Hansı halda kredit borcu bağışlana, silinə bilər? - Ekspert açıqladı

28-01-2023, 17:32   


Hansı halda kredit borcu bağışlana, silinə bilər? - Ekspert açıqladı


2022-ci ilin avqustun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi bu ilin ilk yarısı ilə müqayisədə 0,2% artaraq 662,3 milyon manata çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumat yayıb.

Banklardan kredit götürən vətəndaşlar müəyyən səbəblərdən tələb olunan məbləği geri qaytara bilmirlər. Bəzisi işini, sağlamlığını, digərləri isə ümumiyyətlə, həyatını itirir.

Belə olduqda məsələ necə həll olunur. Ümumiyyətlə, hansı halda kredit məbləği bağışlana, silinə bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, kreditin bağışlanması anlayışı yoxdur:

"Kredit hansı təyinatla götürülübsə, qaytarılmalıdır. Sadəcə, fors-major hallar var. 2015-ci ildə ardıcıl iki devalvasiyadan sonra qapanmış dairə sindromu yarandı. Bir çox banklar vətəndaşlardan depozit götürdüyü dollarları, ikinci əl depozitləri dollarla verdiyi kreditləri geri qaytara bilmədikləri üçün qapanmış dairə sindromu yarandı. Vətəndaşlar kredit borcunu banklara, banklar da vətəndaşlardan götürdükləri depozitləri qaytara bilmirdilər. Belə bir halda ölkə rəhbərliyinin xüsusi tapşırığı və sərəncamı ilə 10 minə qədər yaranmış problemli kreditlər qaytarıldı".

Ekspert vətən uğrunda döyüşən qazi və şəhidlərin də kreditlərinin bağışlanması hallarının olduğunu bildirib:

"Bir də müstəsna hallar var. Yəni qanunvericiliklə olmasa belə, müstəsna hal kimi bəzi şəhid və qazilərin hər hansı kredit borcları bank rəhbərləri tərəfindən bağışlanıb. Amma kütləvi şəkildə hansısa bir halın mövcudluğu nə bank dünyasında, nə qanunvericilikdə belə bir şey yoxdur".

O, ölüm halının müzakirə olunmadığını desə də, burada bir neçə məqama diqqət çəkib:

"Ölüm halı müzakirə olunmur. İnsan borc götürür və vəfat edirsə, əgər zamini varsa, zamin müəyyən bir sənədləşmə ilə təklif verməlidir ki, insan dünyasını dəyişib. Digər hallarda o da fors-major halı hesab olunur".

İqtisadçı ipoteka kreditlərində də xüsusi qaydanın olmadığını qeyd edib:

"Bunun şablon təlimatı yoxdur. Bu, artıq vəziyyətə uyğun fərdi qaydada danışıqlardan asılıdır".

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar