Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

NAXÇIVANDAKI ERMƏNİ TƏXRİBATININ PƏRDƏARXASI

22-05-2018, 15:54   



NAXÇIVANDAKI ERMƏNİ TƏXRİBATININ PƏRDƏARXASI





Bu təxribat Ermənistan rəhbərliyinin göstərişi ilə baş verib və bir daha onu deməyə əsas verir ki, Qarabağ probleminin siyasi yolla həlli yoxdur

İrəvanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razı salmaq üçün genişmiqyaslı hərbi əməliyyatları bərpa etməliyik

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistan ordusu növbəti dəfə təxribata əl atıb. Qeyd edək ki, düşmənin təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə, o cümlədən xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Bu arada, virtualaz.org erməni kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Ermənistanın hərbi-siyasi dairələrə yaxınlığı ilə seçilən jurnalist Eduard Abramyan öz Twitter səhifəsində separatçı "Qarabağ özünümüdafiə ordusu”nun məruz qaldığı dəhşətli itki haqda məlumat yayıb. O, "Qarabağ ordusu”nun həmin döyüşdə 51 əsgərinin məhv edildiyini bəyan edib: "Azərbaycan diversiya qrupunun hücumu nəticəsində Qarabağ ordusu 51 əsgərini itirdi. Daha 35 erməni hərbçisi isə yaralanıb. Ermənistan hökuməti kütləvi etiraz aksiyalarından qorxduğu üçün bu məlumatı erməni xalqından gizlədir". Məsələnin maraqlı tərəfi isə ondadır ki, Azərbaycan Müdafiə Nazirliyi "RİA Novosti"yə "Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan - Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi güdür", deyə cavab verib. Nazirlikdən həmçinin, onu da qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar.

Ümumiyyətlə, son günlər baş verən olayların, Naxçıvana edilən səfərlərin xronoloji ardıcıllığına, o cümlədən orada səsləndirilən bəyanatlara diqqət yetirdikdə Azərbaycan Müdafiə Nazirliyinin haqlı mövqedə olduğu, yəni Muxtar Respublikada törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığı gün kimi aydın olur. Belə ki, mayın 18-də düşmən ölkənin müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətinə baş çəkib. Bu haqda özünün facebook səhifəsində məlumat verən Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan qeyd edib ki, düşmən ölkənin müdafiə və xarici işlər nazirləri operativ vəziyyətlə yerində tanış olduqdan sonra komandanlıqla bu istiqamətdə xidmət keçməyin xüsusiyyətlərini müzakirə ediblər. Onlardan iki gün öncə isə Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfər edib, bir sıra obyektlərin açılışında iştirak edib və muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusuna baş çəkib. Ölkə başçısı bəyan edib ki, Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş birləşməsi ən müasir silahlarla, güclü raketlərlə silahlanıb və düşmənin istənilən həmləsinin qarşısını almağa, uğurlu əks-həmlə həyata keçirməyə qadirdir. İlham Əliyevin məhz bu səfərindən sonra isə düşmən tərəfi ciddi şəkildə təlaşlanmağa başlayıb. Məsələn, erməni hərbi ekspert David Arutyunyan "Sputnik Armenia"ya açıqlamasında Naxçıvanla həmsərhəd Ermənistan ərazilərinin, o cümlədən paytaxt İrəvanın doğrudan da əlçatan olduğunu vurğulayıb: "Bakı birinci dəfə deyil ki, Naxçıvan ərazisindən Ermənistanı hədələyir. Orada raket sistemlərinin yerləşdirildiyi heç də dünən məlum olmayıb. Biz Azərbaycanın buradakı hərbi imkanlarını bilirik və onu da bilirik ki, Naxçıvanla həmsərhəd Ermənistan əraziləri, eləcə də paytaxt İrəvan doğrudan da əlçatandır".

Təbii ki, bütün bunlar bir daha onu güstərir ki, Ermənistan Azərbaycanın Naxçıvanda böyük hərbi qüvvə cəmləşdirməsindən ehtiyat edir. Təxminən, bu mövqedən çıxış edən analitik Elçin Mirzəbəyli axar.az-a açıqlamasında qeyd edib ki, Ermənistan hərbi birləşmələrinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən hərbi qulluqçumuzun şəhid olması düşmən ölkənin planlı şəkildə həyata keçirdiyi əməldir. Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusunun yerləşdiyini və bu ordunun ən müsir hərbi texnika, silah-sursatla təmin olunduğunu deyən analitikin sözlərinə görə, Silahlı Qüvvələrimizin arsenalında olan hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisində yerləşən istənilən hərbi təyinatlı obyekti sıradan çıxarmaq iqtidarındadır: "Naxçıvanın strateji mövqeyi və Əlahiddə Ümumqoşun Ordusunun hərbi-texniki potensialı Ermənistanın təhlükəsizlik baxımdan bizim üçün əhəmiyyət kəsb edən hava və quru məkanına tam nəzarət etmək imkanı verir. Silahlı Qüvvələrimizin arsenalında olan hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisində, o cümlədən paytaxt İrəvanda yerləşən istənilən hərbi təyinatlı obyekti sıradan çıxarmaq iqtidarındadır. Nəzərə alsaq ki, Naxçıvan şəhərindən İrəvana olan hava məsafəsi 132 km, sərhəddəki yüksəkliklərdən isə təxminən 60-65 km təşkil edir, o zaman Azərbaycanın muxtar respublikadakı hərbi potensialından Ermənistanın nə üçün ciddi narahatlıq keçirdiyini müəyyənləşdirmək olar. Naxçıvanda mütəmadi olaraq keçirilən hərbi təlimlər, yeni hərbi təyinatlı obyektlərin inşası da ermənilərin bu narahatlığını daha da artırır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, atəşkəsin Naxçıvan Muxtar Respublikasında pozulması heç də təsadüfi deyil. Onun fikrincə, Ermənistan rəhbərliyi Naxçıvanda təxribatı əvvəlcədən planlaşdırıb: "Naxçıvan istqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik. Bu təsadüfi deyil. Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə "reaksiya" verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar". Sözügedən hadisəni Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" kimi qiymətləndirən politoloq hesab edir ki, bunun qarşılığı artıqlamasıyla verilməlidir: "Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşlığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır".

Gördüyünüz kimi, Ermənistan rəhbərliyinin göstərişi ilə Naxçıvanda baş verən təxribat bir daha onu deməyə əsas verir ki, Qarabağ probleminin siyasi yolla həlli, yəni rəsmi İrəvanı danışıqlar masasına otuzdurub onu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razı salmaq üçün mütləq erməni daşqanları tərəfindən işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi əməliyyatları bərpa etməliyik. Çünki ötən hər gün münaqişənin həllini bir qədər də çətinləşdirir. Həmçinin, bu ərazidə ermənilərin Azərbaycansız yaşaması de fakto ölkəmizin ziyanına işləyən amildir. Problemin indiki formatda və indiki müstəvidə həlli isə mümkünsüz görünür. Unutmaq lazım deyil ki, ATƏT-in Minsk Qrupu qondarma Dağlıq Qarabağ Respublikasınının da danışıqlarda tərəf kimi iştirakının tərəfdarıdır. Həmsədrlər indiyədək bir neçə dəfə bu fikri açıq şəkildə səsləndiriblər. Düzdür, Kreml danışıqlarda üçüncü tərəf olaraq qondarma respublikanın iştirakını açıq şəkildə dəstəkləməsə də, dolayısı ilə erməni icmasının danışıqlara cəlb edilməsinin tərəfdarı kimi çıxış edir. Odur ki, rəsmi Moskva ermənilərin işğal etdikləri əraziləri asanlıqla geri qaytarmaq istəməz. Çünki işğal olunmuş ərazilərdən narkotik, silah qaçaqmalçılığı baxımından tranzit ərazi kimi istifadə edilməsində Rusiya kifayət qədər mənfəət əldə edir. Bu baxımdan, işğal olunmuş ərazilərlə bağlı hər hansı qərar verməzdən öncə mütləq yuxarıda sadalanan amillər nəzərə alınmalıdır. Odur ki, hərbi əməliyyatlara başlamazdan əvvəl rəsmi Bakı gərək öz beynəlxalq nüfuzunu maksimum artırsın, yəni Dağlıq Qarabağ məsələsində daha çox dövlətin dəstəyini qazansın. Ümumiyyətlə, artıq hər bir ölkə vətəndaşı qəbul etməlidir ki, torpaqlarımızın danışıqlar yolu ilə qaytarılması mümkün olan məsələ deyil. Yəni yeganə yol hərbi əməliyyatlara başlamaqdır.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar