Doğrudur, indi çoxları o film haqqında danışır. Kampaniyaçılıq təsəvvürü də var. O da həqiqətdir ki, çoxları “Qafqaz üçlüyü”nə baxmayıb, amma filmin ssenari müəllifi və prodüsseri Rüstəm İbrahimbəyovu sərt şəkildə qınayır. Mən də bundan əvvəl bir yazı yazmışdım, filmin sadəcə anonsuna baxdıqdan sonra. Amma ötən gün filmi izlədim və düşündüm ki, hələ az yazmışam, Rüstəm İbrahimbəyov daha sərt tənqidə haqq edib…
Səbəblərinə gəldikdə…
Film titrdəki aşağıdakı mətnlə başlanır:
“1988-ci ildə ərazi baxımından Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Vilayəti öz müstəqilliyini elan etdi. Nəticədə isə Azərbaycanla Ermənistan arasında hər iki tərəfdən minlərlə insanın həyatının itirilməsinə səbəb olan hərbi qarşıdurma baş verdi. Yüzlərlə insan öz evini tərk etdi, ailələr dağıldı... Hər iki tərəfin xalqı getdikcə bir-birlərinə daha çox düşməncəsinə yanaşırlar. Amma istisnalar da var...”
Yəni Rüstəm İbrahimbəyov Qarabağ məsələsindən bu qədərmi xəbərsizdir? İnanmaq olmur. Qarabağ separatçıları özlərinin oyuncaq qurumlarının “müstəqilliyini” 1991-ci ildən hesablayırlar, Rüstəm bəy onlara daha 3 il “hədiyyə” edib. Bu, heç. Qarabağ həqiqətlərindən bixəbər olan dünya tamaşaçısı bu sətirləri oxuyanda belə anlayacaq ki, burada nə Ermənistanın günahı var, nə erməninin, İrəvan da işğalçı deyil. İbrahimbəyov Şuşanı işğal etməkdən şərəf duyduğunu, Xocalını yer üzündən silməklə azərbaycanlılara dərs verdiyini açıq deyən serj sərkisyanları təmizə çıxartmağa cəhd etmirmi?..
****
“Qafqaz üçlüyü” Rusiya, Gürcüstan və Fransada çəkilib. Digər ölkələr məlum. Azərbaycanla bağlı kadrlarda arxiv materiallarından istifadə edilib. Amma görünür, kinorejissor Ermənistanı Fransa ilə əvəzləməyə üstünlük verib. Maraqlıdır, niyə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanla bağlı epizoda ehtiyac duymayıb? Bakıya gələn və burada “macəralarla üzləşən” ermənilərdən bəhs edən İbrahimbəyov qoy İrəvana da gedəydi, orda da bir azərbaycanlı “tapıb” ermənilərin ona münasibətini əks etdirəydi. Görüm tapa bilərdimi?
Bu ilin martında İrəvana səyahət edən cənubi azərbaycanlılar elə BBC-nin İrəvan müxbiri Aleksey Manvelyana nə demişdilər?
Sitat: “Bilsələr ki azərbaycanlıyıq, qibləmizi aşırarlar”. İranda yaşayan azərbaycanlılar belə, Ermənistana gəlməyin təhlükəli olduğunu demişdi və erməni jurnalist bunu dünyaya yaymışdı. Azərbaycana bu illərdə, hətta aprel döyüşlərindən sonra nə qədər erməni gəlib, hava limanında gül-çiçəklə qarşılanıb, erməni kilsəsinə gedib, bulvarda gəzib, Gəncədəki keçmiş evinə gedib, Rüstəm bəy bunlardan bixəbərdirmi?
Oğlunun ardınca “əzab-əziyyətlə” Bakıya gələn erməni Edik nədənsə Şəhidlər Xiyabanı tərəfdə peyda olur və oradan Bakını seyr edir gecənin yarısı. Görəsən, bu kadrları çəkərkən İbrahimbəyov Edikin dayandığı yerdə uyuyan şəhidləri xatırlayıbmı? Görəsən, düşünübmü ki, 100 il əvvəl də Bakı əhalisini doğrayıb, güllələyib Çəmbərəkənd qəbristanında quyulara dolduranlar ermənilər olub? Düşünübmü? Düşünübsə, onda bu nə filmdir?
****
İbrahimbəyovun filmlə bağlı tənqidlərə reaksiyasını oxudum. Kinorejissor iddia edir ki, “Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşqun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir”.
Bəli, Fərhad həqiqətən də vəzifəsi və az qala həyatı bahasına erməni dostuna yardım edir. Amma gəlin görək Fərhad kimin basqılarına məruz qalır? Bütövlükdə Azərbaycan cəmiyyətinin. Evinin qarşısında az qala terror törətmək istəyən etirazçılar, ondan vəzifəsini təhvil verməyi tələb edən rəsmilər…Bu ölkədə bir Fərhaddırmı ermənini düşmən saymayan? Kino məhz bunu iddia edir.
Bəli, bu illərdə qarşılıqlı itkilər olub, erməni anaları da gözüyaşlı qalıb, azərbaycanlı analar da. Amma tarixi həqiqəti ört-basdır etmək olmaz axı. Bu ədavəti kim salıb? Bu savaşı kim başlayıb? Azərbaycanlıları sonuncu nəfərinədək tarixi yurdlarından kim qovub? “Nobel” iddiasında olan adam heç olmasa həmsədrlərsayağı bərabərlik işarəsi qoysaydı, dərd yarı idi. Məsələ burasındadır ki, İbrahimbəyov erməniləri dağın başına qaldırıb, azərbaycanlıları isə dərənin dibinə yuvarlayıb film boyu. Bir Fərhad istisnadır...
****
Təsəvvür edin, filmin əvvəlində Rusiyada yaşayan erməni göz həkimi Edik xəstəsini müayinə edir, cərrahiyəyə ehtiyac olmadığını deyir, üstəlik, xəstənin müayinəyə görə pul təklifinə də qınayıcı reaksiya verir. Yəni erməni “mələk” rolunda...
Daha sonra həmin bu Edik oğlunun da rol aldığı tamaşanın biletini dostuna təqdim edir, üstəlik, tamaşanın müəllifi olan azərbaycanlı İbrahimovu da tərifləyir. Sonda tamaşanın yüksək səviyyədə qarşılanması da öz yerində. Yəni ermənilər vicdanlı həkim, sənətkar libasında təqdim olunur, onların pərəstişkarları da öz yerində. Azərbaycanlılar isə…yuxarıda qeyd etdiyim kimi, dəstə yığıb “erməni ovu”na girişiblər.
Hətta rusca danışan qocaya “Sən kimsən? Azərbaycanca danış” deyə, hücum edən “başıpozuq dəstə” kadrlarda yer alır. Absurddur! Azərbaycanda nə zaman kimisə rusca danışdığına görə döyüblər?! Bu gün Bakının mərkəzində az qala hər addımda biri rusca danışanlarla qarşılaşmırıqmı, məktəblərimizdə rus dilinin tədrisinə görə elə İbrahimbəyovun sığındığı Rusiyanın rəsmiləri dəfələrlə təşəkkür etməyiblərmi?!
Filmdəki digər epizod da xalqımıza qarşı həqarətdir. Bakıya, soyadını dəyişməyə gələn erməni gənc buradakı azərbaycanlılar tərəfindən təqib olunur, öldürülməklə hədələnir, itir, sonra quyudan tapılır. Guya quyunun başında dayanan uşaq “siz ermənilər bizim düşmənimizsiniz” deyib onun kəndirini kəsir. Məgər tarixən ermənilər biz türkləri quyuya salıb, diri-diri basdırmayıbmı? Bəs, Qubadakı soyqırım məzarlığında başında mismar olan türk uşaqlarını qətlə yetirənlər kimdir? Bəs, Şamaxı məscidinə insanları doldurub od vuranlar ermənilər deyildi?!
Bəs…Bütün dünya bilir ki, ermənilər öz körpələrinə də “türk sənin düşmənindir” təbliğatı aparırlar. Məgər İbrahimbəyov bunları bilmirdimi? Təbii ki, bilirdi. Belə olan halda azərbaycanlı uşağın “erməniyə nifrət ruhunda” böyüdüyünü nümayiş etdirməklə nə demək istəyib? Bəlli məsələdir. Ermənistan daim iddia edir ki, Azərbaycan məktəblərində uşaqları erməniyə nifrət ruhunda tərbiyə edirlər, “Qafqaz trio”su bu iddianın kino variantıdır.
Başqa bir epizod. Guya Edikin oğlu tapılır və hava limanına baş-gözü qanlı halda gəlir. Yəni azərbaycanlılar budur, dinc, günahsız insanın başına bu oyunları açırlar. O yerdə Qarabağdan, Ermənistandan ayaqyalın, başıaçıq didərgin düşən qız-gəlinlərimiz gözüm önünə gəldi. Kəlbəcəri ziyarətə getmiş Həsən Həsənovun güllələnməsini xatırladım. Azərbaycandan hansı erməni üz-gözü qanlı qayıdıb?
Hələ bu nədir ki? Guya Edik hava limanında ikən azərbaycanlı bir nəfər onu otağa çağırıb məhz erməni olduğuna görə (!) qarnına möhkəm bir yumruq ilişdirir. Ermənisə qıvrılaraq sadəcə onu xahiş edir ki, bu haqda heç kimə deməsin, ayıbdır. Və sonra da azərbaycanlı qocaya, oğlunun atalığına tibbi yardım göstərir bu humanist erməni həkim. Təyyarə uçmağa hazırkən Edik əyilib azərbaycanlının gözlərini müayinə edir, hətta yumruq zərbəsindən sonra. Rüstəm İbrahimbəyov bunları doğrudanmı bilməyərəkdən edib?
Ən asası. Film boyu azı üç epizodda Azərbaycan bayrağının tərsinə asıldığını müşahidə edirik. Rüstəm İbrahimbəyov bununla nə demək istəyir? Bayrağımıza məqsədli şəkildə həqarət edib, ya demək istəyir ki, bizim rəsmi qurumlar bayrağı necə asmağı bilmirlər? Məqsədsiz heç nə ola bilməz! Və belə bir adam, bayrağımıza, dövlətimizə, xalqımıza həqarət püskürən birisi Azərbaycan prezidenti (!) olmaq istəyirdi. Allah bizi hifz edib!
****
2017-ci ilin 19 mayında Rüstəm İbrahimbəyovla bir müsahibə-mübahisəmiz olmuşdu. Onda da milli məsələlərə biganəliyinin səbəblərini soruşmuşdum. Cavabında “Ay Paşasoy, sən bir az gülməli şeylər danışırsan e, bağışla məni...”, demişdi. Ola bilsin bu yazını da oxuyub güləcək, “ikinci dərəcəli hadisələrə” diqqət çəkdiyim üçün. Əslində isə gülməli heç nə yoxdur, “ikinci dərəcəli hadisələr”lə tamaşaçıya şüuraltı mesajlar verib kino. Bundan sonra nə izahat verir-versin ox yaydan çıxıb. Yeganə çıxış yolu “Qafqaz trio”sundan imtina olardı...Xalqı ondan imtina etməmiş...
Elşad PAŞASOY, musavat.com