Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi,
10 yanvar 2019-cu il
Prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtona döndü. Regiondakı səfəri davam edən Pompeonun mesajları bura çatdırıldı.
ABŞ-ın milli təhlükəsizlik icması təcili olaraq yeni Türkiyə strategiyası işləyib hazırlamanın vacib olduğunu gördü.
Bu icma, Ərdoğanla Tramp arasında gözlənilən telefon danışığı baş tutmadan, Türkiyəyə yönəlik yeni baxış bucağı formalaşdırmağın lazım olduğunu görür.
Bolton Ankara səfərində Türkiyənin qırmızı xətlərini dəqiq gördü. Yeni yanaşmaya ehtiyac olduğunu və bu işi əvvəlki mövqelərlə davam etdirə bilməyəcəklərini anlamış durumdadır.
Tramp onsuz da bu fikirdə idi.
Yəni anlayacağınız odur ki, ABŞ, Suriya əsas götürülməklə, Türkiyə ilə bağlı yeni yanaşmalar formalaşdırma mərhələsindədir. Burada Ağ Evin də Prezident Trampın Ərdoğanla telefon danışığından öncə (müvafiq qurumlardan – tərc.) dəqiq fikirlər istədiyi bildirilir.
Bu yeni yanaşma formalaşdırılarkən ABŞ-ın milli təhlükəsizlik icmasının əlində olan mövcud durum haqqında hesabat belədir. Bu hesabatın son dərəcə realist olmasına və içində ABŞ-la bağlı sərt tənqidlərin də olmasına təəccüblənməyin. Kəşfiyyatçılar bu şəkildə düşünməyə və həqiqətləri söyləməyə məcburdurlar. Onlar uğurun yalnız belə davranıldığı halda gələcəyinə inanırlar.
Mövcud durum təsbiti
- Həm ABŞ, həm xüsusi təyinatlı qüvvələri ilə Şimali Suriyadakı Amerika bazalarında yerləşmiş İngiltərə, həm də kəşfiyyatçıları ilə orada olan Almaniya regionda Türkiyəyə rəğmən, hər hansı bir addımın atıla bilməyəcəyini qəbul edir.
- Qərb dövlətləri regionda hüzuru təmin etmək üçün ortaq olaraq terrorçu elan edilmiş PKK ilə əlaqəli olduğu məlum olan PYD/YPG kimi asimmetrik hərbi gücə güvənilməməsinin lazım olduğu haqqında danışmağa başladılar. Regionda nizam yaratmaq üçün Türkiyə kimi ikinci ən böyük NATO gücünə, köklü dövlət strukturları olan sağlam bir demokratiyaya ehtiyac var.
- ABŞ regionda “xilas etdim” dediyi yerlərdə böyük dağıntılara yol açdı. İndi də o dağıntıları ortadan qaldıra bilmir. Türkiyə isə hər bir əməliyyatı mümkün olan ən az dağıntı ilə həyata keçirdi, mülki əhalini də qorudu. Türkiyə əməliyyatlar bitdikdən sonra həmin bölgələrdə yenidənqurma fəaliyyətlərinə başladı, sosial həyatı da sürətlə bərpa etdi. Ona görə Türkiyənin bölgədə əhali arasında, PKK-ya yaxın olanlar istisna olmaqla, böyük nüfuzu var. Bu səbəblə Suriyada konstitusiyanın yazılması mərhələsində və ondan sonrakı yenidənqurma prosesində Türkiyənin aktiv iştirakı olmadan müvəffəqiyyətin əldə edilməsi mümkün deyil.
- Türkiyənin Şimali Suriyadakı kürd əhali ilə bir problemi yoxdur. Bu, bir yana, bölgənin gənc kürdləri türklərin orada qurduğu universitetlərə gedir, xəstəxanalarda müalicə alır və qaçqınlara yanaşmasına görə türklərə simpatiya ilə yanaşırlar. Bu əhali əslində YPG-ni, onun marksist siyasətlərini istəmir.
- Türkiyə YPG ünsürlərinin kürd əhalinin içindən ayrılaraq seçilə biləcəyini, bunun mümkün və həmən edilməsi lazım olan bir şey olduğunu düşünür.
- ABŞ-ın Suriyadan nizamlı, koordinasiyalı və zamana yayılmış geri çəkilmə planının içinə yubadılmadan bu ayırma proqramı da daxil edilməlidir.
- Türkiyənin milli təhlükəsizlik siyasəti terrorçu ünsürlərin öz sərhədinə yaxın bölgələrdən uzaqlaşdırılmasına söykənir. Əgər ABŞ, YPG/PYD ünsürlərini Türkiyə sərhəddindən 40 km-ə qədər cənuba çəkə bilərsə, onun keçirəcəyi əməliyyata ehtiyac da qalmaya bilər. Beləliklə, ABŞ-ın daha öncə təhlükəsizlik təminatı verdiyi YPG gücləri sərhəddən uzaqda yerləşən bir bölgəyə çəkilmiş olar və Türkiyə ilə əlaqələri kəsilər.Bu güc gələcəkdə İraqdakı ABŞ hərbi bazalarındakı güclərlə əlaqəli şəkildə cənubda İŞİD ünsürlərinə və İran milislərinə qarşı əməliyyatlar keçirmək üçün istifadə edilə bilər.
- Bu proseslərə start verildikdə, daha öncə buna ilkin razılıq verən Putinlə Tramp arasında danışıqların olması və müəyyən bir mərhələdə hər iki liderlə dialoqu davam etdirən Ərdoğanın da bu prosesə daxil olması, bu üçlü zirvənin bölgəyə qalıcı nizam gətirməsi üçün çalışması təmin edilməlidir.