“Qırmızı Xaç”: humanitar təşkilat, yoxsa ermənilərə işləyən siyasi qurum? - ilginc faktlar

28-01-2023, 10:13   


Yeganə Hacıyeva: “BQXK bu utancverici tendensiyanı Afrikada da, yaxın Şərqdə də, Mərkəzi Asiyanın qaynar ocaqlarında da yaşayır”

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən regionda fəaliyyət göstərir. Rəsmi təlimata görə, təşkilat Bakıda və İrəvanda nümayəndəliklər vasitəsilə Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəd boyu yaşayan icmalara dəstək göstərir. Komitə həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün fəaliyyət göstərir, onların ailələrinin məhbusları ziyarət etməsinə kömək göstərir və azad edilmiş şəxslərin köçürülməsi və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış edir.

Lakin son 30 ildə onların fəaliyyətinə nəzər saldıqda heç də missiyalarını tam və ədalətli şəkildə həyata keçirmədikləri bəlli olur. Qurumun Azərbaycan ərazisində heç də həmişə humanitar missiya ilə məşğul olmadığını təsdiqləyən dəlillər haqda məlumat verilib. Söhbət əsasən aşağıdakı faktlardan gedir:

*BQXK hələ də qanunsuz olaraq, Xankəndidə də fəaliyyət göstərir və Xankəndi ofisi Bakıya deyil, qurumun İrəvan nümayəndəliyinə tabedir. Halbuki məsələn, BQXK-nın Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki ofisləri “Qırmızı Xaç”ın Kiyev nümayəndəliyinə tabedir.

*Hələ 90-cı illərdə Ermənistanda azərbaycanlı hərbi əsirlərin edam edilməsi faktları üzə çıxmışdı. Lakin bu hallar BQXK tərəfindən heç vaxt lazımi qaydada rəsmiləşdirilməyib. 1994-cü ildə isə “Reuters”analoji hadisə barədə xəbər vermişdi. Xəbərdə deyilirdi ki, İrəvanda 23 azərbaycanlı əsir saxlanılıb, lakin sonra Ermənistan hakimiyyəti bəyan edib ki, onlardan 8-i “qaçmaq istəyərkən” öldürülüb. Halbuki bu, ağ yalan idi. Britaniyalı ekspert, professor Derrik Pounderin jurnalistlərə verdiyi açıqlamaya görə, öldürülənlərin cəsədlərindəki yaralar əsla “qaçmaq cəhdi” ilə bağlı olmayıb və onların edam olduğunu açıq şəkildə sübut edir. Belə ki, əsirlərin altısı başından güllələnib, üstəlik, onlardan üçündə silahın lüləsi atəş zamanı dəri ilə təmasda olub. Söhbət artıq BQXK-nın nəzarətə götürdüyü hərbi əsirlərdən gedir! Amma cinayətlə bağlı  beynəlxalq təhqiqatın aparılmasını və azərbaycanlı məhbusların ölüm şəraitinin aydınlaşdırılmasını tələb etmək “Qırmızı Xaç”ın ağlına gəlmədi.

*Həmin 1994-cü ilin oktyabrında valideynlərinə ürək dağlayıcı məktub yazan digər azərbaycanlı hərbi əsir Laçın Novruzov hələ sağ idi. Məktubda əsirimiz fəryad edirdi: "Salam, ata-mama. Mən Novruzov Laçın sağ-salamatam. Ermənistanın Edilli kəndindəyəm. Sizə qurban olum, məni qurtarın! Yalvarıram, ana. Bunu yazan Laçındı. Nə təhər olur-olsun məni qurtarın! Tez qurtarın. Gözləyirəm sizi. Mən yaşamaq istəyirəm!"

Diqqət: məktub Laçının yaxınlarına “Qırmızı Xaç”ın möhürü ilə təhvil verilib! Amma Laçın evinə qayıtmadı. Güllələndi. BQXK isə onun ölüm şəraitinin araşdırılmasını lazım bilmədi.

*BQXK həm Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazidə, həm də Birinci Qarabağ müharibəsi zamanı öldürülən, artıq Azərbaycanın öz suverenliyini bərpa elədiyi ərazilərdə soydaşlarımızın kütləvi məzarlıqlarının dəqiq koordinatlarına malikdir. Amma bu məlumatı ölkəmizin hakimiyyət orqanlarına çatdırmağa tələsmir, həmin yerlərdə ekspertiza keçirməkdən imtina edir. İtkin düşmüş 4 min nəfər azərbaycanlıdan bəzilərinin taleyinin aydınlaşdırılmasına da mane olur. Onların qatillərini himayə edir. Bu səbəbə Azərbaycan qərargahı Haaqada yerləşən digər beynəlxalq humanitar təşkilata - ICMP-yə (InternationalCommission on Missing Persons - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya) müraciət etmək məcburiyyətində qalıb. Lakin bu da "Qırmızı Xaç"da qısqanclıq yaradıb. Onlar bu komissiya ilə də məlumat paylaşmaqdan imtina ediblər, onun maliyyə kanallarını bağlamağa və ICMP əməkdaşlarının Qarabağa gəlməsinin qarşısını almağa çalışıblar.

*44 günlük Vətən müharibəsi zamanı BQXK-nın bəzi əməkdaşları Azərbaycan Ordusunun dislokasiya yerləri barədə məlumat toplayıb və sonra da onu özlərinin Fransa nümayəndələrinə ötürüblər, onlar da Ermənistan tərəfinə çatdırıblar. Fransanın vasitəçiliyi ilə qısamüddətli humanitar atəşkəs zamanı BQXK yenidən Ermənistanın “böyük bacısı” Fransanın sifarişi ilə Azərbaycan Ordusu haqqında fəal şəkildə məlumatlar toplayıb.

Laçın yolundan BQXK-nın 4 avtomobili, RSK-nın 1 maşını keçid edib - FOTO -  VİDEO - YENİLƏNİB

*2-ci Qarabağ savaşı zamanı BQXK Laçın dəhlizi zonasında hərbi əməliyyatların dayandırılmasını tələb edirdi. İddia edirdi ki, bu yol humanitar xarakterlidir. Əslində isə “Qırmızı Xaç” Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsinə mane olmağa çalışırdı.

*Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə BQXK rəsmiləri narahatlıqla bildirirdilər ki, cəbhənin bu hissəsində 200 erməni silahlı “könüllüsü” ağır yaralanıb və təxliyə edilməlidir. Bakıda məlumat yenidən yoxlanıldı və məlum oldu ki, “könüllülər” sağ-salamatdır, lakin onlar mühasirəyə alınıb, erməni komandanlığı da onları, sadəcə, “qaynar qazan”dan çıxarıb, BQXK himayəsi altında Xocavəndə keçirmək istəyir.

*Azərbaycanlı ekoloji fəalların Laçın yolunda keçirilən piketi zamanı isə BQXK-nın İrəvan ofisinin rəhbəri Zara Amatuni BQXK-nın köməyi ilə 4 əcnəbinin Xankəndidən çıxarıldığını bəyan edib. Halbuki qurum Azərbaycanla heç bir əcnəbi ilə bağlı danışıq aparmamışdı.

*Bu gün BQXK humanitar yüklərin Tərtər və ya Bərdə vasitəsilə Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına çatdırılmasını eşitmək belə istəmir, hər şeyin sırf Ermənistan ərazisindən gəlməli olduğunda təkid edir. Nə səbəbə?

*BQXK əməkdaşları “humanitar fəlakət” haqda erməni saxtakarlıqlarına dəstək verir, Xankəndidəki vəziyyətlə bağlı yanlış, daha sadə desək, yalan məlumatlar yayırlar. Niyə?

Azərbaycana “Qırmızı Xaç”ın xeyri çoxdur, yoxsa ziyanı? Nədən beynəlxalq qurumlar bir qayda olaraq ermənilərin maraqlarını qoruyur?

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, Beynəlxalq Qırmızı Xaç Komitəsi son zamanlar qlobal səviyyədə humanitar təşkilatların siyasi proseslərdə alət olması tendensiyasını yaşayır: “BQXK bu utancverici tendensiyanı Afrikada da, yaxın Şərqdə də, Mərkəzi Asiyanın qaynar ocaqlarında da yaşayır. 1-ci Qarabağ müharibəsi zamanı və bu müharibənin nəticələrinə münasibətdə, eləcə də İkinci Qarabağ müharibəsində Ermənistanın müharibə cinayətlərinə susqun münasibət sərgiləməsi ilə yaşayıb. Bu beynəlxalq təşkilatın köçürmələri ilə bağlı məlumatların o kontekstdə tirajlanması gedir ki, guya ərazidə humanitar böhran yaşandığı təəssüratı yaransın. Onların iş üslubu belədir. İndi bu iş üslubunu Xankəndidəki fəaliyyətlərində də tətbiq etməyə çalışırlar. Guya Xankəndinin  blokadada olmasının qlobal səviyyədə dezinformasiyasını BQXK üzərinə götürmüş sayılır.

Onların maşınlarının çoxluğunun müşahidə olunması bir sıra şübhələrə də yol açır. BQXK-nın Ermənistan bürosunun siyasiləşdiyi təəssüratı da yaranır. Bu təşkilatın missiyası humanitar yükləri daşımaqdır. Onların Azərbaycan ərazisində fəaliyyəti Azərbaycanın rəsmi razılığı ilə həyata keçirilməlidir. Hansı marşrut üzrə daşımaları da onlar müəyyən etməməlidirlər. Xankəndinə daşımaların Bərdə və Ağdam istiqamətindən deyil, yalnız Gorusdan keçməklə Laçın dəhlizindən həyata keçirməkdə israr etməsi BQXK-nin Laçın dəhlizi ilə bağlı qlobal səviyyədə gedən mübarizədə iştirak etməsi deməkdir. Halbuki BQXK-nın belə səlahiyyəti yoxdur. BQXK-nın Laçın yolundakı aksiya ilə bağlı verdiyi bəyanatlar da onun missiyası ilə uyğun gəlmir. Missiyasından kənara çıxması isə onun siyasiləşdiyi, tərəf tutduğu görüntüsünü yaradır. Yalan, şişirdilmiş məlumatlar yaymaları isə onların tərəfkeşlik etdiyinin daha bir təzahürüdür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar