Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qərarla məktəblər də, bağçalar da bağlana bilər, əgər…”- BAŞ İNFEKSİONİST

4-02-2019, 15:56   


“Qərarla məktəblər də, bağçalar da bağlana bilər, əgər…”- BAŞ İNFEKSİONİST

Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (“donuz qripi”) yoluxma vəziyyətini öyrənilib. 

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, müəssisələrdə belə faktlar qeydə alınmayıb. Hər iki xəstəliyin yoluxma riskini nəzərə alsaq, orta məktəblərdə də bununla bağlı monitorinqin aparılmasına ehtiyac yaranır. Maraqlıdır, Təhsil Nazirliyi  öz müəssisələrində monitorinq aparılmasını nəzərdə tuturmu? Yaxud bununla bağlı aidiyyatı qurumlara müraciət edibmi? 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Cebhe.info-nun sorğusuna bu dəfə də ənənəvi cavab verib. O, məktəblərdə monitorinq aparılması məsələsinin onların səlahiyyətində olmadığını deyib: “Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Bununla bağlı Səhiyyə Nazirliyi cavab verə bilər”. 

Nazirliyin baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında  məktəblərdə monitorinqə ehtiyac olmadığını vurğulayıb. Baş infeksionist deyib ki, hər 100 min nəfərə 450-500 nəfər xəstələnmə hadisəsi qeydə alınırsa, bu, epidemiya hesab olunur: “Epidemiya bir qədər də təhlükəli xarakter alarsa, təbii ki, qərarla məktəblər də, bağçalar da bağlana bilər. Bu hal bizdə yoxdur. Qriplə xəstələnmə halının artması rəsmi təsdiq olunarsa, o zaman dərslərin dayandırılması məsələsi gündəmə gələ bilər”. 

Baş infeksionist əslində bağçalarda qızılca ilə bağlı yoxlamaların aparılmasına gərək olmadığını deyib: 

“Qızılca belədir ki, o dəqiqə əlaməti hiss olunur. Valideyn narahat olub həkimə müraciət edir və beləliklə uşaq qeydiyyata düşür. Qriplə bağlı monitorinq olunsa, gərək hamımız qeydiyyata düşək. Çünki hamımızda respirator, zökəm əlamətlərinə keçən xəstəlik var. Buna da qrip demək olmaz. 200-ə yaxın virus var ki, qripi xatırladır. Hər bir xəstələnən adamı qripə yoluxan kimi yoxlasaq, görün nə qədər vəsait tələb edir. Əsasən ağırgedişli insanlar müayinə olunur ki, bunu törədən xəstəliyi müəyyənləşdirə bilək. Amma hələlik Azərbaycanda ağırgedişli xəstəliyə yoluxma aşkar olunmayıb. Təbii ki, infeksiyanın istəniləni təhlükəlidir, amma özümüzü qorusaq, təhlükə törətməz. Xəstələndiyimiz müddət ərzində yalnız və yalnız yataq rejimində olmalıyıq. Valideynlər xüsusilə diqqətli olmalıdır, respirator virus infeksiyası olan uşaqlar məktəbə getməməlidirlər. Evdə təcrid şəraitində müalicə olunmalıdırlar. Lazım gələrsə, sahə həkimi çağırsınlar. Çünki belə uşaqlar dərsə gedəndə həm özlərinin təhlükəlilik dərəcəsi yüksəlir, həm də ətrafdakı uşaqların yoluxmasına səbəb olur”. 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar