Tramp-Putin-Makron üçbucağı erməniləri Qarabağa qaytara bilər... - Ssenari

12-11-2024, 09:11   





Ukrayna böhranı geopolitik qarşıdurmanın ən həlledici münaqişəsidir. Bu savaşdan sonra dünyanın yeni nizamının quruculuğu mərhələsi başa çatacaq. Əslində, dünyanın yenidən bölüşdürülməsi prosesində mənzərə aydınlaşır: qlobal Şimal və qlobal Cənub qütbləri yeni siyasi-iqtisadi şəkillənmə ilə meydana çıxır. Bu qütbləşmədə çoxdan bölünmüş dünyada güc mərkəzləri təzədən mövqelərini aydınlaşdırırlar. Əlbəttə, müharibə bitməyib, proqnozların bəziləri doğrulmaya bilər. Amma qlobal Cənub Qərbə qarşı açdığı ticari və siyasi müharibədə artıq güclərini birləşdirir, mövqelərini möhkəmləndirir. Misal üçün BRİKS platforması - Çin, Rusiya, Hindistan kimi nəhənglər, 30-yaxın dövlət, qoşulma prosesində olan Türkiyə və sair. 
Təbii ki, bu qütbləşməni Ukrayna münaqişəsi dərinləşdirdi. Müttəfiqlər və tərəfdaşlar daha da sıxladılar. Bu, bir az da instiktiv yaxınlaşma idi. Çünki təhlükə gəldikcə, immun sistemini gücləndirmək üçün mövqelər birləşməlidir. Sözsüz ki, bunun yanında kiçik dövlətlər də dilemma qarşısında qalır, yaxud artıq bu geopolitik mübarizədə qərarlarını verməyə məcbur olurlar. Ukrayna müharibəsi Azərbaycanı Avrasiya qitəsinə tamamilə yaxınlaşdırmadı, biz Qərblə enerji əməkdaşlığını davam etdiririk, lakin etiraf etmək lazımdır ki, həm də bizi qlobal Cənuba xeyli yönəltdi. Bura ikinci Qarabağ müharibəsinin nəticələri də təsir edir. Ona görə də Azərbaycanın Qərblə münasibətlərində hazırkı artan və azalan gərginlik davam edəcək. Biz hazır olmalıyıq ki, uzun müddət Avropa təsisatları Azərbaycanla yola getməyəcəklər. Şübhəsiz ki, biz seçim etməmişik, Rusiyanın da yanında deyilik, Ukraynaya humanitar dəstək veririk, amma Rusiya əleyhinə sanksiyalara da qoşulmamışıq, Moskva bəyannaməsi imzalanıb, Çinlə strateji sənəd imzalanıb, Şərq cinahının platformalarında iştirak edirik. O baxımdan Trampın Ukraynadakı müharibəni dayandıracağı ilə bağlı vədləri ən çox özümüzü düşünməyə vadar edir - Azərbaycana hansı təsirləri olacaq? Yəni status-kvo geopolitik mübarizənin yarımçıq qalmasına səbəb olmayacaqmı? Rusiyanın strateji yeri bəlli olduqca, Azərbaycan üçün nələr vəd edir? Suallar həddən çoxdur. 
Lakin bir reallıq var - Tramp hakimiyyətinə Rusiya, Türkiyə və Azərbaycan iqtidarları isti yanaşırlar. Bu münasibət yaxın 4 il ərzində Ankara - Moskva - Bakı əlaqələrini daha da  gücləndirəcək. Əgər Ukraynada münaqişə başa çatarsa, Rusiya postsovet məkanında mövqelərini bir qədər də möhkəmləndirəcək. O halda, Azərbaycanın Türkiyənin dəstəyinə ehtiyacı artacaq. Çünki Tramp Amerikası Putin Rusiyası və Makron Fransası Qarabağa erməniləri qaytarmaq mövzusunda birləşə bilərlər. Hərgah, ermənilər qayıtmaq istəmirlər. Bir sözlə, müharibənin dayanması Azərbaycan üçün müəyyən məsələləri yenidən aktuallaşdırır və ən əsası, çoxqütblü dünya uğrunda gedən mübarizədə Azərbaycan öz bitərəfliyini qoruyub saxlamağa çalışır... 


Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar