Nərgiz Absalamovadan xəbər var: “Təcridxanada dərman yoxdur, “Nemesil”lə ötüşdürürlər”

5-11-2024, 19:58   



Necə olur, bu boyda müəssisədə analiz götürməyə heç bir avadanlıq yoxdur?”

“AbzasMedia”nın həbsdə olan əməkdaşı, jurnalist Nərgiz Absalamova saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) 2-ci korpusunda xəstəlikdən əziyyət çəkən qadın məhbusların vaxtında və keyfiyyətli tibbi yardım ala bilmədiklərini açıqlayıb.

Bu barədə noyabrın 5-də “AbzasMedia” məlumat yayıb.

Nərgiz Absalamova yazıb ki, məhbus qadınlar yüksək təzyiq, şəkərli diabet, daxili orqanların müxtəlif xəstəliklərindən əziyyət çəksələr də, onların çağırışlarına gələn həkimlər çox vaxt dərmansız olurlar:

 ““O xəstəliyə uyğun dərmanımız yoxdur” – cümləsi buradakı məhbusların tez-tez eşitdiyi cavabdır. Xəstəlikdən asılı olmayaraq həkimlər “Analgin”, “Aspirin” və ya “Nemesil” verib məhbusun kamerasından uzaqlaşırlar. Gecə növbəsinin gec gələn həkimləri bütün ağrıları ağrıkəsici dərmanla ötüşdürüb səhər Güney Həsənova adlı həkimin gəlməyini gözləməyi məsləhət görürlər. Amma Güney həkimin gəlməyi üçün neçə səhərlərin keçməsi gərəkdiyi bilinmir. Çünki həkim həftədə bir-iki dəfə, bəzən isə ümumiyyətlə korpusa gəlmir. Gəldikdə isə qadın məhbuslara cəmi 1-2 saatını ayırır və öncəliyi ödəniş edən məhbuslara verir. Qalan vaxtda isə digər şəxslər qəbuluna düşməyə çalışırlar”.

“Bir ildir BİT-də saxlanılan Şəmsiyyə İsmayılova adlı məhbus deyir ki, iki aydan çoxdur yüksək təzyiq, nevroloji problemləri ilə bağlı Güney həkimə müraciət etsə də, onu nə müayinə edir, nə dərman verir, nə də resept yazır ki, özü ala bilsin. Hər gün təzyiqim qalxır. Elə olur ki, ağrıdan yerimdə dayana bilmirəm. Başqa məhbuslardan xahiş edib ağrıkəsici dərman alıram. Elə olur gündə 4-5 ağrıkəsici dərman qəbul edirəm. Belə dərd olar? Nəzarətçilər Güney həkimdən xahiş ediblər deyə, bir-iki dəfə məni USM müayinəsinə aparıb. Deyirəm, USM heç nə göstərmir, heç olmasa qan analizi götürün, bəlkə, qanımda səbəb tapıldı. Deyir ki, bizdə analiz yoxdur. Bəs mən nə etməliyəm? Necə olur, bu boyda müəssisədə analiz götürməyə heç bir avadanlıq yoxdur? Axşam gələn növbətçi həkimlər deyir ki, “səndə ağrı əsəbdəndir”. Bildiyimə görə, Güney xanım nevropatoloqdur”, – deyə o bildirib.

Nərgiz Absalamova daha sonra yazır ki, Şəmsiyyə İsmayılova baş həkimin qəbulunda da olub:

Baş həkim Güney xanıma onu müayinə edib müalicə etməyini tapşırıb, amma qapıdan çıxan kimi bu tapşırıq da unudulub”.

“Məhbuslarla söhbətləşdikcə aydın olur ki, Güney həkim onlara (siyasi məhbuslar istisna olmaqla) sistemi pul qarşılığında qoşur, analiz üçün 20 manat istəyir və 200-300 manat qarşılığında məhbusları Penitensiar Xidmətin nəzdindəki müalicə müəssisəsinə göndərir. Təcridxanada iki stomatoloq var. Onlardan Taleh adlı həkim diş müalicəsi üçün məhbuslardan pul istəyir. Pulsuz olan ancaq dişindən olmaqdır. Qalan prosedurlar yalnız ödənişlə edilir. Müəssisədə həkimlər ixtisasları üzrə işləmirlər. Güney həkim ixtisasca nevropatoloq olsa da, bütün xəstəliklərin müayinə və müalicəsi ona tapşırılıb”, – deyə məhbus jurnalist əlavə edib.

Absalamova mövcud vəziyyətlə bağlı dəfələrlə təcridxananın rəisi Elnur İsmayılova şikayət etdiklərini deyib, ancaq “bir cavab” alıblar: “Həkimlər bizə tabe deyil”.

O, müəssisəyə gələn Ombudsman Aparatının əməkdaşlarına bu problem çatdırılanda isə sadəcə, qeydiyyat aparmaqla kifayətləndiklərini vurğulayıb:

“Onlardan bu vaxta qədər geridönüş almaq mümkün olmayıb”.

Noyabrın 4-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından yazdığı məktubda həbsxanada vəziyyətin pis olduğunu bildirmişdi.

Jurnalistin sözlərinə görə, bir ilə yaxındır ki, saxlanıldıqları Bakı İstintaq Təcridxanasında bir sıra məhdudiyyətlər, təzyiq və hədələrin iki səbəbi var:

“Onlardan biri həbsxanada baş verən işgəncələri, qanunsuzluqları ictimailəşdirməyimizdir. Bakı İstintaq Təcridxanası (BİT) və Penitensiar Xidmət (PX) rəhbərliyi fikirləşir ki, həbsxanada gözümüzün qabağında sistemli işgəncə, qeyri-insani rəftar, korrupsiya, özbaşınalıq, seçki saxtakarlığı həyata keçirəcəklər, biz də hansısa səbəbdən bu cinayət əməllərindən danışmayacağıq. Problemləri işıqlandırdığımıza görə PX rəhbərliyi bizə qarşı növbəti ucuz təzyiq metodlarına əl atmağa başlayıb. Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və mənim ailə üzvlərimizlə görüşlərə maneələr yaradılır“.

Meydan TV hər iki məktubla əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevə müraciət edib.

T.Mustafayev Ülvi Həsənlinin yazdıqlarının doğru olmadığını bildirib.

O, Nərgiz Absalamovanın məktubundakı qeydlərlə bağlı sualların onlara yox, müvafiq nazirliyin Tibb Baş İdarəsinə aid olduğunu deyib.

Tibb Baş İdarənin həkimi İftixar Qurbanov Nərgiz Absalamovanın yazdıqlarını araşdıracaqlarını və Ədliyyə Nazirliyinin mətbuat xidmətinə məlumat verəcəklərini bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.