Şəki Məhkəməsində rəzalət: türmə rəisinə rüşvət çatmadı deyə vətəndaşı təkrar həbsə göndərdilər - Müraciət

19-08-2024, 09:18   





Azərbaycan həbsxanalarında rüşvət yeganə azad məsələdir. Burada dustaqlığı olmayan bəlkə də yeganə rüşvət, pul, məhbusların yaxınlarının dərisini soğan qabığı kimi soymaqdır. Bu barədə dəfələrlə məhkumların və onların ailə üzvlərinin şikayətləri mediada yayımlanıb. Lakin istintaq təcridxanalarından tutmuş cəzaçəkmə müəssisələrinədək rüşvətin əllərindən qandallar, ayaqlarından zəncirlər açılaraq yeriməyə davam etməkdədir. Nəticədə piramida şəklində inkişaf edən bu hallar adi nəzarətçidən (nadzor) ta rəisə qədər pilləvari yüksəlir. Elə bunun əziyyətini çəkənlərdən biri təzəlikcə şərti azadlığa çıxmasına sevinən, sonra peşman olan Qax rayonunun Qaxmuğal kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Dəmirçiyevdir.
Anaxeber.info onun ailə üzvlərinə istinadən məlumat verir ki, Hikmət Dəmirçiyev bu yaxınlarda Şəki rayon Məhkəməsinin qərarına əsasən məhkumluğunun başa çatmasına 4 ay qalmış şərti azadlığa buraxılıb. Onun həbsdə olduğu dövrdə özünü nizam-intizamlı aparması, cəzaçəkmə müəssisəsinin nümayəndəsinin də hakim Kamran Musayev qarşısında H. Dəmirçiyevi tərifləməsi, nümunəvi dustaqlardan biri olduğunu deməsi məhkəmənin onu vaxtından 4 ay tez şərti azadlığa buraxmasına təsir edib. Hakim qərara gəlib ki, Dəmirçiyev evə buraxılsın. Beləliklə, 3 il, 7 ay məhkumluq yaşamış Dəmirçiyevin cəzasının yerdə qalan 4 ayının şərti azadlıqda çəkməsi müəyyən olunub. Dəmirçiyevlər ailəsinin bildirdiyinə görə, Hikmət Dəmirçiyev həbsxanada olarkən rəis müavini Elçin Cəlilov (zampalit) şərti azadlığa çıxdıqdan sonra gəlib onları görmələrini, "hörmət" etməyi istəyib. Yəni açıq şəkildə rüşvət istəyib və "bizi gör" söyləyib. Ailənin sözlərinə görə, onlar kasıb insanlardır, kənd adamıdırlar, dolanışığı güclə çatdırırlar, Hikmət Dəmirçiyev də maddi imkanı olmayan bir adamdır, ona görə "zampalit" Elçin Cəlilova pul verməyə gücləri yoxdur. Bildirilir ki, bu zaman Elçin Cəlilov Hikmət Dəmirçiyevi hədələyib, pul olmasa, təzədən həbsə qayıdacağını xəbərdar edib. 
Ailənin bildirdiyinə görə, bir müddət sonra Şəki Apelyasiya Məhkəməsi Hikmət Dəmirçiyevi təkrar prosesə çağırıb, hakim onun cəzasının yerdə qalan 4 ayını, həmçinin, şərti azadlıqda olduğu müddəti də bura əlavə edərək onun həbsxanaya göndərilməsini təmin edib. Ailə bu qərarı ədalətsizlik və türmə rəisinin məhkəməyə təsiri hesab edir. "Bizim atamız yaşlı adamdır, heç kəsə pisliyi dəyməyib, həbsdə özünü yaxşı aparıb, qaydalar riayət edib, elə həbsxana nümayəndəsi də məhkəmədə buna görə onun müsbət təqdimatını verib. Yəni istər saxlandığı yeri təmiz saxlaması, istər dustaqlarla münasibətdə nümunəvi davranışı, istərsə gündəlik qaydalara əməl etməsi baxımdan müsbət xasiyyətnaməsi var. Ona görə hakim nəzərə alaraq qərar verdi ki, 4 ayı şərti azadlıqda keçirsin. İndi kişini təzədən həbsə atıblar, 4 aydan əlavə də şərti azadlıqda olduğu dövrü də üstünə gəliblər. Bu nə qanunsuzluq, özbaşınalıqdır? Bizim pulumuz yoxdur, onlara hesab verə bilməmişik deyə məhkəmənin qərarını geri oxudurlar",- Dəmirçiyevlər ailəsi qeyd edib. Onların sözlərinə görə, bu məsələ ilə bağlı Prezident İlham Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək istəyirlər, bu işin araşdırılmasını xahiş edirlər. Ailə ümid edir ki, bu işdə rolu olan türmə rəhbərliyindən tutmuş məhkəmələrə qədər kim varsa, hərəkətləri araşdırılacaq.

Anaxeber.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.