Səfirliyimizə xain terror hücumu - İranın düşmənçiliyi “qırmızı xətt”i keçdi

28-01-2023, 09:42   


Azərbaycandan sərt reaksiyalar; Tehrandakı səfirliyin fəaliyyəti dayandırıldı; Bakıdakı səfir XİN-ə çağırıldı; Prezident: “Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik”

Yanvarın 27-də, səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyində törəsdilən terror aktı hamımızı sarsıtdı. Məlum olduğu kimi, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyətinin qənaətbəx olduğu bildirililir.

Məlumata görə, səfirliyimizə hücum edən şəxs saxlanılıb. Yasin Hüseynzadə İran vətəndaşıdır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid elan edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sonunda qeyd edilib.

Prezident İlham Əliyev: Bu terror aktının tezliklə araşdırılmasını və  terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik

Prezident İlham Əliyev 27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktı ilə bağlı paylaşım edib. Dövlət başçısının “Twitter” hesabındakı paylaşımında deyilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da Tehranda səfirlik əməkdaşının ölümü ilə bağlı başsağlığı verib. Paylaşımda deyilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”

Birinci vitse-prezident Mehriban Əliyeva Tehranda səfirlik əməkdaşının  ölümü ilə bağlı başsağlığı verib - Naxçıvan TV

Baş vermiş hadisə dövlətimiz və xalqımızda kəskin qəzəb doğurub. Əksər müşahidəçilərin mövqeyi bundan ibarətdir ki, İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. Odur ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Yaxın onilliklərdə İran tərəfindən hücuma məruz qalmış səfirliklər, konsulluqlar, beynəlxalq nümayəndəliklər, xarici vətəndaşlarla bağlı faktlara diqqət etsək, mənzərə aydın olar. Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ABŞ-ın İrandakı səfirliyinə hücumu xatırladır. 1979-cu ildə iranlı gənclər səfirliyin 52 əməkdaşını 444 gün girov saxlamışdılar. Məhz həmin hücum ABŞ-İran münasibətlərində uçurum yaratdı və bu günədək gərginlik davam edir.

Onu da qeyd edək ki, səfirliyin mühafizəsi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi planı icra olunacaqdı. Həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hər hansı operativ addımların atılması müşahidə olunmur.

Dünən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu xüsusda İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub. Görüşdə habelə son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.

Seyid Abbas Musəvi Azərbaycana gəlib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib. O, görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.

Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqla gəlməsi və s. bu kimi yalan məlumatlar yayır. Halbuki videokadrlardan da görünür ki, orada hər hansı uşaqdan söhbət gedə bilməz. İranın xüsusi xidmət orqanları hadisəni az qala məişət müstəvisinə keçirməyə çalışır. Guya ki, silahlı hücumu “arvadını səfirlikdən aparmaq istəyən ər” həyata keçirib. Amma təkcə İran polisinin silahlı şəxsi görməzdən gəlməsi, hətta onun silahla içəri keçməsinə az qala adi hadisə kimi yanaşması, iğtişaşlar dövrünü yaşayan ölkənin paytaxtında səfirliyin mühafizəsinə səthi yanaşılması şübhələri dərinləşdirir. 

Çavuşoğlu Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumu pisləyib

Hadisə ilə bağlı reaksiyalar gəlməkdədir. İlkin reaksiya qardaş Türkiyədən gəlib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramova zəng edib. Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyərək ölkəmizə başsağlığı verib.

Cahit Bağcı: "Beş il əvvəl Türkiyədə vətəndaş müharibəsi başlaya bilərdi" |  Report.az

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib. Diplomat tvitterdə yazıb: “Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk. Yaralananlara təcili şəfalar diləyirəm”.

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın Tehrandakı diplomat nümayəndəliyinə hücumu faciəvi insident adlandırıb. “ABŞ səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfirliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir. İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə baş sağlığı verir və yaralananlara şəfa diləyirik”, - açıqlamada vurğulanır.

“İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı yaydığı bəyanatda qeyd edilib. Bildirilib ki, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb: “Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”.

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm”.

Bunu isə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə yazıb. “Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm”, - o vurğulayıb.

İrandakı səfirliklərə hücum rejimin istəyi ilə baş tutur. Bunu isə ABŞ Milli Təhlükəsizlik Komitəsinin keçmiş üzvü Mayk Doran tvitter səhifəsində yazıb. “Əsas qayda: İrandakı səfirliklərə hücumlar rejim istəmədikcə baş vermir”, - Doran bildirib.

Azərbaycanın İrandakı səfirliyinə qarşı rüsvayçı hücuma son günlər baş verən hadisələr kontekstində baxmaq lazım gəlir. Bu terror İsrail səfirlərinin Bakıdakı görüşü və Azərbaycanın İsrailə səfir təyin etməsinə cavab ola bilər.

Azərbaycanın İrandakı səfirliyinə hücum: "mühafizə rəisi öldürülüb" - BBC  News Azərbaycanca

Axar.az xəbər verir ki, bu barədə “Xazarskiy Vestnik” məlumat yayıb.

“Terror aktının məqsədi rəsmi Bakıya Azərbaycanın Təl-Əvivdəki səfirliyini faktiki olaraq açmaqdan çəkinməsi ilə bağlı "xəbərdarlıq etmək" olduğu istisna deyil. Tarix də, deyəsən, təsadüfi seçilməyib - Holokost Anma Günü. Bütün bunların arxasında duranlar bilməlidirlər ki, bu cür addımlarla onlar yalnız Azərbaycanla İsrail arasında əməkdaşlığı gücləndirirlər", - məlumatda deyilir.

“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb. “Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və dəstəyimizi ifadə edirik!”, - o qeyd edib.

“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. O qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır: “Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.

Azərbaycanın İrandakı səfirliyinə hücumun təfərrüatları və nəticələri |  İnsanoid

Hesab olunur ki, törədilmiş terror aktı bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatın və fəaliyyətin nəticəsidir. Odur ki, son illər anti-Azərbaycan təbliğatının dayandırılması üçün hər hansı addım atmayan İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. İranın Azərbaycan şəhidlərinin qanında əli olduğunu əvvəl də demişdik - birinci müharibədə də, ikinci müharibədə də İran tərəfinin Ermənistana kəşfiyyat materialları ötürməsi, Azərbaycan Ordusunun irəliləməsinə mane olması və digər əməlləri ilə əlini şəhidlərimizin qanına batırmışdı. Cümə günü baş verən hadisə, Tehranda azərbaycanlı zabitə qarşı terror da eyni münasibətin məntiqi davamıdır.

Bir çox ekspertlər şübhə etmirlər ki, zabitimizin ölümündə birbaşa İran dövlətinin əli var. Odur ki, ümumi yanaşma bundan ibarətdir ki, Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, İran bayrağı qaldıranlar, Xomeneyi şəkilləri asanlar, nəhayət, əsl reallığı anlamalı, seçimlərini etməlidir. Əks təqdirdə, onlar Azərbaycan dövlətinin yanında olmadıqlarınını təsdiq edəcəklər. İran azərbaycanlıları, 40 milyonluq soydaşlarımız da qanlı terrora qarşı etiraz səslərini qaldırmalıdırlar, çünki hamılıqla fars rejiminin mahiyyətini bir daha gördük.

Azərbaycanın siyasi partiyaları, ictimai təşkilatları, Milli Məclis üzvləri, siyasətçilər etiraz açıqlamaları ilə çıxış edərək terror aktını lənətləyiblər.

Parlamentin komitə sədri Musa Quliyev şübhə etmir ki, bu qan İranın üzərində qalacaq: “İranın fitnəkar rejimi yenə də düşmənçilik toxumunu səpdi... İranın çirkin iç üzünü bir daha gördük. İran rəsmilərinin nə bəyanat verməsindən, hansı bəhanə uydurmasından asılı olmayaraq gün kimi aydındır ki, bu terror İran dövlətinin bizə düşmən siyasətinin tərkib hissəsidir və nəticəsidir. İranın çürümüş rejiminin sonu yaxınlaşır, bu terrorçu, allahsız, vizdansız və əxlaqsız rejim məhvə məhkumdur. İranda islam adından üzündə maska kimi istifadə edən islam və insan düşməni bir totalitar rejim öz biabırçı sonunu tezləşdirməkdədir. Bütün dünya ilə, o cümlədən müsəlman qonşuları ilə düşmən olan bu xain rejimin bircə dostu var, o da faşist Ermənistan!”

M.Quliyevin sözlərinə görə, İranın belə mənfur, çirkin əməlləri xalqımızın iradəsini sındıra bilməyəcək: “Əksinə, daha da mübariz ruhumuzu artıracaq. İran bu qanı öz çirkin əllərindən və sifətindən yuya bilməyəcək. Hesab edirəm ki, İran xalqı, xüsusilə oradakı soydaşlarımız tezliklə öz qəti və son sözünü söyləyəcəkdir! Terroru dövlət siyasətinə çevirən bir rejim tarixin zibilliyinə tullanacaq! İranın terrorçu siyasətini qətiyyətlə pisləyirik!!!”

Yazı çapa hazırlanarkən xəbər yayıldı ki, Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən kənarlaşdırılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib. O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub. Tehranın keçmiş polis rəisi general Rəhimi isə “Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.

E.PAŞASOY,
“Yeni Müsavat”



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar