Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zəlzələ ilə bağlı mətbuat konfransı keçirilib: "Təkrar zəlzələ ola bilər, ancaq..."

6-02-2019, 16:58   


Qurban Yetirmişli: “Dünən baş verən zəlzələdən sonra təkrar zəlzələlər qeydə alına bilər. Lakin 6 bal gücündə təkrar zəlzələnin olması gözlənilmir”

“Dünən saat 23:31-də baş verən zəlzələnin maqnitudası və yeri barədə dəqiq məlumat verə bilməzdik. Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gecə baş vermiş zəlzələ barədə keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, dünən saat 23:21-də İsmayıllı və Şamaxı rayonlarında ard-arda zəlzələ baş verən ərazidə gərginliyin olduğu məlum idi: "Həmin ərazidə gərginlik həmişə var. 2018-ci ilin seysmik xəritəsində həmin bölgə ən aktiv zona kimi müəyyən edilmişdi. Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil. Dünən insanların hadisə zamanı qaçarkən xəsarət alması əhalinin buna hazır olmadığını göstərir”.

Q.Yetirmişli qeyd edib ki, ötən gün Azərbaycan ərazisində iki hiss olunan zəlzələ baş verib: “Ondan əvvəl Lerikdə 3 bala qədər hiss olunmayan zəlzələ olmuşdu. Birinci zəlzələnin maqnitudası 4.4 bal idi, qırılma boyu həmin əraziyə 3 km məsafədə maqnituda 5.2 bal idi, bu da 6 bal gücünə uyğun gəlir. Bu zəlzələ cənub-qərb bölgəsi üçün xarakterik idi. Bu ərazidə zəlzələ 8, 10 və 12 km dərinlikdə baş verib. İkinci təkan insanları təlaşa salmışdı, evlərdə çatlar əmələ gəlmişdi”.

Baş seysmoloqun sözlərinə görə, təkrar afterşoklar baş versə də, bu hiss olunmayacaq: “Zəlzələ ocağındakı prosesləri, ocaqdakı vəziyyəti düzgün araşdırmaq üçün əlavə mobil stansiyalar quraşdırılıb. Afterşokların hansı istiqamətdə miqrasiya etməsini araşdırmaq üçün tədqiqatlar aparırıq. Dünən baş verən zəlzələdən sonra təkrar zəlzələlər qeydə alına bilər. Lakin 6 bal gücündə təkrar zəlzələnin olması gözlənilmir”.

Nərgiz, 
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar