AXCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin onun müraciətlərinə cavab verməməkdə və ayrı-seçkilikdə ittiham edir.
İlahiyyatçı Cebhe.info-ya verdiyi açıqlamada bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi onu işlə təmin etməkdən imtina edir. O, iddia edir ki, buna səbəb dövləti və dövlətçiliyi dəstəkləməyi, islamı xarici agenturanın təbliğ etdiyi kimi yox, milli ənənələrə uyğun qəbul etməyidir:
“1998-ci ildən üç mədrəsədə dini və dünyəvi təhsil almışam. 2001-ci ildə Bakı İslam Universitetinə qəbul olub əyani şöbədə 5 il ali dini təhsil almışam. 2006-cı ildə tam kursu tərcüməçi (ərəb-fars dilləri üzrə), şəriət müəllimi, islamşünas, axund-imam ixtisasları üzrə bitirmişəm. Fərqləndiyimə görə universitet rəhbərliyinin rəyi ilə həmin məktəbdə 5 il Quran qiraəti, Azərbaycan dili və fiqh fənləri üzrə müəllim işləmişəm. 2011-ci ildə Bakıda yaşadığım halda Qazax rayonunun ucqar bir kəndinə heç bir maaş-məvacib, yaşayış yeri ilə təmin olunmadan məscid rəhbəri təyin olunmuşam. 8 aya yaxın öz gücümə işləmişəm. Sonra insafa gəlib durumumun həqiqətən də ağır olduğunu görüb geri çağırılmışam ki, Bakıda başqa işlə əvəz etsinlər. Lakin bu günədək məni aldadır-süründürürlər. Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Aşıqlar Birliyinin üzvüyəm. 2012-ci ildə Prezident təqaüdünə layiq görülmüşəm. 6 kitabım, minlərlə məqaləm dərc edilib, AMEA-nın dissertantıyam. Bir çox dövlət təltiflərinə layiq görülmüşəm. Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüyəm. “Dünyanın səsi press” və “Nöqtə” qəzetlərinin təsisçi-baş redaktoruyam. Amma 10 ilə yaxındır işsizəm. Qafqaz Müsəlmanları İdarəsi məni işlə təmin etməkdən imtina edir. Səbəb konkret olaraq dövləti və dövlətçiliyi dəstəkləməyim, islamı xarici agenturanın təbliğ etdiyi kimi yox, milli ənənələrimizə uyğun qəbul etməyimdir”.
Tural İrfan iddia edir ki, onun kimi dini obyektiv dərk edən və məzhəb təəssübkeşliyindən uzaq ilahiyyatçıları uzaqlaşdırıb yerinə öz adamlarını yerləşdirirlər:
“Belə tənqidlər yazanda da min cür qarayaxma və şər böhtana əl atırlar. 5 il boyunca 500 dollar təhsil haqqı ödəyib təhsil almışam, indi məni və məni kimiləri uzaqlaşdırıb xarici ölkələrin təsirində olanları məscidlərə doldururlar. Bu nə dərəcədə doğrudur? Hökumət bu haqsızlığı qəbul etsə də, Allah bu ədalətsizliyi qəbul etməz. Bu məsələyə aidiyyəti qurumlardan aydınlıq gətirilməsini istəyirəm. Dəfələrlə idarənin sədri ilə görüşüb dərdimi demək istəsəm də, bildiriblər ki, şeyx vətəndaşları qəbul etmir, dövlət rəsmilərindən fərqli olaraq qəbul günü də yoxdur. O, ancaq yüksək mənsəbli simalarla görüşüb, onları dinləyir. Çox qəribədir ki, nazirlər, ölkə rəhbəri cənab prezident belə vətəndaşlarla görüşür, onları qəbul edir, dərdlərini dinləyir, ancaq cənab şeyxin öz işçisi olmuş, İslam Universitetinin məzunu və müəllimi olmuş bir vətəndaşı illərdir qəbul etmir. Bu hansı qanuna uyğundur?! Allah tala gündə 5 dəfə bəndələrini qəbul edir və dinləyir. Peyğəmbər hədisində namazın Allahla görüş olması nəql edilib. Bildiyim qədər Roma Papası və digər dini rəhbərlər də bəndələrlə görüşürlər, hətta təvazökarcasına... Yüzlərlə ərizə və məktub yazdım, cavab da vermədilər. İmadəddin Nəsiminin " Çox dualər qılmışam Xaliqün dərgahinə, Çün muradım hasil olmaz, mən duanı neylərəm?!. "meyarı ilə" muradımın hasil olmadığına rəğmən daha ərizə də yazmıram. Məcbur oldum ki, müvafiq "dərgaha" mətbuat vasitəsi ilə xitab edəm, özü də orucluq vaxtı, bəndələrin hər gün Allahın qəbulunda olduğu zaman”.
Yeganə Oqtayqızı
Cebhe.info