrilməsinə diqqət çəkib.
“İran və İsrailin Suriyada savaş düzülüşünə keçdiyi bir zamanda situasiya daha təhlükəli xarakter almağa başlayıb.
Netanyahunun bazar ertəsi Tehranı Qərblə imzaladığı sazişə əməl etmədiyi barədə ittihamları Donald Tramp və onun köməkçilərini daha da cəsarətləndirib. Hərçənd, bir çoxları İsrail baş nazirinin əslində köhnəlmiş informasiyalardan istifadə etdiyini söyləyir”,- məqalədə yazılıb.
Tharur Trampın sazişdən çıxmaqla Qərblə dailoq tərəfdarı olan prezident Həsən Ruhanini də ölkəsindəki sərt kurs yanlıları qarşısında pis vəziyyətdə qoyacağını düşünür. “Sazişin pozulması sülhü daha qaranlıq yollara qərq edəcək”, - yazar qeyd edib.
“İran-İsrail münaqişəsinin Suriya hüdudlarından çıxılmamasına nail olmaq mümkündürmü”, - “The Wall Street Journal”-dan Yaroslav Trofimov sual edir.
Müəllif İsrailin aviazərbələri qarşı cavab gəlmədən endirə bildiyini, ABŞ-ın onu dəstəklədiyini, Rusiyanın prosesi hələ ki, müşahidə etdiyini, İranın isə 2015-ci ildə imzalanan nüvə sazişi naminə səssiz qaldığını vurğulayır.
“Lakin bu yaxın müddətlərdə eskalasiyanın şiddətlənməyəcəyi anlamına gəlməməlidir”,- Trofimov yazaraq Tehranın bundan sonra İsrailin hücumlarına dözməyəcəyini, Rusiyanın isə olan-bitəni sakit şəkildə izləməyəcəyini güman edir.
Yazıda İranın tək qalmaq qorxusu yaşadığı da qeyd olunub.
“Strateji planda İran dünyanın ən yalnız dövlətlərindən sayılır. İranlılar Putinin İsrail dövlət adamları ilə olduqca yaxşı münasibətlərinə görə Moskvaya heç vaxt bel bağlamayıblar”, -ABŞ-ın “Carnegie Endowment for international Peace” təşkilatından Kərim Səccəpur müəllifə bildirib.
Rusiyanın İsraildəki səfiri Aleksandr Şeyinin İsrailin “Ynet” qəzetinə verdiyi müsahibədə bu ökənin Suiryadakı aviazərbələrini tənqid etməklə yanaşı, “Rusiyanın İranın Suriyadakı hərbi varlığından narahat olduğu” barədə söylədiyi sözləri də bunu göstərir.
“The New York Times”da yazan, “International Crisis Group” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə proqramının direktoru Yost Hilterman Suriyadakı vətəndaş müharibəsinin xaotik və təhlükəli mərhələyə daxil olmasının qarşısını kəsən gücün Rusiya olduğunu qeyd edir.
O, İsraill və İran arasında münaqişə riskinin daha da böyüdüyünü yazaraq Vaşinqtonun belə bir situasiyada həm Moskva ilə aktiv qarşılıqlı əlaqə yaratmasının, həm də İranla başqa bir yanaşma tərzi ilə siyasət qurmasının vacibliyindən söhbət açıb.
“Əgər ABŞ 12 maya qədər nüvə sazişindən çıxsa İranla hərbi konfrontasiya yoluna qədəm qoymuş olacaq. LakinTramp administrasiyası Şimali Koreyada olduğu kimi İranla da yanaşma tərzini dəyişsə və İran liderləri ilə ciddi müzakirələrə başlasa Yaxın Şərqdə gərginliyi azalda bilər”, - müəllif yazıb.
Musavat.com