Məmurlar varlanır, uşaqpulu 1 manat artırılır - Gələcəyin əsgəri üçün...

Dünən, 09:47   








Gələn il 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətin məbləğinin 34 manat olması proqnozlaşdırılır.
2024-cü ilin 6 ayı üzrə 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətin faktiki orta məbləği 33 manat olub. Anaxeber.info-nun iqtisadiyyat şöbəsi yazır ki, hökumət uşaq pulunu faktiki 1 manat artırıb. Bu da sosial şəbəkədə hoydu-hoyduya qoyularaq məsxərə mövzusuna çevrilib. Onsuz da uşaqpulu verilməyən ölkədə, yalnız bəzi dövlət qulluqçularına simvolik uşaqpulu verildiyi bir vaxtda bu müavinətin gələn il üçün cəmi 1 manat artırılması gülməli və ağlamalı faktdır. Yəni bunu izah etmək üçün hansı fəlsəfədən, hansı iqtisadi əsaslandırmadan istifadə edilməsi riyazi elmə məlum deyil. Yəni əmək və əhalinin sosial müdafiəsi naziri, maliyyə naziri, parlament üzvləri gələn ilin büdcəsini müzakirə edərkən uşaqpulu müavinəti ilə bağlı belə gülünc nəticəyə gəliblər. Ölkədə ən vacib məsələlərdən biri uşaqpuludur. Bu, hamıya verilməlidir - imkanı olana da, olmayana da. Bu, xalqın vergisi ilə formalaşan büdcədən almalı olduğu tam haqqıdır. Dünyanın inkişaf etmiş ölkələri fərq qoymadan, əhalini kateqoriyalara bölmədən uşaqpulu verir. Misal üçün alman ailələri öz övladlarını həmin müavinət olmasa belə aldıqları məvaciblə saxlaya bilirlər, lakin hökumət bütün hallarda uşaqların müavinətini verir. Hərçənd, almanların azərbaycanlılar qədər bu müavinəti ehtiyacı yoxdur. Bizdə isə bu vəsait çox böyük rəqəm deyil və hər uşağa görə 100 manat vermək mümkündür. Dövlətin imkanlarına, neft-qaz gəlirlərinə, investisiya qoyuluşlarına baxanda uşaqpulu vermək üçün potensial var. Yəni büdcədən bunun üçün ciddi bir maliyyə ayrılmayacaq ki, dövlət üçün yük olsun. Amma bizdə büdcə vəsaitləri mənimsənə bilir, məmurlar getdikcə daha da varlanır, müxtəlif layihələrə milyonlar xərclənir, amma uşaqpuluna gəldikdə pul olmadığı deyilir. Ancaq hansı orta ranqlı məmuru silkələsən, altından yüzminlər, malikanələr, ailəsinin varidatı çıxır. Hələ yüksək ranqlı məmurları, nazirləri qeyd etmirik, adi bir idarə rəisi, hansısa nazirliyin departament müdiri oliqarx həyatı yaşayır - bağ evləri,  maşın kolleksiyaları, mülklər, obyektlər, şəxsi biznes, yay-qış xaricə tətillər və s.
Lakin xalqa gələndə, 1 manat uşaqpulu artırılır - gələcəyin əsgəri, gələcəyin anası, gələcəyin tələbəsi, gələcəyin kadrının sağlam, ehtiyacsız yetişməsi üçün...


Azər Talıbov




Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.