Son aylar Rusiya ilə Qərb arasında Ukraynadakı müharibədə atəşkəsə nail olunmasına dair danışıqların getdiyinə dair müxtəlif məlumatlar yayılırdı. Lakin Ukraynanın avqustun 6-da Kursk vilayətində başlanan gözlənilməz hücum əməliyyatı atəşkəs perspektivini böyük ölçüdə sual altına aldı. Hətta bundan sonra Rusiya tərəfi bir müddət əvvəl Vladimir Putinin səsləndirdiyi “sülh şərtləri”nin qüvvədən düşdüyünü bəyan etdi.
“AzPolitika” xəbər verir ki, “The Washington Post” nəşri bu mövzuda dərc edilən məqaləsində son vaxtlar Ukrayna müharibəsilə bağlı Qətərin paytaxtı Dohada aparılan gizli danışıqların Kursk əməliyyatı səbəbilə pozulduğunu yazıb.
Jurnalistlər yazır ki, bu ay Ukrayna və Rusiya hər iki tərəfin enerji infrastrukturuna hücumları dayandıracaq tarixi razılaşmanı müzakirə etmək üçün Dohaya nümayəndə heyətləri göndərməli idilər. Məqalədə Qətər hakimiyyətinin bu prosesə vasitəçilik etdiyi bildirilir. Qeyd olunur ki, Qətər rəhbərliyi Ukrayna və Rusiya nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşərək, ortaq çıxış nöqtələri axtarmağa çalışıb. Lakin Ukraynanın keçən həftə Kursk bölgəsinə qəfil müdaxiləsi prosesi pozub.
Məsələ ondadır ki, belə bir mümkün razılaşma və planlaşdırılan sammit barədə əvvəllər heç bir yerdə məlumat verilməyib. Bu da danışıqların məxfiliyi ilə bağlı olub. Jurnalistlər xatırladırlar ki, Rusiya bir ildən artıqdır Ukraynanın elektrik şəbəkəsinə qanadlı raketlər və PUA-larla hücum edir, elektrik stansiyalarına ziyan vurur, ölkə boyu elektrik cərəyanının kəsilməsinə səbəb olur. Ukrayna isə əvəzində Rusiyanın neft obyektlərini uzun mənzilli dron zərbələri ilə vurur, nəticədə neftayırma zavodları, anbarlar yandırılır. Bu da Moskvanın neft emalını təxminən 15% azaldıb, bütün dünyada neftin, qazın qiymətini qaldırıb: “Danışıqlara qoşulmaq istəyi hər iki ölkədə ən azı məhdud atəşkəslə bağlı müəyyən irəliləyişin olduğunu göstərir. Lakin danışıqlarda iştirak edən diplomat bildirib ki, Ukrayna Rusiyanın qərbini(Kursk vilayəti) işğal etdikdən sonra Rusiya rəsmiləri Qətər rəsmiləri ilə görüşü təxirə salıblar. Moskva nümayəndə heyəti bunu “eskalasiya” adlandırıb. Diplomat əlavə edib ki, Kiyev Dohaya bu hücumu barədə xəbərdarlıq etməyib”.
Bununla belə, qəzet iddia edir ki, Rusiya Doha danışıqlarından tam imtina etməyib və Qətərdən vaxt istəyib: “Mənbənin sözlərinə görə, Ukrayna hələ də öz nümayəndə heyətini Dohaya göndərmək istəsə də, Qətər birtərəfli görüşdə məna görmədiyi üçün bundan imtina edib. Danışıqlarla tanış olan diplomat bildirib ki, Qətər son iki ayda Kiyev və Moskva ilə enerji infrastrukturuna zərbələrə son qoyulmasıyla bağlı razılaşmaları müzakirə edib. Onun sözlərinə görə, tərəflər hətta Dohada sammit keçirilməsinə dair razılığa gəliblər və yalnız kiçik detalların razılaşdırılması qalıb. Lakin Kurskdan sonra ruslar geri çəkilib".
Adı çəkilməyən Rusiya diplomatı isə nəşrə deyib ki, Putin Kursk hücumundan sonra razılığa gəlmək niyyətində olmayacaq: “Bilirsiniz ki, Rusiya rəhbərliyi adətən təzyiq altında güzəştə getmir”.
“The Washington Post”-un sorğusuna cavab olaraq, Ukrayna Prezident Ofisi bildirib ki, Doha sammiti “Yaxın Şərqdəki vəziyyətə görə” təxirə salınıb. Hətta iddia olunub ki, sammit videokonfrans formasında avqustun 22-də baş tutacaq. Kreml isə qəzetə şərh verməkdən imtina edib. Ağ Ev də bu xəbəri şərh etməyib: “Bayden administrasiyası uzun müddətdir ki, Rusiya ilə potensial atəşkəsin vaxtı və şərtlərini yalnız Ukraynanın müəyyən etməli olduğunu bildirir”.
Yazıda o da qeyd olunur ki, rəsmi Kiyev bu danışıqların perspektivinə əvvəlcədən optimist yanaşmayıb: “Bəziləri danışıqlarda uğur şansının 20 faiz olduğunu deyilər. Danışıqlardan xəbərdar olan iki diplomat isə qeyd edib ki, hətta Kurska hücum baş verməsəydi belə, bu danışıqların mənfi perspektivləri vardı. Bununla yanaşı, danışıqlardan məlumatlı olan ukraynalı diplomat qəzetə açıqlamasında deyib: “Bizim bu qışdan sağ çıxmaq üçün yalnız bir şansımız var, o da rusların enerji sisteminə yeni hücumlar etməməsidir”.
Qəzet yazır ki, Ukrayna və Qərb rəsmilərinin fikrincə, Kiyevin Kursk əməliyyatı Ukraynaya gələcək danışıqlarda daha çox təsir rıçaqları vermək məqsədi daşıyır: “Hərbi analitiklər Ukrayna qoşunlarının Rusiya ərazisi üzərində nəzarəti saxlaya biləcəyinə şübhə ilə yanaşırlar. Moskva isə Donetsk bölgəsində irəliləməkdə davam edir və Ukraynanın yeni hücumundan müdafiə üçün qoşunlarını oradan çıxarmayıb. Kiyev torpaqları zəbt etməsi sayəsində gələcək danışıqlarda mövqeyini yaxşılaşdırsa da, tezliklə sülh danışıqlarının aparılması ehtimalı azalıb”.
C.Məmmədov
“AzPolitika.info”