Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğından təxminən altı ay öncə də orada yanğın olduğu, belə bir hadisənin təkrar yaşanmamasından ötrü gərəkən addımların atılmadığı bildirilir. Bu iddia Perinatal Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva haqqında ittihamda yer alıb.
Körpələrin ölümünə səbəb olan yanğına görə M.Abasquliyeva ilə yanaşı, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin keçmiş müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinə rəhbərlik etmiş Elnur Əhmədli də cinayət məsuliyyətinə cəlb edilib.
Adları çəkilənlərin üçünə də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. M.Abasquliyevanın üzərində, üstəlik, CM-in 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi də var.
Təqsirləndirilən şəxslərin heç biri həbsdə deyil. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hadisə vaxtı körpəsini itirənlərdən başqa daha dörd nəfər zərərçəkmiş qismində tanınıb. Yanğında xəsarət aldıqları iddia edilsə də, onlardan bir neçəsi özünü zərərçəkmiş saymadığı barədə məhkəməyə ərizə verərək adının zərərçəkənlər siyahısından çıxarılmasını istəyib.
Hakimlər ərizələrə müsbət cavab verməyiblər: "Cinayət işi araşdırılmadan bu ərizələr təmin oluna bilməz".
Təqsirləndirilən M.Abasquliyeva məhkəməyə Perinatal Mərkəzdə yanğın vaxtı kameraların qeydə aldığı görüntüləri təqdim edib. Görüntülərdə yanğının necə başlandığı və tibbi heyətin necə davrandığı görünür.
Onun vəkilləri iddia edirlər ki, yanğının şiddətlənməsində, körpələrin vaxtında xilas edilməməsində həmin vaxt orada olan tibbi heyətin də günahı var. Onlar prokurorluğun bu məqamı araşdırmamasından narazıdırlar.
Ardından prokuror Orxan Səmədov ittiham aktını açıqlayıb. Orada iddia olunur ki, M.Abasquliyeva 2022-ci il dekabrın 28-dən 2024-cü ilin yanvarınadək direktor olduğu dövrdə stasionar xəstə qəbulunu iki dəfəyə qədər artırıb. Nəticədə Mərkəzin iş yükü bəlli həddi aşıb, normal iş fəaliyyəti pozulub. Beləcə, Mərkəzdə elektrik təsərrüfatı artıq yüklənib və bu, yanğın doğurub.
"2023-cü ilin iyun ayında Perinatal Mərkəzin Doğum şöbəsində xəstələrin saxlandığı palatanın sanitar qovşağında baş vermiş yanğın ört-basdır edilib. Bu hadisə nəzarətedici orqanlardan gizlədilib, müəssisənin elektrik təsərrüfatı və yanğın təhlükəsizliyinə qarşı vəziyyətin yenidən nəzərdən keçirilməsi təmin edilməyib. Gələcəkdə eyni hadisələrin baş verməməsi üçün lazım olan tədbirlər görülməyib", - ittiham aktında belə yazılıb.
Təqsirləndirilən üç nəfərin heç biri ittihamı qəbul etmir, orada yazılanları "uydurma" adlandırır.
Yanğın nəticəsində Perinatal Mərkəzin 177 min manatlıq avadanlığına ziyan dəydiyi də iddia edilir. Mərkəzin keçmiş rəhbəri və şöbə müdirlərinə ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.