Ərdoğan: “Biz İsraillə münasibətləri tamamilə kəsdik”

20-11-2024, 09:11   



“Dünya hələ də İsrailin zülmünə qarşı gözlədiyimiz mövqeyi tutmadı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarət əlaqələrini kəsdiklərini deyib.
Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Zirvəsindəki görüşlərini başa vurduqdan sonra mətbuat konfransı keçirib.

Jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti ölkəsinin iqtisadi, siyasi əlaqələrindən, dünyada gedən proseslərə təsirindən, etdikləri humanitar yardımlardan geniş danışıb.

Türkiyənin İsrailə təzyiqlərini davam etdirib-etməyəcəyi ilə bağlı suala Ərdoğan belə cavab verib:

“Ölkəmizdəki bəzi siyasi partiyalar qəribə sözlər desələr də, biz İsraillə münasibətləri tamamilə kəsdik və son olaraq İsrail Prezidentinin Azərbaycanda keçirilən COP29 sammitinə getmək üçün bizim hava xəttimizdən istifadə etməsinə icazə vermədik. Bakıya başqa yollarla çatmaq olar. Onlardan istifadə etməsini dedik. Gedə bildi, ya yox, onu bilmirəm”.

“İsrailin Qərb güclərinin dəstəyi ilə bölgəmizə vurduğu dövlət terrorunun insani bədəli günü-gündən artır”, – Türkiyə Prezidenti vurğulayıb.

“Dünyamızın eyni anda birdən çox müharibə, soyqırım və humanitar faciə ilə mübarizə apardığı bir dövrü xatırlaya bilmirəm. Xüsusilə Qəzzada aclıq riski beynəlxalq təsnifatlara görə fəlakətli həddə çatıb”, – Ərdoğan Qəzzadakı vəziyyətdən də danışıb. Deyib ki, Qəzzanın 96 faiz əhalisi, başqa sözlə, 2 milyondan çox insan sağlam qida və su əldə edə bilmir:

“İsrail hökuməti təkcə bizim deyil, açıq hava həbsxanasına çevirdiyi Qəzzaya humanitar yardımların daxil olmasına mane olmaqla, insanlığa qarşı cinayət törədir. BMT və bir çox təşkilat da bunu deyir. 14 aydır ki, İsrailin hücumlarında həyatını itirən 50 min fələstinlinin yüzdə 70-dən çoxu qadın və uşaqlardır. Livanda qətlə yetirilənlərin əhəmiyyətli bir hissəsi günahsız dinc sakinlərdir”.

“Biz hər fürsətdə Livandakı qırğına son qoymaq üçün təcili və daimi atəşkəsə ehtiyac olduğunu bildiririk. Biz bu çağırışı G20 Rio Sammitində də təkrar etdik. Bizim təşəbbüslərimiz nəticəsində G20 Liderlərinin Bəyannaməsində Qəzza ilə bağlı sərt bəyanatlar yer aldı”, – Ərdoğan jurnalistlərə deyib.

Livandakı təhlükəli eskalasiya ilə bağlı dərin narahatlığın, eləcə də Qəzzaya humanitar yardımın çatdırılması qarşısındakı maneələrin aradan qaldırılması çağırışının rəhbərlik səviyyəsində qeydə alındığını vurğulayan Ərdoğan deyib:

“Bunu birdəfəlik başa düşmək lazımdır. Bizim heç bir ölkə, xalq, inancla problemimiz yoxdur. Bizim problemimiz qırğınlarladır. Bizim problemimiz daha çox günahsız qan tökərək öz ölkəsinin və vətəndaşının təhlükəsizliyini istəyənlərlədir. Bizim problemimiz işğal və işğal siyasəti ilə coğrafiyamızı xaosa və qeyri-sabitliyə sürükləyənlərlədir”.

14 aydır Qəzza xalqına qarşı törədilən soyqırımının cəzasız qalmaması üçün Beynəlxalq Ədalət Məhkəməsində açılan işə müdaxilə etmək qərarına gəldiklərini ifadə edən Ərdoğan, bu məqamda məsul dövlətlərin bu addımı atmasının vacib olduğunu vurğulayıb.

İsrailə silah və sursat göndərilməsinin dayandırılmasını tələb edən məktubunun 52 ölkə və 2 beynəlxalq təşkilatın birgə imzası ilə Birləşmiş Millətlər Təşkilatının sənədi olaraq dərc edildiyini xatırladan Ərdoğan, “Fələstin Dövlətinin tanınması çox vacibdir”,- deyib.

Rəcəb Tayyib Ərdoğan, “Dünya hələ də İsrailin zülmünə qarşı gözlədiyimiz mövqeyi tutmadı, amma biz Türkiyə olaraq bu mübarizəni hazırda dostlarımızla əl-ələ verərək davam etdiririk”,- söyləyib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar