' Dövlətin dərmanları qara yollarla apteklərə verilir'

16-11-2024, 10:49   


Noyabrın 14-də şəkərli diabetlə beynəlxalq mübarizə günü idi. Azərbaycanda diabetdən əziyyət çəkənlər üçün pulsuz dərmanların verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına görə, pulsuz dərman Səhiyyə Nazirliyinin təsdiq etdiyi xüsusi formada olan resept nüsxəsində yazılır. Lakin xəstələrə pulsuz dərmanların verilməsində hələ də problemin olduğu ilə bağlı şikayətlər eşidilir.

"Aptekdən dərman almağa pulum çatmır"

Bakıda Məryəm Məmmədova (adı şərtidir) AzadlıqRadiosuna deyib ki, hər il pulsuz dərmanların verilməsində problem yaranır: "Bu problem illərdir davam edir. Uzun növbələr yaranır. Sonra da məlum olur ki, dərman yoxdur. Mən dərmandan asılı olan insan qalıram belə".

Onun sözlərinə görə, həkimlərin "dərman yoxdur" dedikləri zaman apteklərdə həmin dərmanlar sərbəst satılır: "Mən pensiyaçı adamam, aptekdən daima dərman almağa pulum çatmır".

Dərmanların keyfiyyətindən də şikayətlər var. Bəzi şikayətlərə görə, onlar şəkər əleyhinə dərmanları xarici ölkələrdən gətizdirirlər ki, bu da əlavə vəsait tələb edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə 30 min 500 yeni diabet xəstəliyi olan şəxs qeydiyyata alınıb.

Şəkər xəstələri Endokrinoloji xəstəxanadan dərmanları tam ala bilmir - GƏNCƏDƏN REPORTAJ
 Embed paylaş
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:007:290:00






2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385 min 179 nəfər olub. Onlardan 35 min 765 nəfəri insulindən asılıdır.

Dünya Diabet Federasiyasının proqnozlarına görə, də Azərbaycanda belə xəstələrin sayı növbəti illərdə arta bilər.

Maliyyəyə gəlincə, 2024-cü ildə şəkərli diabet üzrə tədbirlərə 58.3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda ümumilikdə 99 adda dərman preparatları pulsuz paylanılır: "Şəkərli diabet, onkoloji və xroniki böyrək çatışmazlığı olan xəstələrin də lazımi dərman vasitələri dövlət tərəfindən pulsuz təmin olunur".

"Növbəlilik prinsipi ilə həyata keçirilir"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, şəkərli diabet xəstələri üçün nəzərdə tutulan insulinin həcmi aylıq maksimal 1200 təsir vahidi, həblərinin yekun cəmi isə 60-dır.

Əlavə edilib ki, hər ayın sonunda TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təqdim etdiyi tələbnamə əsasında şəkərsalıcı dərman preparatları növbəti ayın əvvəlindən etibarən mərhələli şəkildə respublika üzrə paylanılır: "Dərman təminatı tələbatdan asılı olaraq, növbəlilik prinsipi ilə həyata keçirilir".

Aydın Əliyev
Aydın Əliyev

"Başqa ölkədən alıb gətirilən..."

Amma "Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də AzadlıqRadiosuna deyib ki, ölkədə şəkərli diabetdən əziyyət çəkənlər üçün həm dərman çatışmazlığı var, həm də həmin dərmanların keyfiyyəti suallar doğurur: "Başqa ölkədən alıb gətirilən insulin qanda şəkərin səviyyəsini daha yaxşı tənzimləyir, nəinki burada verilən insulin. Bunun səbəbləri araşdırılmalıdır".

Həkim qeyd edib ki, qanda şəkərin miqdarını ölçən qlükometr üçün lazim olan striplər də xəstələrə çox az verilir: "Bu miqdarla xəstə ay ərzində cəmi bir neçə dəfə şəkər səviyyəsini yoxlaya bilir, halbuki, hər gün onu ölçməsi üçün xəstələrə şərait yaradılmalıdır".

A.Əliyevin sözlərinə görə, problemlərdə həm ayrılan maliyyənin azlığı, həm də şəffaflığın olmaması rol oynaya bilər: "Mən də çox eşidirəm: eyni rayonda xəstəyə deyirlər ki, şəkər diabeti üçün dərman yoxdur, amma xəstəxananın yanında yerləşən apteklərdə həmin dərmanlar satılır. Həmin xəstələr bunu onunla əlaqələndirirlər ki, ola bilsin, dövlətin verdiyi dərmanlar qara yollarla apteklərə verilir. Bu məsələ ciddi araşdırılmalıdır".

O vurğulayır ki, bütün dünyada diabet xəstələrin sayında artım var, amma Azərbaycanda bu artım daha sürətlə gedir: "Çünki bizdə qidalanma gigiyenası ilə bağlı vəziyyət ürəkaçan deyil. Maarifləndirmə işi düzgün aparılmır".

Adil Qeybulla
Adil Qeybulla

"İcbari tibbi sığorta paketinə daxil edilməlidir"

Tibb elmlər üzrə doktoru Adil Qeybulla diqqəti başqa bir məqama yönəldir: "Şəkərli diabet xəstəliyinin ağırlaşmalarını icbari tibbi sığorta qarşılamır. O xəstələr çox ciddi problemlər yaşayırlar. Bu ağırlaşmalar uzunmüddətli müalicə və böyük məsrəflər tələb edir. Ona görə də, bunlar icbari tibbi sığorta paketinə daxil edilməlidir".

Onun fikrincə, ölkədə profilaktika istiqamətində ciddi işlər getməlidir, önləyici tədbirlər aparılmalıdır və bunların maliyyəsi təmin edilməlidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.