Hurriyyet.org xəbər verir ki, son 200 ildə müharibələrdən kənarda qalmış, Şimali Avropa ölkəsi olan İsveçdə müharibə hazırlığı başlanıb. 4,8 milyon ailənin yaşadığı ölkədə hər bir ailəyə “Böhran və ya müharibə olarsa” adlı 20 səhifəlik kitabça paylanacaq. Öyrədici vəsaitdə müharibə, terror hücumu və təbii fəlakət zamanı nə etmək lazım olduğu yazılıb.
Bu, İsveçdə ilk dəfə II Dünya müharibəsi zamanı, sonra isə 1980-ci illərdə çap edilən kitabçanın yenilənmiş nəşridir.
Bu günlərdə İsveçin NATO sıralarına qoşulub-qoşulmaması məsələsi müzakirə edilir. İsveçin hava məkanı və sahil suları sərhədlərinin Rusiya tərəfindən pozulması halları ölkənin təhlükəsizliyi problemini aktuallaşdırıb.
Ölkədə 2010-ci ildə ləğv edilən icbari hərbi xidmət qanunun 2018-ci ildə yenidən qəbul ediləcəyi bildirilib. Bununla yanaşı, müdafiə büdcəsi 720 milyon dollar artırılıb və strateji Qotland adasına hərbçilər yerləşdirilib.
İsveçin müdafiə naziri Peter Hultqvist 2017-ci ilin may ayında CNN kanalına müsahibəsində ölkəsinin təhdid qarşısında olduğu ehtimalını nəzərdə tutaraq demişdi: “Rusiya rejimi siyasi məqsədlərinə çatmaq üçün hərbi qüvvədən istifadə eləməyə hazır olduğunu göstərdi”.
13 müxtəlif dildə hazırlanan kitabçalar 28 may-2 iyun tarixlərində paylanacaq.
Hurriyyet.org