Qoca Bayden gedərayaq Donald Trampın qucağına partlayan bombanı qoyaraq münaqişənin fitilini yenidən çəkdi. Bəli, Amerika prezidenti və ya müharibə komandası aman vermədilər ki, Ukrayna ilə Rusiya arasında yanvardan sonra atəşkəs üfüqdə belə görünsün. Artıq noyabrın 18-i gecə saatlarında Avropa Birliyi də təsdiqlədi ki, ABŞ administrasiyası Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbə endirmək üçün Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verib. Anaxeber.info-nun analitik şöbəsi yazır ki, bunu Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrell bəyan edib. Baxmayaraq ki, Ağ Ev, Pentaqon və Dövlət Departamenti bu qərar haqda susur, nə təsdiq, nə təkzib var. Lakin AB-nin baş diplomatı Borellin çıxışı elə Vaşinqtonun adından rəsmi bəyanat kimi qəbul olunmalıdır. Dünən AB ölkələrinin xarici işlər və müdafiə nazirləri də elə bu səbəbdən təcili toplandılar, Baydenin qərarını müzakirə etdilər. Artıq müharibənin yeni, amansız dövrü başlanır - ən qanlı mərhələsi. Bu dəfə Rusiyada destabilizasiya yaradılması hədəfə alınıb: Moskva və bir çox mərkəzi şəhərlərdə vilayətlərdə hərbi aerodromların, hərbi infrastrukturun vurulmasına start veriləcək. Ukrayna və lideri Zelenski "vobank" getməyə məcburdur - çünki Rusiyanın içərilərinə zərbələr daxildə ciddi təlatümə səbəb olacaq. Rusiyanı o zaman görəcəyik ki, əsl savaşı dərisində necə hiss edir. Xüsusən də rus xalqı... Adi bir nümunə - ötən həftə Kursk vilayətinin Orlova kənd camaatı toplaşaraq videomüraciətlə "Lənətə gəlmiş müharibəni dayandırın!" deyə Putinə çağırış etmişdilər. Bu, hələ bir kəndin adamlarının reaksiyası idi. İndisə Ukrayna dərinlikləri bombaladıqca, oxşar səslər ölkənin bir çox yerlərindən eşidiləcək. Bu zaman hakimiyyətin içərisində böhran, parçalanma başlanacaq. Bəli, dünya Putinlə işləməyəcək. Onun "cəhənnəm qəbzi" kəsilib və Qərb qütbü heç zaman Rusiya prezidenti ilə masaya oturmayacaq. Onunla bağlı Haaqa məhkəməsinin qərarı da var və üzərində müharibə cinayətlərinə görə həbs olan siyasi liderlə əsla Qərbin əsas rəhbərləri dialoqa getməzlər. Bu məsələ artıq dəqiqləşib, indi qalır ya Putin hakimiyyətini devirmək və ondan sonrakı Rusiya ilə danışmaq, ya da ölkənin içində uzunmüddətli kataklizm yaratmaq. Elə Zelenski də anons vermişdi ki, o, Rusiyanın gələcək prezidenti ilə görüşəcək. Hətta Almaniya kanslerinin 2 il sonra Kreml liderinə zəngi də boşa çıxdı. Bunun ardınca dərhal ritorika dəyişdi: Bayden raketlərə icazə verdi, Berlini də "mini Taurus" adlanab çox güclü dronları Kiyevə tədarük etməyə məcbur elədi. Bütün bunlar əslində, qoca, huşsuz Baydenin ağlının məhsulu deyil. Məhz müharibə komandası, anqlosakson dünyasının, Putini Ukraynaya hücumuna görə peşman eləməyə çalışan güclərin diqtəsi ilə olan qərardır. Bayden yalnız imza atıb... Ona görə də gecikmiş addım yalnız indi verildi. Tramp və savaşı dayandırmaq istəyən dairələrin planını alt-üst etmək üçün andiçməyə iki ay qalmış proses pozuldu. İndi bu, Trampın əlinə verilən qumbaradır - ya əlində partlayacaq, ya da onu Moskvaya tərəf tullamalı olacaq. Artıq yeni prezident bu tələyə salındı. Beləliklə, qarşıda Rusiyanı ağır müharibəyə hazırlıq gözləməkdədir. Hərçənd, bu qərar çoxdan verilə bilərdi, amma Bayden son ana qədər buna getmədi. ABŞ nə qələbə, nə məğlubiyyət yolu tutmuşdu. Həmçinin, Zelenskinin Qələbə Planı da o səviyyədə dəstəklənmədi, indi nə dəyişdi ki, Bayden fikrindən daşındı?!
Analitik şöbəmiz yazır ki, burada ötən həftə Tramp - Bayden görüşünün nəticəsi də istisna deyil. Görünür, Co Donaldı savaşı uzatmağa razı sala bilməyib və belə olan halda, qapalı görüşün ardınca Rusiyanın içərilərinə vurmaq planı işə salınıb ki, Trampın "müharibəni bir günə dayandıracam" bəyanatı suya düşsün. Beləcə, Ukrayna başlayır, Rusiya ərazilərini qorumalı olur və Kurskdan başlanan proses daha dərinlərə nüfuz edir. Bəs, nələr olacaq, Kreml necə cavab verəcək, bu haqda sonrakı yazılarımızda...
AnaXeber.info