NAXÇIVAN ALİ MƏCLİSİNƏ YARIMGİZLİ SEÇKİLƏR – YAP siyahısını, NMSK namizədləri gizlədir; seçici necə seçməlidir?

14-08-2024, 09:15   




Baxiş sayı: 2721
Dərc olunub: 13/08/2024 - 20:29
Bölmə: Manşet

Sentyabrın 1-də Azərbaycan Milli Məclisi ilə yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də növbədənkənar seçkilər keçiriləcək.

“AzPolitika” xəbər verir ki, seçkilərin təşviqat mərhələsi avqustun 9-dan start götürüb, bir gün sonra isə Azərbaycan Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərin siyahısını öz elektron ünvanında (msk.gov.az) yerləşdirib. Amma maraqlıdır ki, muxtar bölgədə seçkiləri təşkil edən Naxçıvan Mərkəzi Seçki Komissiyası bu addımı atmayıb. Qurumun nmsk.gov.az ünvanında 1 sentyabr seçkiləri ilə bağlı bölümdə ancaq seçkilərin təyin olunması, seçki dairələri, seçicilərlə görüş yerləri və s. texniki xarakterli informasiya yerləşdirilib. Dairələr üzrə namizədlərlə bağlı məlumat isə yoxdur. Məsələni aydınlaşdırmaq üçün qurumun saytında yerləşdirilən telefon nömrələrinə zəng etsək də dəstəyi qaldıran olmadı. Azərbaycan MSK-nın mətbuat katibi Şahin Əsədli isə bildirdi ki, Naxçıvan MSK tamamilə müstəqil qurumdur(!), MSK-ya tabeçiliyi yoxdur.  

Qeyd edək ki, Naxçıvan Ali Məclisi 45 deputatdan ibarətdir, Konstitusiyaya görə, Muxtar Respublikanın ali orqanı bu qurumdur. Seçkilərdən sonra deputatlar Ali Məclisin sədrini və onun müavinlərini seçirlər.

Naxçıvan Mərkəzi Seçki Komissiyasının namizədlərə dair məlumatları, o cümlədən seçki prosesi ilə bağlı məlumatları ictimaiyyətdən gizlətməsi Seçki Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Seçki qanunvericiliyinə görə, qurum seçkilərə 20 gün qalmış qeydə alınmış namizədlərin adlarını və onlara aid digər məlumatları elektron ünvanında yerləşdirməlidir. Seçkilərə isə 18 gün qalıb.

Naxçıvan Ali Məclisinə seçkilərin faktiki olaraq yarımgizli keçirilməsinin başqa bir əlaməti hakim Yeni Azərbaycan Partiyasının Ali Məclisə namizədlərinin siyahısını elan etməməsidir. Seçki gününə cəmi 18 gün qaldığı bir vaxtda YAP-ın kimlərin namizədliyini verdiyi məlum deyil. Bu gizlilik nəyə xidmət edir, başadülülən deyil.



“AzPolitika”-ya verilən məlumatlara görə, Naxçıvanda hakimiyyətdaxili qruplar arasında böyük çəkişmə var, bu səbəbdən YAP-ın rəsmi namizədlər siyahısını açıqlamaq mümkün olmayıb. Məsələn, nə qədər qəribə olsa da, hakim partiyanın Ali Məclisin hazırkı sədrinin (Sədrin səlahiyyətlərini icra edən müavinin-red.) – Anar İbrahimovun namizədliyini ümumiyyətlə irəli sürmədiyi bildirilir. Buna səbəb Anar İbrahimovla Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasındakı qarşıdurma göstərilir.



Başqa bir intriqa: YAP-ın namizədlər siyahısı, ümumiyyətlə namizədlərin kimliyi faktiki olaraq xalqdan gizli saxlanıldığından, Naxçıvanın konstitusion rəhbərinin – Ali Məclisin sədrinin kim olacağını təxmin etmək də mümkün olmur. Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, bu postu YAP-ın 1 saylı Şərur-Sədərək seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədi Ziyafət Əsgərov tuta bilər. Lakin Z.Əsgərov “AzPolitika”ya açıqlamasında Ali Məclis üzvlüyünə namizədliyinin verilmədiyini bildirməklə, bu məlumatı təkzib etmişdi. Başqa bir ehtimala görə bu vəzifəni Naxçıvan MR Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov tuta bilər. H.Bağırov bu vəzifəyə 2023-cü ilin 7 aprelində təyin olunub. Lakin bir daha qeyd edirik ki, siyahı gizli saxlanıldığından H.Bağırovun namizəd olub-olmadığı belə dəqiq məlum deyil. 

Beləliklə, Naxçıvanda heç bir şəffaflıq, rəqabət mühiti, hesabatlılıq olmadan seçki keçirilir və bu yolla MR-nin “konstitusion hakimiyyəti” formalaşdırılır...

Rasim Əliyev

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.