Millətin yox, korrupsionerlərin vəkilləri - Parlamentdəkilərin nəyi çatmır axı?

29-04-2023, 09:14   



Azərbaycan parlamentinin 1993_2023 aralığını, yəni Milli Məclisin 30 illik fəaliyyətini təhlil etsək, ən idbar, mürtəce qanunların qəbulu məhz sonuncu çağırışla deputat təyin edilənlərin sayəsində gerçəkləşib. Və bu 30 ildə ən antixalq qərarlar Milli Məclis hazırkı tərkibinin dövründə qəbul olunub. Həmin qanunlar ona görə qüvvəyə minib ki, mövcud sistemlə yanaşı, onun icraçısı olan həm də  oliqarx-deputatkratiyaya xidmət etsin. Yəni əl-əli yuyar, əl də üzü...
Misal üçün sosial təminat sahəsində olan ağır problemlər - qazi, şəhid ailələrinin üzləşdiyi çətinliklər, əlillik təyinatıx müavinətlər mövzusunda adda-budda deputatın səsi çıxar. Daha sonra - tikinti və inşaat sahəsində şəffaflıq təmin edilməsi qəti şəkildə onlara sərfəli ola bilməz. Çünki bina tikintisi ilə məşğul olan şirkətlərin bir qismi də elə deputatlara aiddir. Kim tikinti məcəlləsində düzəlişlər edər? Ona görə MTK-ların özbaşınalığı ilə üzləşmiş vətəndaşların heç zaman haqq səsi millətin məclisi sayılan parlamentdə eşidilməyib. Misal üçün uzun müddətdir ki, bütün mediada "Sahil S İnşaat" firmasının mənzil qurbanlarının fəryadı eşidilir, hansısa özünə millət vəkili deyən deputat millətin bu üzvlərinin məsələsini parlamentdə qaldırıbmı?
Vətəndaşların cərimələnməsi, müxtəlif sanksiyalar, yüksək bank faizləri, ayrı-ayrı şirkətlərin inhisarçılığı, dəhşətli bahalaşma və yüksək inflyasiya fövqündə xalqı pəncələri altında əzən monopoliya...Bu problemlərin hansı biri Milli Məclisdə qaldırılıb? Fransaya bəyanat vermək, deputat Vahid Əhmədovun tənqidi çıxışına görə ona töhmət vermək, susan və ağzı açılmayan mandat sahiblərinin yerinə düyməyə basmaq - Milli Məclisin işi-gücü bundan ibarətdir. Odur ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi çoxdan gecikib, ən azı 2012-ci ildə olmalı və parlament yenilənməliydi. Hətta deputat Erkin Qədirli də deyir ki, parlamentdə kiminsə demokratik seçki ilə seçildiyinə inanmır, eləcə də özünün...
Anaxeber.info bütün bu detalları o səbəbdən nümunə gətirir ki, Milli Məclisin indiki heyətində əksəriyyət xalqı təmsil etmir. Və vitse-spiker də bunu təsdiqləyərək həmkarı Vahid Əhmədova reaksiya verir ki, nəyin çatmır - vəzifən, pulun, hər şeyin var, yəni niyə problemlərdən danışırsan, nə üçün susmursan?! Deməli, parlamentdə hansı deputat belə danışsa, ağzından vuracaqlar. Əgər MM demokratik seçkidən təşəkkül tapsa, xalqın istəklərini ifadə etsə, Məclisin iclaslarında yalnız millətin dərd-səri müzakirə olunsa, əsl parlament olar. O zaman qəbul edilmiş indiki absurd qanunlarən çoxuna düzəliş və ya dəyişiklik edilərdi. İndiki antixalq parlamentdə isə öz maaşlarını artırmaq təklifi səslənir, Qarabağ veteranına verilən 80 manatın artırılması heç yada düşmür. Bu deputatların ağlına cərimələri artırmaq gəlir, qaz, işıq istifadəsində limitin ləğvini təklif etmək heç "ağıla" gəlmir. Ölkədə yüzlərlə insan tikinti fırıldağının qurbanı olub, yüzlərlə insanın məhkəmələrdə hüquqları pozulub, amma deputatlar məhkəmə-hüquq sistemində rəzalətdən danışmırlar. Elə ki, kimsə yaralı yerlərə basan tənqidlər səsləndirir, dərhal üstünə tökülüşürlər. Heç bir deputat demir ki, təqaüdçü bu şərtlərlə qaz və işıq limitindən niyə azad edilməməlidir? Bəlkə universitetlərdə təhsil haqlarının, klinikalarda od tutub yanan soyğunçu qiymətlərin aşağı salınması üçün qanun layihəsi hazırlayaq? Çünki həmin təhsil ocaqları, özəl klinikalar da ya özlərinə aiddir, ya tanışlığı olan məmurlara məxsusdur, bu üzdən tükləri tərpənmir. Yəni əlqərəz, Milli Məclis millətin məclisi deyil, orada əksəriyyəti millətin vəkilləri sayıla bilməz, sistemin, nazirlərin, məmurların vəkilliyini edənlərdir. Kimisi Sahil Babayevin, kimisi Emin Əmirullayevin, kimisi Əli Əsədovun, kimisi müxtəlif nazir və məmur oliqarxların, rəislərin, prokurorların, vəzifəli şəxslərin vəkili kimi mandat daşıyır. Ona görə biz hələ 2 il əvvəl yazmışdıq ki, bu parlamentə də bir "quş". Çünki Rafael Cəbrayılov kimi tikinti işində dələduzluq etmiş keçmiş üzvü, vətəndaşı döyən Eldəniz Səlimov kimi xuliqan sabiq üzvü olmuş parlamentdən xalqın mənafeyinə uyğun çıxışlar, təkliflər, qanun layihələri hazırlanmasını gözləməyə dəyməz. Dünyanın heç bir yerində belə parlament yoxdur. Hətta Afrikanın elə ölkələri var ki, orada Məclis xalqındır, xalqın seçdiyi adamlar tribunadan millətin səsini çatdırırlar. Bizdə isə ölkədə elə bir sahə yoxdur ki, biznes, obyekt, monopoliya qurmayan məmur qalsın və onların arzularını ifadə edən qanunlar qəbul edilməsin  - xalqa yox, korrupsioner məmurlara xidmət edən Milli Məclisdir. Biz onları sərt karantin rejimi dönəmindən - əhalinin ciddi sosial problem yaşadığı dövrdən yaxşı tanıyırıq. Nə millətin yarasını sarıyan təklifləri oldu, nə də bir kasıb qapısı döydülər...

Azər Talıbov 

Anaxeber.info



 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar