"Əliağa Hüseynov uzun illərdir ki, bu sahədən kənarda qaldığı üçün ordudan xəbəri yoxdur"
Xəbər verdiyimiz kimi, deputat, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalistin ünvanına xoşagəlməz ifadələr işlədib. Belə ki, modern.az-ın əməkdaşı "Azərbaycan Ordusunun 100 illik yubileyinin necə keçirilməsini istəyirsiniz?" sualı ilə Milli Məclisin hərbçi deputatına müraciət edərkən, Əliağa Hüseynov "Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!" deyərək telefonu qapadıb. Qeyd edək ki, parlament üzvünün gözlənilməz münasibətindən təəccüblənən müxbir onun hansı səbəbdən belə cavab verdiyini aydınlaşdırmaq üçün bir qədər sonra yenidən zəng etsə də, general-leytenant telefonu açmayıb.
Təbii ki, 1972-1976-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1976-1978-ci illərdə İmişli rayon hərbi komissarının müavini, 1978-1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi, 1983-1988-ci illərdə Əzizbəyov rayonunun hərbi komissarı, 1988-1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun hərbi komissarı vəzifəsində işləmiş, 1998-2009-cu illərdə isə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuş Əliağa Hüseynovun Azərbaycan Ordusunun 100 illik yubileyi ilə bağlı suala "Hansı Ordudan danışırsız?", deyə cavab verməsi, hələ bu da azmış kimi, kütləvi informasiya vasitəsi nümayəndəsinə şərəfsiz deməsi həm ictimaiyyətdə, həm mətbuatda, həm də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çünki uzun illər ordu sıralarında xidmət etmiş, general-leytenant rütbəsinə qədər yüksəlmiş, bir müddət icra başçısı vəzifəsində çalışmış, indi isə ali qanunverici orqan olan Milli Məclisdə təmsil olunan birinin media nümayəndəsinə aşağılayıcı tərzdə cavab verməsi nə milli-mənəvi dəyərlərə, nə də qanuna sığır. Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququ Konstitusiya ilə qorunur və bu səbəbdən də dinindən, irqindən, milli mənsubiyyətindən, hətta tutduğu vəzifəsindən asılı olmayaraq bir kəsin digərini təhqir etməsi qanunla qəti şəkildə qadağandır. Və qüvvədə olan Cinayət Məcəlləsinə görə, bu cür hallara yol verən şəxslər qanuna müvafiq formada cəzalandırılmalıdır.
Məsələnin maraqlı tərəfi ondadır ki, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir etməsi barədə yazılan xəbərləri yalanlayıb və barəsində deyilənlərin cəfəngiyyat olduğunu bildirib: "Əgər mən Milli Ordunu təhqir etmişəmsə, buyurub səs yazımı yaysın. O jurnalist tamamilə yalan danışır. Özünü seyid kimi təqdim edib, məndən açıq şəkildə pul istəyir. Bu birinci hal deyil. Həmin adam mənə dəfələrlə zəng edib deyir ki, bayramımızdır, pul ver və sairə. Əlindən bezmişəm. Mən də məcbur olub dedim ki, ay oğul, pulum yoxdur, əl çək məndən! Hətta, ona dedim ki, əgər məni bir daha narahat etsən, səninlə bağlı polisə müraciət edəcəm". Lakin adıçəkilən saytın rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı general-leytenantın doğru danışmadığını vurğulayıb: "Əliağa Hüseynov hansısa reket jurnalistlə bizim jurnalisti səhv salır. Jurnalist redaksiyadan zəng edib açıqlama alıb, əlimizdə səs yazısı var. Onun ittihamları əsla bizə aid ola bilməz".
Gördüyünüz kimi, məsələ ilə bağlı tərəflərin hər biri başqa söz deyir. Lakin Elşad Eyvazlının Parlament Jurnalistləri Birliyi və modern.az saytı adından Milli Məclisin sədri Oqtay Əsədova və 59 saylı Salyan seçki dairəsinin seçicilərinə müraciət etməsi, həmin müraciətdə Əliağa Hüseynovun Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində jurnalistlərin və Silahlı Qüvvələrimizin ünvanına təhqiramiz ifadələr işlətməsinə etiraz edərək, parlament rəhbərliyindən bu məsələylə bağlı tədbir görülməsini xahiş etməsi istər-istəməz general-leytenantın kodub səhvə yol verdiyi qənaətinə gəlməyə əsas verir.
Bu arada, general rütbəsi daşıyan birisinin söyüşlərdən istifadə etməsinin təəssüf doğurduğunu qeyd edən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Binəqədi rayon şöbəsinin sədri, "Qəmlo" ləqəbi ilə tanınmış Şahin Ağayev hesab edir ki, media təmsilçilərini təhqir edən birinin deputat seçilməsi doğru deyil: "O cür adam necə Milli Məclisə deputatı olub?! Salyan camaatına böyük hörmətim var, amma jurnalistə qarşı tərbiyəsiz ifadə işlədən birisini necə deputat seçiblər?! Bunu anlaya bilmirəm". "Qəmlo"nun sözlərinə görə, Əliağa Hüseynov heç vaxt Milli Ordunun tərkibində xidmət keçməyib: "Əliağa Hüseynov Sovetin dövründə general olub. Sovet rejiminə xidmət edən birisi kimi tanınır. Onun içində Milli Orduya sevgi olmayıb. Sonra müstəqillik illərində hansısa yollarla özünə yer edib, vəzifə qazanıb. Bu cür birisini insanlar arasına çıxartmaq belə, doğru deyil. O sovet dövründə və müstəqilliyin ilk illərində hərbi komissarlıqlarda çalışıb, amma heç vaxt Milli Orduya bağlılığı olmayıb. Biz o cür insanlara "qərargah…" deyirdik".
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz hərbi ekspert, ehtiyata buraxılan polkovnik-leytenant Üzeyir Cəfərov da bu qənaətdədir ki, deputat Əliağa Hüseynovun kütləvi informasiya vasitəsi nümayəndəsi ilə bu tərzdə danışması xoş olan, qəbul edilən hal deyil:"Bildiyiniz kimi, Əliağa Hüseynovun zamanında Respublika Hərbi Komissarlığı Müdafiə Nazirliyi sistemində idi. Məhz elə bu səbəbdən də uzun illər ordu sıralarında xidmət etmiş bir insanın bu münasibəti göstərməsi xoşagələn hal deyil. Şükürlər olsun ki, bu gün Azərbaycan Silahlı Qüvvələri çox dəyişib. Ümumiyyətlə, bizə dost olmayan qüvvələr ölkəmizin silahlı qüvvələrinin nüfuzu, onun silahlanması ilə bağlı məqamları rişxəndlə dilə gətirir. Lakin Milli Məclis üzvünün, ehtiyatda olan general-leytenantın belə bir məsələni bu şəkildə dilə gətirməsi qəbul oluna biləcək hal deyil. Qeyd etdiyim kimi, son dövrlər ordumuz çox dəyişib. Ola bilsin ki, Əliağa müəllimin ordudan xəbəri yoxdur. Yəni o, uzun illərdir ki, bu sahədən kənarda qaldığı üçün ordudan o qədər də məlumatlı deyil".
Millət vəkillərinin bu və digər mövzularla bağlı açıqlamalarında mümkün qədər ehtiyatlı olmalarının vacibliyini vurğulayan hərbi ekspertin sözlərinə görə, deputatlar hər zaman jurnalistlərə borclu olmalıdırlar: "Millət vəkilləri diqqətli olmadıqda hansısa bir yanlış ifadə işlədir və sonra uzun müddət bu, sosial şəbəkələrdə, müxtəlif mətbuat orqanlarında geniş şəkildə müzakirə olunur. Heç şübhəsiz, Əliağa Hüseynovla jurnalist arasında yaşanan olay da bu cür xoşagəlməz hallardan biridir. Mənim Əliağa müəllimə bir insan kimi hər zaman hörmətim olub, lakin media mənsubuna qarşı bu cür münasibət sərgiləmək doğru deyil. Əslinə qalsa, deputatlar hər zaman jurnalistlərə borclu olmalıdırlar. Çünki məhz media təmsilçiləri onları cəmiyyətə tanıdır, fəaliyyətlərini işıqlandırırlar. Buna görə də jurnalisti təhqir etmək, kütləvi informasiya vasitəsi nümayəndəsini bu şəkildə aşağılamaq, eyni zamanda bir vaxtlar mənsub olduğu böyük bir kollektivə (söhbət ordudan gedir-red.) qarşı aşağılayıcı münasibət sərgiləmək doğru deyil və bu, heç kimə başucalığı gətirməz. Ümumiyyətlə, jurnalistlərlə maksimum xoş münasibətlərin qurulmasına çalışmaq lazımdır".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org