Şəmkirin sabiq icra başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədovun cəzasının azaldılması, əmlaklarının bir hissəsinin isə ona qaytarılacağına dair xəbərlər yayılıb. Məlum olub ki, sabiq başçının cəzası bir il azaldılaraq 10 il 6 ay təyin olunub. Bu isə ictimaiyyətdə müzakirələrə səbəb olub. A.Məmmədovun cəzasının azaldılması nə ilə bağlı ola bilər?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov Alimpaşa Məmmədovun cəzasının əsl səbəbinin məlum olmadığını deyib.
O, bunun hər hansı razılaşdırılma əsasında baş verdiyinin mümkünlüyünü qeyd edib:
“Təəssüf ki, Azərbaycanda korrupsiya cinayətlərinə görə demək olar, bütün hallarda sonradan azadlıqdan məhrumetmə müddəti azaldılır, nələrsə qaytarılır. Bu da daha çox ondan xəbər verir ki, pərdəarxası nəsə bir əqd bağlanılır. Ola bilər ki, məsələn, müəyyən dərəcədə dəymiş ziyanı ödəyir və s. Hər birimiz azərbaycanlı məmurların çoxunun əmlakının xaricdə olduğunu bilirik. Ona görə də bizim hüquq mühafizə orqanlarının ora əli çatmır. Həm də xaricdə olan mülk məmurların öz adlarına olmur. Həbs ediləndə isə pulun olmadığını deyirlər. Sonra da “alver” etməyə başlayırlar. Mən heç kimi ittiham etmirəm, bu, bir ehtimaldır”.
Hüquqşünas adi insanlarla məmurların həbsini müqayisə edib:
“Sadə vətəndaş həbs olunanda nədənsə belə şeylər baş vermir, amma korrupsionerlərdə bu cür hal yaşanır. Ola bilər razılaşır ki, xaricdən filan əmlakı gətirib, sizə verirəm və söhbət belə həll olunur. Açığı, buna pis baxmıram. Hətta 7-8 il bundan öncə özüm maliyyə aministiyasının olması haqda təklif vermişdim ki, maliyyə aministiyası olsun, korrupsionerlər isə xaricdən pulları gətirsinlər. Amma bu, şəffaf və qanunla olmalıdır. Gələn əmlaklar, pullar dövlət büdcəsinə daxil olunmalıdır. İndiyə kimi eşitmisinizmi ki, hansısa oğru, rüşvətxor, korrupsioner gətirib, filan əmlakı dövlətə qaytardı? Bu barədə maliyyə nazirinin də hesabatı yoxdur. Nə verilir, heç bilinmir kimlərin cibinə gedir. Əgər söhbət əmlakı xalqa, dövlətə qaytarmaqdan gedirsə, olsun. Qoy, bunun müqabilində lap azadlığa çıxsınlar. Əsas odur dəymiş ziyan dövlətə qaytarılsın. İndi hələ cəzasını azaltmaqla yanaşı, əmlakının müəyyən hissəsini özünə qaytarırlar. Məsələnin pis tərəfi odur ki, digər korrupsionerlər baxır və deyir ki, hə, onda daha çox oğurlayım, büdcəni talayım ki, sabah tutulanda “alver” üçün yer olsun”.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Zaira Akifqızı
Globalinfo.az