Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hər nazirin öz qaydası:Müəllimlərin işə qəbulu yenə dəyişdirildi

14-05-2018, 19:05   




Təhsil naziri müəllimlərin işə qəbulu müsabiqəsində  yeni qaydaların tətbiq olunacağı əmrini verib.

Yeni qaydalara görə, bu il müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan vətəndaşı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər, eləcə də vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcək.

Yeni qaydalara görə, müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən müddətli müqavilə ilə işə 6 qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Mövcud qaydalara əsasən, ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir.

Ümumi təhsil müəssisələrində işə yeni direktor müavinlərinin (təsərrüfat işləri üzrə direktor müavinləri istisna olmaqla) qəbulu ümumi təhsil müəssisəsində müəllim işləyən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il fasiləsiz pedaqoji stajı olan şəxslərin vəzifədə irəli çəkilməsi, yaxud Təhsil Nazirliyinin razılığı ilə yerli təhsili idarəetmə orqanı tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

Ekspertlər hesab edir ki, əslində müəllim və direktorların işə qəbulu qaydalarında təkrar-təkrar dəyişikliklər edilməsinə ehtiyac yoxdur. Çünki həmin statusa malik şəxslər əvvəlki mərhələlərdən olduğu yerə qədər lazım olan müsabiqələrdən keçib gəliblər. Onların daha sərtləşmiş müsabiqələrə qatılmaası və müəyyən etaplardan keçmələrinə gərək yoxdur. Ekspertlərin fikrincə, istənilən sahədə yeni rəhbər təyinatı baş verən zaman mütləqdir ki, onun qoyduğu əmrlər və tələblər həyata keçirilir. Bu mənada, sözügedən qaydaların dəyişdirilməsi də məhz yeni nazir təyinatından sonra gözlənilən idi. 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu il müəllimlərin işə qəbulu imtahanlarında elə də ciddi şəkildə dəyişiklik yoxdur:“Ümumi prosedur qaydalarına cüzi dəyişikliklər edilib. Azərbaycanda orta ümumtəhsil məktəblərində çalışacaq şəxslər üçün işə qəbul imtahanı 2009- cu ildən etibarən keçirilir.

Mərkəzləşdirilmiş qaydada keçirilən imtahan 2011 - ci ildən etibarən bütün ölkədə tətbiq edilməyə başladı.  Hesab edirəm ki, hazırda  müəllimlərin işə qəbulu imtahanları şəffaf və ədalətli şəkildə həyata keçirilsə də, müəllimlərin seçilməsi və peşəkarlığı üçün yetərli deyil. Çünki keçirilən imtahanlar yalnız iştirakçıların biliklərini yoxlayır. Onların psixoloji cəhətdən hazırlığı, təhsil sisteminin informasiyalaşdırılması, sənədləşmə kimi məsələləri üzrə bacarıqları yoxlanılmır. 

Ümumiyyətlə, keçid balı aşağıdır və müsabiqə şərtləri heç də daha perspektivli şəxslərin seçilməsini həyata keçirmir.

Xatırladım ki, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanda iştirakçılara 60 test tapşırığı təqdim edilir. Onların 40 test tapşırığı ixtisas üzrə, 10 kurikulum, 10 məntiq üzrədir. MİQ imtahanlarında riyazi məntiq test tapşırığına ehtiyac yoxdur. Ümumi dünyagörüşü, ümumi psixoloji hazırlıq səviyyəsini öyrənmək məqsədilə qəbul imtahanları keçirmək lazımdır”.


Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar