Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

200 manatlıqlar: İqtisadiyyat üçün YENİ RİSK?

25-05-2018, 16:40   




Xəbər verdiyimiz kimi, Mərkəzi Bank yeni 200 manatlıq pul əsginaslarını dövriyyəyə buraxacaq.

Mayın 23-də Mərkəzi Bank mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirib.

Cəmiyyətdə dövriyyəyə yüksək nominallı valyutanın çıxarılması birmənalı qarşılanmadı. Bəzi ekspertlər hesab edir ki, bu zaman digər kiçik əsginaslar dəyərdən düşür. Bu isə, növbəti inflyasiyaya səbəb ola bilər. Bir qrup ekspertlər isə hesab edir ki, Mərkəzi Bankın həyata keçirdiyi siyasət nə inflyasiya, nə devalvasiya yaradır. 200 manatlıq nominalların dövriyyəyə buraxılması inflyasiyaya çox da təsir etməyəcək. Hazırda inflyasiyanın tənzimlənməsi üçün digər faktorlar daha güclüdür.

Maraqlıdır, iri nominallı əsginasın dövriyyə buraxılmasının hansı müsbət və mənfi tərəfləri var?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında, cəmiyyətdə səslənən hər iki tərəfin fikirlərilə razı olduğunu bildirib:“Bu məsələdə cəmiyyətdə hər kəs öz prizmasından çıxış edir. İri nominallı əsginasın dövriyyə buraxılması inflyasiyaya şərait yarada bilər. Amma bazar münasibətlərinin müddəaları düzgün və beynəlxalq standartlara uyğun müəyyənləşmiş çərçivədə həyata keçirilsə, şübhəsiz ki, inflyasiyanın qarşısı alına bilər. İri nominallı əsginaslar bir çox nağd ödənişlərdə, eləcə də ticarət əməliyyatlarında bəzi hallarda likvidlik yarada bilir. Yəni, biznesdə, iqtisadiyyatda yaxud investisiya proseslərində aktivləri bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez satıla bilmə qabiliyyəti yaradır. İri nominallı əsginasın dövriyyəyə buraxılması, həm müsbət, həm də mənfi fon yarada bilər. Mənfi fonun yaranmaması üçün bu sahədə səliqəli işlər görülməlidir. Əgər 200 manatlıq nominalın buraxılması bazar münasibətlərdə gizli iqtisadiyyatın formalaşmasına təkan verirsə, sahibkarlıq sinfinin inkişafının qarşısını alırsa və sair problemlər yaranırsa, o zaman 200 manatın buraxılması şübhəsiz ki, qısa zamanda iqtisadiyyata mənfi təsir göstərəcək. Bu əsginası dövriyyəyə buraxaraq bazar münasibətlərini, eləcə də sadalanan problemlərin aradan qaldırılması istiqamətində işlər görürüksə, şübhəsiz ki, bu, ölkə iqtisadiyyatına müsbət effekt verəcək. Bu isə birmənalı olaraq bizim idarəçilik qabiliyyətimizdən asılıdır. Prosesləri mənfi fona da yönəldə bilərik, müsbətə də”.

Ümumiyyətlə, iri nominallı əsginasın dövriyyə buraxılması mövcud reallıqda Azərbaycan iqtisadiyyatının böyüməsinə, yoxsa əksinə xidmət edəcək?

İqtisadçı hesab edir ki, iri nominallı əsginasın dövriyyə buraxılması iqtisadiyyatın böyüməsinə, eləcə də kiçilməsinə çox az təsir edir: “İqtisadiyyatın kiçilməsinə və böyüməsinə təsir edən amillər başqadır. İqtisadi nəzəriyyə ilə götürsək toxunduğumuz problem ən sonda gələn məsələdir ki, onun da iqtisadi daralmada xüsusi çəkisi çox az ola bilər. Bu, qlobal problem deyil. Hesab edirəm ki, iri nominallı əsginasın Azərbaycan iqtisadiyyatına mənfi təsiri olmamalıdır. 2015-ci ildə ölkə böyük bir problemlə üzləşdi. Çünki vəziyyəti düzgün qiymətləndirməmişdik. Diqqət edək, ABŞ-da 100 dollardan yuxarı dövriyyədə nominal pul vahidi yoxdur. Ancaq Avropada dövriyyədə 500 avroluq pul vahidi var. Nə Avropa iqtisadiyyatı iri nominallı əsginasdan əziyyət çəkir, nə də ABŞ xırda nominallı əsginasdan əziyyət çəkir. Burada söhbət səlis idarəetmə qabiliyyətindən gedir. Düzgün idarəetmə olandan sonra, 10 00 manatlıq nominal da  buraxmaq olar”. 

Yeganə Oqtayqızı

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar