Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABSURDİSTAN: Talıbovun bisavadlığı, Çovdarovun mülkləri və Üzeyir bəyə atılan ayaqqabılar...

5-01-2023, 10:36   





Azərbaycan öz absurdları ilə 2023-cü ilə qədəm qoydu. Vaxtilə Absurdistan adlı film çəkiləndə bu ölkəni düzgün təsvir etmişdilər. Bəs, deyə bilərsiniz ki, bunu nəylə izah edərdiniz... Gəlin, Azərbaycanın absurdlar məmləkəti olduğunu çox uzağa getmədən yaxın keçmişdən görək: baxın, biz hansı quruluşda, hansı ətalət mühitində yaşayarıq ki, burada Fəzail Ağamalı Vasif Talıbova tarixdən dərs deyərkən onun zəif şagird olduğunu xatırlayır. Axı nə əlaqəsi? Yaxşı, cənab deputat bunu niyə 1 il əvvəl yox, indi dilə gətirirsiniz? Deməli, qorxurdun, icazə verilmirdi, indisə yıxıb-sürümək azadlığın var... Eyni absurdizmi deputat Etibar Əliyevin timsalında görmək olar - Ali Məhkəmə hakiminin diplomunun saxta olduğunu bəyan edir. Ali Məhkəmə də yada salır ki, vaxtilə həmin hakim deputatın xahişi əsasında məhkəmə qərardadı çıxarıb. Və yenə "nervi"dən adamı gic gülmək tutur ki, hakimin diplomunun saxta olduğunu iddia edən deputatın öz mandatı necə, saxtadır, yoxsa halal seçici səsinin hədiyyəsidir...?
Bizə bir absurdlar ölkəsi göstərin desəniz, yenə yaxın tarixə baş vurmalı oluruq: başkəsən, quldur, odioz general, xalqın malını yeməklə, sahibkarın başına torba keçirib milyonlarını əlindən almaqla, Tağı Əhmədovu soymaqla biznes, mal-mülk yiyəsi olmuş Eldar Mahmudovun sağ əli Akif Çovdarovun mülkləri özünə qaytarılır. Yaxşı ki, bəraət verilməyib. O halda Səlim Müslümovu, neçə-neçə icra başçılarını, vəzifəli şəxsləri həbsdə saxlayırlar? Onların cinayəti hər halda Çovdarovun etdikləri qədər deyil.
Və normal insan cəmiyyətdə bu halları görəndə havalanmalıdır, Azərbaycan xalqı isə dözümlü olduğu üçün bu qulağından verib o birindən buraxır. Yoxsa total ədalətsizlik, məmur haqsızlığı və hüquqsuzluq hökm sürən ölkədə AzTV başqa dövlətlərdə insan haqlarının pozulmasından süjetlər təqdim edirsə, bunu Absurdistan sakinləri yalnız acı gülüşlə qarşılaya bilərlər. Bax, belədir bizim ölkənin halı, cənablar və xanımlar... Əgər xarici ölkələrdə əcnəbi dostlarınız varsa, onlara deyin ki, gəzməyə qərib ölkə ola bilər, amma ölməyə də, gülməyə də vətən yaxşıdır. Çünki bizim deputatımızdan nazirimizə, generalımızdan məmurumuza qədər hamısı xalqı ələ salırlar. Misal üçün Tərtər işi üzrə tutulmalı və cəzalanmalı olanlar, yüksək vəzifədən çıxarılmalı şəxslər azadlıqda gəzir, amma ili çıxmamış mədəniyyət nazirini yola salırlar, hansısa rayonda idarə müdirinin müavini 3 min manata görə həbs edilir, yəni bir az pulun olsa, yaşamaq üçün çox maraqlı ölkədir, bax, gül, vecinə alma...amma bizim dostların dünəndən bəri bir təəccübünə təəccübləndim - Çovdarovun mülkləri qaytarılan ölkədə dahi Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atılmasını niyə qeyri-adi qarşıladınız??? Bu ölkədə çoxdan bütün dəyərlər ayaqlar və ayaqqabılar altına alınıb. Əslində Üzeyir bəyə və onun xalqına ayaqqabı Çovdarovun mülkləri qaytarılanda, Talıbov 27 il Naxçıvana rəhbərlik edəndə atılmışdı.... Gülümsəyin, cana xeyirdir!

Azər Talıbov

Anaxeber.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar