Mağazalar şəbəkəsində brend adı ilə satılan məhsulların bir hissəsi “Binə” Ticarət Mərkəzindəki sexdə hazırlanırmış!
Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxslərinin həbs edildiyi məlum olub. Bu haqda afn.az-a məlumat verən mənbə bildirib ki, həbslərə səbəb mağazalar şəbəkəsində satışa saxta etiketlərlə mal çıxarılmasıdır.Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış: “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.
Özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım isə xəbəri təsdiqləsə də, mediaya ətraflı məlumat verməkdən imtina edib. O, bildirib ki, bu işə kənardan rəhbərlik edir: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam, gəlib haqq-hesabımızı çəkəcəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.
Mətbuata məlumat verən mənbə isə Aybəniz xanımın sadəcə işlərin başında dayandığını, mağazalar şəbəkəsinin əsl sahibinin kişi olduğunu söyləyib. Ancaq onun kimliyi haqda məlumat verilməyib.
“AzPolitika.info” həm mağazalar şəbəkəsinin əsl sahibləri, həm də bu həbsin təfərrüatları ilə bağlı əlavə məlumatlar əldə edib. Özəl mənbələrdən saytımıza verilən məlumatlarda hüquq-mühafizə orqanlarının “Lady Sharm”da uzun illərdir baş verən bir çox cinayət faktlarını ortaya çıxardığını bildirilir.
Bu məlumatlara keçməzdən əvvəl qeyd edək ki, “Lady Sharm” şirkətinin özü ilə bağlı yaydığı məlumata görə, 1998-ci ildən etibarən topdan geyim mağazası kimi fəaliyyətə başlayıb. 2012-ci ildən etibarən öz mağazalar şəbəkəsini yaratmağa start verib. Əvvəlcə 2 mağaza ilə fəaliyyətə başlayan “Lady Sharm” şirkəti qısa bir zamanda inkişaf edərək artıq 2014- cü ildə paytaxt ərazindəki mağazalarının sayını 12- yə çatdırıb.