Ermənistan parlamentində baş nazirlə bağlı təkrar seçkilər keçiriləcək günədək–mayın 8-dək vaxt daraldıqca ehtimalların və nəzəri ssenarilərin də sayı durmadan artır.
İndilik isə məlum olanı budur ki, hələki proses Kremlin ssenarisinə uyğun şəkildə cərəyan edir və bunun da müxtəlif məqsədləri var. Ən birinci fərziyyə budur ki, Kreml strateqlərinin reseptlərinə uyğun olaraq hakim partiya vaxt qazanmağa və məsələni təkrar parlament seçkilərinə qədər uzatmağa çalışır.
Güman, düşünürlər ki, N.Paşinyan böyük etirazlara nail ola bilsə də, arxasında elektorata yaxşı tanış olan güclü partiya dayanmayıb. Düzdür, daşnaklar və “Çiçəklənən Ermənsitan” partiyası onun tərəfinə keçibdir, amma bütün hallarda onlar Paşinyanın partiyaları deyil və ən yaxşı halda onun müttəfiqləri sayıla bilərlər.
Müttəfiqliksə hələ tamam birgə olmaq demək deyil, maraq naminə konkret şəraitin diqtəsilə konkret bir müddətədək birləşmək deməkdir.
Təbii, başqa ehtimallar da var. Məsələn, hələ çoxu proseslərin güc müstəvisinə keçəcəyini zənn edir. Kənardan müxtəlif hərbi birləşmələrin paytaxt İrəvan tərəfə istiqmaətləndirilməsi də bu cür gümanları artırır.
Amma daha bir ssenari də var ki, onun da ehtimalını yüksək dəyərləndiririk. Mümkündür ki, hakim partiya N.Paşinyanla daha sərfəli siyasi ticarət və sövdələşmə yapmağa çalışır. Paşinyanın baş nazir təyin ediləcəyi təqdirdə yeni hökumət qurulmalı və portfellər bölüşdürülməlidir və heç sözsüz ki, hakim partiya özü üçün böyük bir pay qoparmağa çalışacaq. Paşinyanın etimad hökuməti quracağı haqdakı bəyatnatları da onların iştahını bir az da artırır.
Bunu əvvəllər də demişik və bir daha təkrar edirik ki, Ermənistanda vəzifə demək olar ki, hər şey deməkdir və bura iqtisadi mənfəətlər də, mövqelər də aiddir. Həm də kim zəmənət verə bilər ki, sabah hakim partiya səhnəni tamam təhvil verəndən sonra onun ayrı-ayrı təmsilçiləri hüquqi təqiblərə məruz qalmayacaqlar? Axı ölkədəki korrupsiya və həm də məmur özbaşnalığı haqda sərt bəyanatlar etirazların demək olar ki, ən əsas leytmotivlərindən olubdur...
Qərəz, vəziyyət gərgin olaraq qalır. Hər an Ermənistanın “məxməri inqilab”ı özünün rəngini dəyişə bilər. Bununçün zəmin qalmaqdadır və nəzərə də alanda ki, kriminal Dağlıq Qarabağ siyasi klanı demək olar ki, tamamilə səfərbər olunub, hətta
R.Koşaryan da üstünün tozunu çırparaq siyasi bəyanatlar verməyə başlayıb,- bu ehtimal bir az da artır.
Amma bizi daha çox Paşinyanın Azərbaycanla və xüsusən də Dağlıq Qarabağla bağlı səsləndiridiyi sərt bəyanatlar düşündürür. Düzdür, etiraz aksiyaları elə prosesdir ki, burada populizmsiz keçinmək olmur və emosional kütləni razı salmaq üçün bütün bəyanatlara bir az duz qatmaq lazım gəlir.
Fəqət, düşünürük ki, burada məsələ tək “qızışmış kütlə” məsələsi deyildir. Kədərli olan budur ki, erməni auditoriyası Azərbaycanla və ən əsası da Dağlıq Qarabağla bağlı sərt bəyanatlar tələb edir. Elə ona görə də hər dəfə qeyd edirik ki, Dağlıq Qarabağ məsələsinə sırf Kremlin ssenarisi və projesi kimi baxmaq lazım deyil, çünki ermənilər özləri də az aşın duzu deyillər.
Baxın, Qərbdəki ermənilər heç də Rusiyanın ideoloji təsiri altında deyillər. Amma onlar da sərsəm erməni sayıqlamalarından qurtulmaq istəmir, əksinə “ümumi iş” uğrunda çarpışır, Türkiyəyə və Azərbaycana qarşı qarayaxmada, “qara təbliğat”da Ermənistanın XİN-dən qəti geri qalmır, hər il Qarabağın separatçılarına maliyyə yardımları göstərirlər...
Belə məlum olur ki, bu axmaq xalqın indiyədək yaşadığı çətinliklər onlar üçün hələ dərs olmayıb, otuz il demək olar ki, tamam hədər keçib.
Bəli, ən kədərlisi də məhz elə budur. Kədərlisi deyəndə ki, əslində bu, bizim üçün yenilik olmamalıdır. Məgər ermənilərin Azərbaycana qarşı permanent şəkildə ərazi iddiaları irəli sürməsi bugünün və yaxud da dünənin məsələsidirmi?
Daha bir təəssüf doğuracaq məqam isə budur ki, özlərini qərbçi-demokrat sayan erməni siyasətçiləri belə ən azı populizm xatirinə “ura-patriotlardan” geri qalmaq istəmirlər. Üstəlik, bəzisi hətta düşünürük ki, Dağlıq Qarabağ probleminin uzanması, Ermənistanın düşdüyü vəziyyət onun nəticəsidir ki, indiyədək hakimiyyətdə olan koçaryanlar, sarqsyanlar bunun üçün yetərincə qətiyyət göstərməyiblər – guya ki, bu problemlərin daha sürətli həlli də var.
Bəli, ən təəssüf doğurucu məqam budur. Daha doğrusu, nəzərə alınmalı məqam budur. Əslində biz bunları çoxdan bilməliydik və siyasətimizi də buna uyğun qurmalıydıq. Bir tərəfdən Kremlin müdaxiləsi və stimullaşdırıcı siyasəti, digər tərəfdən də Ermənistan cəmiyyətinin xəstə patalogiyaları – Qarabağ problemini indiyədək həll olunmağa qoymayan budur.
Di gəl, bu da bizi qətiyyən məyuz etməməlidir. Bəli, güc, güc və bir daha güc – getdikcə anlaşılan budur ki, Dağlıq Qarabağ problemi yalnız bu müstəvidə çözülə bilər.
Əslində zaman problemin məğzini daha da çılpaq duruma gətirir və hər şey faş olunur: ermənilərin sərsəm planları da, Kremlin riyakar oyunları da! Bir tərəfdən bunun özü də müsbət haldır – illüziyalar çəkilir və onun yerini vəziyyətə daha adekvat olan siyasətin tutması üçün imkan yaranır.
Daha adekvat siyasət isə budur ki, gücümüzü artırmalı, Ermənistanı permanent şəkildə sıxmalı, hətta Kremlin özünə belə təzyiq imkanlarını nəzərdən qaçırmamalıyıq...