Azərbaycanda əmək və əlilliyə görə pensiya alanların sayı 1,3 milyondan aşağı düşüb.
Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına əsasən, 2019-cu ilin əvvəlində ölkədə 1 milyon 299,5 min pensiyaçı olub. Bu, ümumi əhalinin 13,2%-ni təşkil edir. 2018-ci ildə təqaüdçülərin sayı 20,9 min nəfər azalıb. Təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 222,6 manata çatıb. Qeyd edək ki, 2018-ci ilin əvvəlində ölkədə pensiyaçıların sayı 1 milyon 320,4 min nəfər olmaqla, ölkə əhalisinin13,5 faizini təşkil etmişdi. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 205,5 manata çataraq orta aylıq əməkhaqqının 38,9 faizini təşkil etmişdi.
Əlavə edək ki, ölkədə 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilib və onların dərhal ləğv edilməsi həyata keçirilib. Həmçinin, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür. S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son altı ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O, bildirib ki, əsassız əlillik verilməsinin ləğv edilməsi nəticəsində 3 mln. manat dövlət vəsaitinə qənaət olunub.
Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.
Daha sonra isə nazirin bu açıqlaması müzakirələrə səbəb olub və əsassız əlillik təyin edilən şəxslərdən ödənişlərin necə geri qaytarılması suallar doğurub. Bu barədə yerli mediaya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmləri var:
“Bu, həm yanlışlığa yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir. Belə ki, yanlış əlillik təyinatına bilərəkdən yol verdiyi təsdiqini tapan vəzifəli şəxslərə həmin vəsaitlərin büdcəyə qaytarılması öhdəliyi tələb kimi qoyulur. Digər hallarda, yanlış əlilliyə görə pensiya və ya sosial müavinət almış şəxslərə ödənilmiş bu vəsaitləri büdcəyə qaytarmaları barədə rəsmi məktubla müraciət olunur. Əksər hallarda bu vəsaitlərin könüllü qaydada ya birdəfəlik, ya da hissə-hissə olmaqla büdcəyə qaytarılması təmin olunur. Bir sıra hallarda isə məhkəmə qaydasında bu məsələlər həll edilir və vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir”.
F.Talıbov əlavə edib ki, yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitinin ünvansız xərclənməsinin qarşısını alıb və təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyatı sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib”.
Mövzu ilə əlaqədar olaraq “Cümhuriyət”in suallarını cavablandıran Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, yaş həddi artdıqca pensiyaya çıxanların sayı ilbəil azalacaq və bu, 65 yaşa qədər davam edəcək:
“Təbii ki, bu gələcəkdə pensiya alanların ümumi sayına təsir edəcək. Baxmayaraq ki, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda pensiyaçıların sayının 2030-cu ilə qədər təqribən iki dəfə artacağı göstərilib, ancaq bu son reformadan sonra belə bir artımın baş verməsi çətindir.
Əmək və əlilliyə görə pensiya alanların içərisində çox az qismə - 1055 nəfərə əsassız əlillik təyin edilməsi aşkar edilib və onlara verilən ödəniş dayandırılıb. Bu isə, ümumi statistikaya təsir etməyəcək rəqəmdir”.
Müasir dünya artıq bundan istifadə etmir
S.Məmmədov qeyd edib ki, əlilliyin təyin olunmasında indiyədək çox ciddi qüsurlar olub və bu, tək nazirin dediyi kimi, saxta yolla alınma ilə bağlı deyil: “Ümumiyyətlə, əlilliyin müəyyən olunma kriteriyaları var. Korrupsiyanı və saxta sənədləri kənara qoysaq da, burada kriteriyaların tətbiqi zamanı o qədər subyektiv faktlar var ki, əlilliyin təyini ilə bağlı qəbul olunan qərarlar ya ümumi sayı süni artırır, ya da əksinə xəstə olanlar əlilliyi ala bilmir. Nə qədər insanlar var ki, onlar real olaraq əlildirlər, ancaq pensiyanı ala bilmirlər.
Ona görə də, ilk növbədə, əlilliyin müəyyən olunma kriteriyaları dəyişdirilməlidir. Ümumiyyətlə, bizdə Sovet dövründən qalma əlillik dərəcələri - I, II, III qrup var ki, müasir dünya artıq bundan istifadə etmir. Bu kriteriyalar dəyişməyənə və şəffaf sistem qurulmayana qədər bu proses həllini tapmayacaq”.
Əlilliyin təyin olunması iki nazirliyin işidir
Sədr, həmçinin bildirib ki, bu prosesdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iştirak etmir:
“Burada əlillik alınması üçün stasionar müalicədən keçirilən xəstəxanalar Səhiyyə Nazirliyinə aiddir. Beləliklə, əslində bu proses iki nazirliyin işidir.
Ola bilsin ki, nazirlik məsələ ilə bağlı qətiyyətlə mübarizə aparsın və saxta yolla təyinatların qarşısını alsın, ancaq bu kriteriya və dərəcələrlə təyin etmənin özü qüsurlu olduğuna görə, bu bütövlükdə problemi həll edə bilməyəcək. Məsələn, iş yerində peşə xəstəliklərinin nəticəsində əlil olma və ya istehsalatda bədbəxt hadisə nəticəsində əlillik əldə etməkdə də uzun müddət saxtakarlıq olub. Mən özüm yeraltı işlərdə işləmişəm və görmüşəm ki, nə qədər insana saxta yollarla bunu düzəldiblər. 10, 20, 30 il əvvələ aid olan saxtakarlıqları edən insanlara isə indi heç nə etmək mümkün deyil”.
Sağlamlığını itirmiş şəxslər əlilliyi asan yolla ala bilərlər
S. Məmmədov mövcud vəziyyəti tənzimləmək üçün atılmalı olan addımları sıralayıb:
“1. Şəffaflıq yaranmalıdır,
2. Mükəmməl prosedurlar yaranmalıdır,
3. Qanunvericilik təkmilləşdirilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.
Bütün bunlardan sonra isə yaxın 5-10 il ərzində tənzimlənmələrin necə getməsi bəlli olacaq. O zaman sağlamlığını itirmiş şəxslər əlilliyi asan yolla alacaqlar, qalanları isə bunu ala bilməyəcəklər. Mən nazirliyin istəyini alqışlayıb və başa düşürəm. Həmçinin, mən bilirəm ki, onlar əhalidən gizlətsə də, bununla bağlı olaraq normativlər hazırlayırlar. Bu normativlərin hazırlanmasının isə təxminən texnologiyasını bilirəm. Bildirim ki, nazirliyin əməkdaşlarının potensialı daha mükəmməl sənəd hazırlamağa kifayət etmir, çünki orada güclü mütəxəssislər yoxdur. Onlar ya geniş ekspert kütləsinin köməyi, ya da lazım gəlsə, xarici təcrübənin öyrənilməsi yolu ilə yeni kriteriyalari hazırlamalıdırlar”.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib. Ölkədə 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq. 1 iyul 2019 - 30 iyun 2020-ci il tarixlərində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.
Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.
Hicranə İsmayılova
Cebhe.info