Bakının bitməyən nəqliyyat dərdi: Daşıyıcı şirkətlər hökuməti sabotaj edir?

23-05-2023, 17:29   


Bakının bitməyən nəqliyyat dərdi: Daşıyıcı şirkətlər hökuməti sabotaj edir? 


Səhər və axşam saatlarında Bakının yollarında uzun tıxaclar yaranır. 

Bu tıxacların səbəbini hərə bir cür izah edir. Görünən odur ki, problemə kompleks şəkildə yanaşılmadığı üçün sərnişinlər vaxtlarının çoxunu yollarda keçirməli olurlar. Yaranan tıxac ucbatından avtobuslar xəttə gecikir. Bəziləri isə tıxac probleminin bir səbəbini də ictimai nəqliyyatın işinin düzgün təşkil olunmamasında görürlər. 

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 58 müntəzəm marşrut xətti üzrə 223 avtobusun hərəkət intervalında gecikmələr olub. Bakı Nəqliyyat Agentliyi mətbuata sıxlıq yaranmış küçə və prospektlərin adlarını və marşrut avtobuslarının nömrələrini açıqlayıblar. 

Sosial şəbəkə istifadəçiləri isə bəzən bu mənzərənin süni şəkildə yaradıldığını iddia ediblər. Çünki bir neçə gün öncə daşıyıcı şirkətlər Baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayaraq onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz ediblər. Müraciətlərində bildiriblər ki, hazırki qiymətlərin bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarını risk altına salacaq. Xatırladaqki, daşıyıcı şirkətlərin fevral ayında Nazirlər kabinetinə müraciətləri əsasında Tarif (qiymət) Şurası tərəfindən fevral ayında paytaxt ərazisində gediş haqları 30 qəpikdən 40 qəpiyə qaldırıldı. 

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, daşıyıcı şirkətlər bu məsələdə haqlıdırlar: 

“Sıxlıq və avtobusların gecikməsi məsələsi süni şəkildə yaradılmır, mövcud vəziyyət onu göstərir ki, biz istəsək də, istəməsək də tıxaclar bizim həyat tərzimizə çevrilib, biz bunu yaşayacağıq. Vəziyyətdən çıxmaq üçün yollar axtarmaq lazımdır, bu yol nə qiymət artımından, nə də digər məsələlərdən keçir. Bu problemin yeganə çıxış yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Daşıyıcı şirkətlər tamamilə haqlıdır, onlar gediş haqqından narazılıq etmir və onun artırılmasını da istəmirlər.

Müraciətin əsas məqsədi odur ki, dövlət tərəfindən datasiyaların verilməsi bərpa olunsun. Datasiyaları, subsidiyaları ayırdılar və güzəşt tətbiq etdilər, 10 qəpik qiymət artımından sonra onu da kəsdilər. Bu gün real olaraq Avro4 standartlarına uyğun avtobuslarda bir sərnişinin daşınması 62 qəpiyə başa gəlir. Avro5 və Avro6 standartlarında bu qiymət 85 qəpikdir. Daşıyıcı şirkət özəl müəssisədir, sahibkardır, heç birimizə borcu yoxdur ki, 85 qəpiyə başa gələn xidməti 40 qəpiyə göstərsin.

Dövlət də onlara dəstək göstərirdi, onu da dayandırdı. Faktiki olaraq daşıyıcı şirkətlər köhnə qiymətə işləyirlər. Mən bildiyim qədərilə, qiymət artımı baş verəndə onlara şifahi şəkildə məlumat verilib ki, subsidiyalar veriləcək. Onlar da arxayın olublar ki, bununla vəziyyətdən çıxış yolu tapmaq olar”. 

Ekspert hazırda qarajlarda təmirə ehtiyacı olan avtobusların qaldığını bildirib: 

“Subsidiyanı kəsən kimi nə baş verdi? Bu gün avtobusların böyük əksəriyyəti qarajlarda nasaz vəziyyətdə yatır. Dövləti heç kim sabotaj edə bilməz, bunun bədəli çox ağır olar. Amma real mənzərə odur ki, sahibkar o avtobusu xəttə çıxara bilmir. Avtobus nasazdır, sahibkarın da onu təmir etməyə gücü və yaxud yanacağa verməyə pulu yoxdur. Məcburdur ki, xətdən avtobusları azaltsın.

Subsidiya deyəndə dövlət deyir ki, imkanım yoxdur. Amma sahibkar da gecə - gündüz bu işi görməlidir. Burada məntiq tapmaq olmur, çünki sahibkar pul qazanmaq məqsədi güdür. Dövlət bunu həll eləyə bilirsə, buyursun eləsin. Əgər eləyə bilmirsə, sahibkara imkan yaratmaq lazımdır ki, özü eləsin. Biz heç birini eləmirik, deyirik ki, ictimai nəqliyyat inkişaf eləməlidir. Bəs necə? Daşıyıcı şirkətlərin çox şeyə borclanıblar. Vaxtında onları xilas eləməsək, vəziyyət bundan da pis olacaq”. 

Elməddin Muradlı gediş haqqının artırılmasının müzakirə olunmadığını vurğulayıb: 

“Gediş haqqı dondurma qiyməti deyil, istənilən qiyməti qoyasan. Gediş haqqı məsələsi ildə bir dəfə olur, onu da elədilər. Bu, bir dəfə oldu, bitdi. Bu mövzu həssas mövzudur, hər dəfə bunu hallandırmaq düzgün deyil, sosial məsələdir. Dövlət tərəfindən müəyyən dəstək göstərilməklə bu məsələlər həll oluna bilər”. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar