Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əli Məsimli: “Acgözlüyün sinoniminə çevrilmiş təbəqə neytrallaşdırılmalıdır”

14-05-2018, 10:22   



“Orta və aşağı kadr heyətinin dəyişməsinə həssas yanaşılmasını zəruri hesab edirik”

Prezident seçkilərindən sonra bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında baş verən rəhbər dəyişikliyi həmin qurumlarda kadrların əvəzlənməsinə gətirib çıxarıb. Demək olar ki, hər gün yeni nazir və sədrlərin kadr dəyişikliyi barədə yeni məlumatlar yayılır. Bir çoxları bu dəyişiklikləri zəruri olan kadr islahatı kimi qiymətləndirir.

Onu da qeyd edək ki, bir sıra ölkələrdə yeni hakimiyyətlərə dövlət aparatında dəyişikliklərə limit tətbiq olunur. Xüsusilə orta və aşağı heyətdə dəyişikliklərə demək olar ki, imkan verilmir. Azərbaycanda hazırda baş verənləri kadr islahatı adlandırmaq olarmı? Yeni gələnlərin kadr dəyişiklikləri əvvəlki kimi, orta və aşağı heyəti də əhatə etməlidirmi? Bu və ya digər məsələlərlə bağlı suallarımıza sabiq baş nazir, millət vəkili Əli Məsimlidən cavab aldıq.

- Əli bəy, prezident seçkilərindən sonra yeni təyinatlar olan dövlət qurumlarındakı kadr dəyişikliklərini necə qiymətləndirirsiz?

- Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir. Yeni mərhələnin məntiqinə, müasir dövrün çağırışlarına dolğun şəkildə cavab verilməsi, xalqın güzəranının yaxşılaşdırılmasının və əhalinin bütün təbəqələrinin həyatının keyfiyyətini ölkəmizin yüksək potensial imkanları səviyyəsinə çatdırılmasının fundamental surətdə təmin edilməsi cəmiyyət həyatının bütün sahələrində demokratık islahatların həyata keçirilməsini obyektiv tələbata keçirib. Həmin demokratik və sistemli islahatlar kontekstində, hər şeydən əvvəl, dövlət idarəetmə və tənzimləmə sistemi əsaslı surətdə modernləşdirilməli, dünyada gedən proseslərə operativ reaksiya verən, operativ və optimal qərarlar qəbul edən və maksimum şəffaf fəaliyyət göstərən “yaxşı idarəetmə modeli”nə keçilməli, bu əsasda idarəetmənin çevikliyi artırılmalı və səmərəliliyi yüksəldilməlidir. Bu baxımdan, hazırkı islahatlar zamanı kadr islahatları ilə müşayiət olunan idarəçilik sisteminin əsaslı surətdə təkmilləşdirilməsi məsələləri mühüm yer tutur. Ona görə də prezident seçkilərindən sonra yeni təyinatlar olan dövlət qurumlarındakı kadr dəyişikliklərinin bir hissəsini, xüsusən də gənc kadrların irəli çəkilməsini və islahatlar kontekstində onlara şans verilməsini müsbət qiymətləndiririk.

- Bunu kadr islahatı adlandırmaq olarmı?

- Bu məsələyə münasibətdə bizim prinsipial mövqeyimiz belədir ki, kadr islahatları özündə məqsəd xarakteri daşımamalı və ona mütərəqqi sistem dəyişikliyinin mühüm tərkib hissəsi kimi baxılmalıdır. Bununla belə, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı həyata keçirilən bir sıra kadr dəyişikliklərini kadr islahatı adlandırmaq olar. Məsələn, bu məsələyə münasibətdə fikir müxtəlifliyini təbii hesab etməklə yanaşı, Baş nazir postunun mühüm siyasi və strateji post olduğunu və bu posta çox gözlərin dikildiyini nəzərə almaqla yanaşsaq, hazırkı reallıqların məntiqindən doğan optimal variant kimi, Novruz Məmmədovun yeni Baş nazir təyin edilməsini, eləcə də təhsil naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və sair bu kimi yeni təyinatları kadr islahatları adlandırmaq olar. Bu işdə Milli Məclisin kadr potensialından geniş istifadə olunması və deputat həmkarlarımın irəli çəkilməsi bizim üçün xoşdur. Amma Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Baş nazirin müavini təyin edilməsini kadr islahatı adlandırmaq olmaz. Bu, sadəcə, yerdəyişmədir. Son illərin nəticələrinə əsasən mülahizə yürütsək, Baş nazirin müavinləri içərisində real işi görünən iki nəfər var idisə, onun biri keçmiş deputat həmkarımız Əli Əhmədov, o biri isə “söz qabının” yumor yönünün güclü olması üzündən tez-tez ictimai qınağa tuş gəlməsini bir kənara qoysaq, öz sahəsini yaxşı bilən Abid Şərifov idi. Baş nazir dəyişdirilibsə və Nazirlər Kabinetini işlək orqana çevirmək fikri varsa, onda Əli Əhmədov qalmaq şərtilə, yaxın perspektivdə Baş nazirin müavinlərinin müasir tələblərə cavab verən professional kadrlar hesabına müasir formatda formalaşdırılmasını ümumi işin xeyrinə hesab edirik. Əks halda, ordakı durğunluq vəziyyəti bundan sonra da davam edəcək və yeni idarəetmə sistemində Nazirlər Kabinetinin yeri və rolu qeyri-müəyyən olaraq qalacaq.

“Yaxşını pisdən ayırmağa imkan verən obyektiv meyarlar hazırlanıb tətbiq edilməlidir ki, qiymətli kadrlar daim irəli gedə bilsin”

- Orta və aşağı kadr heyətinin dəyişməsinə ehtiyac varmı sizcə?

- Biz orta və aşağı kadr heyətinin dəyişməsinə həssas yanaşılmasını zəruri hesab edirik və dəfələrlə bu məsələni qaldırmışıq. Çox vaxt yeni nazir, komitə sədri gələndə obyektiv meyarlardan çıxış etməklə işdən çıxarılması zəruri olan kadrlarla yanaşı, öz sahəsinin bilicisi olan kadrları da kənarlaşdırıb öz adamlarını gətirir. Məsələn, bundan əvvəlki kənd təsərrüfatı naziri həmin üsuldan daha ifrat dərəcədə istifadə edib, xeyli qiymətli kadrları kənarlaşdırdı. Yeni gətirilən kadrların bir hissəsi həqiqətən yaxşı kadrlar olsalar da, xeylisi, bir qayda olaraq, əvvəlkindən də zay olur. Beləliklə, yeni nazir, komitə sədri gələndə orta və aşağı kadr heyətinin dəyişməsində obyektiv meyarlar gözlənilmədiyindən, dövlətə ikiqat ziyan dəyir. Ona görə də yaxşı olar ki, bir sıra ölkələrdə olduğu kimi, nazirdən sonra katib, aparat rəhbəri, birinci müavin və sair formada bir texnokrat aparatı formalaşdırıb yerləşdirilsin və həmin nazirliyin əsas ağırlığı onların üzərində olsun ki, nazir 3-5 ildən sonra öz postundan getməli olanda həmin nazirliyin işlərinin sıfırdan qurulmasına ehtiyac qalmasın.

- Bir sıra ölkələrdə yeni hakimiyyətlərə məmur aparatında yenilənmə üçün limit müəyyənləşdirilir. Azərbaycanda belə bir limit varmı?

-  Azərbaycanda bu üsul tətbiq edilmir... Fikrimizcə, iqtisadi inkişafın hər bir mərhələsinin tələblərinə uyğun olaraq məmur aparatı müəyyən nisbətdə daim yenilənməli, öz işinin öhdəsindən gələn kadrlar təşviqləndirməklə öz yerlərində qalıb işləməli, öz işinin öhdəsindən gələ bilməyənlər isə yeniləri ilə əvəz olunmalıdır. İxtisarlar nəticəsində işdən azad edilən insanlar incidilməməli, qanunla müəyyən olunmuş kompensasiyalarını və sairi vaxtında almalıdır. Bir sıra ölkələrdə aşağı və orta ranqlı kadr bilir ki, öz işinin öhdəsindən gəlməklə keyfiyyətli fəaliyyət göstərsə, 3 ildən,5 ildən sonra karyerasında irəliyə doğru yeni pillə başlayacaq. Bizdə də ara-sıra belə meyarlardan istifadə olunur, amma elə hallar da olur ki, həmin qiymətli kadrın başının üzərindən kiminsə qohumu, adamı onun haqq-halalına tutmalı olduğu posta gətirildikdə həm dövlət itirir, həm də belə kadrlar ayrı-seçkiliyə dözməyib tez-gec çıxıb gedirlər. Çünki xeyli kadr var ki, rüşvət almaqla və ya belə əyri yollu bölgülərdə iştirak etməklə yox, öz professionallığı hesabına yaxşı qazanmağa üstünlük verir. Bunun üçün yaxşını pisdən ayırmağa imkan verən obyektiv meyarlar hazırlanıb tətbiq edilməlidir ki, qiymətli kadrlar daim irəli gedə bilsin. Onda ümumi işlərin irəli getmə sürəti də artacaq.

- Sizcə, hazırkı kadr dəyişiklikləri hansı şərtlər daxilində effektiv nəticələnə bilər?

- Kadr islahatları özündə məqsəd xarakteri daşımamalı, o, inkişafın müvafiq mərhələsinin məntiqindən doğan sistem dəyişikliyinin mühüm tərkib hissəsi olmalı, onun real nəticələri dövlət idarəetmə sisteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və əhalinin güzəranının yaxşılaşdırılmasına verilən töhfəyə yönələn meyarlarla ölçülməlidir. Ona görə də Azərbaycanda uzunmüddətli dayanıqlı inkişafı təmin etməkdən ötrü, hər şeydən əvvəl, idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasının əsas şərtlərindən biri kimi, kadr islahatları ilə müşayiət olunmaqla, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik islahatlar həyata keçirilməlidir. Bu islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrində korrupsiyaya, inhisarçılığa, bürokratiyaya, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməsini zəruri hesab edirik. Bu sahədə uğur qazanan bütün ölkələr məsələyə məhz bu cür kompleks yanaşmaqla yüksək nəticələr əldə edə biliblər. Hər şeydən əvvəl, ədalətsizliklər aradan qaldırılmalı, hüququn aliliyi hamıya tətbiq edilməli, qanundan yuxarıda duran təbəqə olmamalıdır. Xüsusən, acgözlük və yırtıcılığın sinoniminə çevrilmiş təbəqə vaxtında aşkar edilib neytrallaşdırılmalı, kənarlaşdırılmalı və layiqli cəzasına çatmalıdır. Azərbaycanda neft amilinin prioritet təşkil etdiyi inkişaf modelindən insan amilinin prioritet təşkil etdiyi İNNOVASİYALI İNKİŞAF MODELİNƏ keçid sürətləndirilməli, kadr sahəsində yaşlı, orta yaşlı və gənc kadrların birgə fəaliyyətinin effektiv kombinasiyasına nail olunmalıdır. Öz işini əla bilən qocaman və orta yaşlı kadrlarla yanaşı, texnokratların, yəni heç bir işə yaramayan qohum-əqrəba uşaqları yox, məhz istedadlı gənclərin rolunun artırılması və onların innovativ generatora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsi lazımdır. Bunun magistral yolu cəmiyyət həyatının bütün sahələrində iqtisadi və sair azadlıqlara, mütərəqqi sistem dəyişikliklərinə, şəffaflığa, stimul və məsuliyyətin artırılmasına, hesabatlılığa yol açan demokratik, kompleks və davamlı islahatlardan keçir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar