Zakir Qaralov niyə “Zaminbank”ın borcunu ödəmir? - İLGİNC İDDİALAR

9-12-2024, 18:05   




Zakir Qaralov niyə “Zaminbank”ın borcunu ödəmir? - İLGİNC İDDİALAR

2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olmuş Zakir Qaralovun nəzarətində olan "Akkord” şirkətinin ləğv edilmiş "Zaminbank” ASC-yə 22 milyon manat borcu var.

Hurriyyet.az
xəbər verir ki, "Arqument.az”a daxil olan məlumata görə, "Zaminbank” ASC-nin 8 ildir ləğv edilməsinə baxmayaraq "Akkord” şirkəti hələ də banka olan borcu qaytarmayıb.

Məlumatda bildirilir ki, şirkət götürdüyü kreditin müqabilində banka heç bir girov təqdim etməyib. Bu qanunsuzluğa göz yumulması Mərkəzi Bankın prosesdə maraqlı olması ilə bağlıdır.

İddialara görə, "Akkord” şirkəti aktiv fəaliyyətdə olduğu dövrdə yol istismarı adı altında Mərkəzi Bankdan 100 milyon kredit götürüb.

Mərkəzi Bank hansısa quruma və şəxsə birbaşa kredit verə bilmədiyi üçün vəsait "Akkord” şirkətinə müxtəlif banklar, o cümlədən "Zaminbank” ASC vasitəsilə ötürülüb.

Zakir Qaralovun himayə etdiyi şirkət isə dövlət vəsaiti olan bu pulları qaytarmaq niyyətində görünmür.

Araşdırmalar zamanı o da məlum olub ki, "Zaminbank” ASC 20 milyon manatlıq krediti birbaşa "Akkord”a deyil, səhmlərinin 80 faizi bu şirkətə məxsus olan "Doch Fasad”a ayırıb: "Mərkəzi Bank tərəfindən ayrılmış bəhs etiyimiz kredit müqabilində hansısa girov götürülməyib. Bu da özlüyündə ciddi qanun pozuntusudur. Kredit Balaxanıda Zavodun tikintisi üçün ayrılmışdı. Həmin zavodun tikintisi üçün əlavə olaraq İqtisadiyyat Nazirliyindən də 3 milyon manat ayrılıb. Baxmayaraq ki, "Zaminbank" ASC 2016-cı ilin 22 iyul tarixində bağlanıb, bu vaxta qədər nə götürülmüş borc qaytarılıb, nə də kredit faizləri", - deyə məlumatı verən mənbə əlavə edib.

Maraqlıdır ki, prosesdə aparıcı rol oynayan Mərkəzi Bank kreditin qaytarılması məsələsində kölgəyə çəkilib. Halbuki Mərkəzi Bankın girovsuz verdiyi vəsaitləri geri almaq öhdəliyi həm Əmanətlərin Sığortalanması Fondunun, həm də özünün üzərinə düşür.

Bu isə kredit verilən dövrdə Mərkəzi Bankı sədri olmuş Elmar Rüstəmovun Zakir Qaralovla işbirliyində olmasına şübhələri artırır.

Dövlət vəsaitini geri qaytarmaq üçün "Zaminbank”ın müsadirə olunmuş əmlakları hərraca çıxarıla bilər. Lakin naməlum səbəblərdən bu da baş vermir.

Mərkəzi Bankın məsələ ilə bağlı mövqeyinə diqqət etdikdə aydın şəkildə görünür, bank məsuliyyətdən yayınmağa çalışır:

"Ləğv prosesində olan "Zaminbank” ASC ilə bağlı daxil olan sorğunuz üzrə bildiririk ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (Məhkəmə) 22 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC (Bank) məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (Fond) 24 iyul 2016-cı il tarixdən Bankın ləğvedicisi təyin edilib. Məhkəmənin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Bank barəsində iflas proseduruna başlanılıb. Bankın idarə olunması üzrə bütün səlahiyyətlərin həyata keçirilməsi, bankın aktivlərinin idarə edilməsi, kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi, eləcə də bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlərin görülməsi, bankın aktiv və öhdəliklərinin satışının və ya köçürülməsinin həyata keçirilməsi "Banklar haqqında” Qanunun (Qanun) 71.7-ci maddəsinə müvafiq olaraq ləğvedicinin (Fond) səlahiyyətindədir. Qanunun 71.4-cü maddəsinə uyğun olaraq ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir".
Mərkəzi Bank hətta "Zaminbank” ASC-nin 187 milyon manatdan çox dəyəri olan və məhkəmə qərarı ilə müsadirə olunmuş əmlakının olmasını da qəbul etmir:

"Müsadirə edilmiş əmlakların dəyəri ilə bağlı müraciətinizdə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Qanunvericiliyə uyğun qaydada kreditlərin təminatı olan Bankın balansında olan əmlakların satışı üzrə lazımi tədbirlər Fond tərəfindən, digər əmlaklara münasibətdə isə Mərkəzi Bank tərəfindən hüquqi tədbirlər görülməkdədir. Cari dövrədək vətəndaşların qorunan əmanətlərinin kompensasiya olunan hissəsinin 99%-i (2084 nəfər müştəri üzrə 76.594.114 manat) ödənilib. Ödənilmiş kompensasiya məbləğinin təqribən 60 milyon manat məbləğində hissəsi Bankın aktivlərinin yığımı və satışı nəticəsində bərpa edilib. Qanunun 82-ci maddəsinə əsasən Bankın Fond qarşısında olan öhdəliyinin tam şəkildə icrasından sonra digər növbəliklər üzrə tələblərin ödənişi davam etdiriləcək".

Əmanətlərin Sığortalanması Fondundan verilən açıqlamada isə bildirilib ki, mülki qanunvericiliyin tələblərinə əsasən, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır:

"Həmin norma banklara münasibətdə deyil, birbaşa hüquqi şəxslərin ləğvi ilə əlaqədar nəzərdə tutulmuşdur. Bank sahəsi spesifik sahə olduğuna görə, eyni hüquq münasibətlərini tənzimləyən konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir. Bu səbəbdəndir ki, bankların müflis elan edilməsi ilə əlaqədar olaraq ləğvetmə prosesinin tənzimlənməsi birbaşa olaraq "Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Müflis elan olunan bankın vəziyyəti digər əsaslarla ləğv edilmiş bankların vəziyyətindən daha mürəkkəb olduğundan, bank öz öhdəliklərini tam yerinə yetirməyə qadir olmadığından, onun ləğvinin xüsusi prosedur qaydası, kreditorların tələblərinin qəbulu və təsdiqinin fərqli şərtləri, tələblərin ödəniş növbəliliyi həmin Qanunda müəyyən edilib".

"Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən, "Zaminbank” ASC məcburi qaydada ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən "Zaminbank” ASC-nin ləğvedicisi təyin edilib.
Həmin Məhkəmənin 19.09.2016-cı il tarixli, 2-1(81)-3620/16 nömrəli qərarı ilə ”Zaminbank” ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılıb.

Bank məhkəmə qərarı əsasında müflis elan edildikdən sonra Bankın aktiv fəaliyyət göstərdiyi müddət ərzində bağladığı müqavilələrin icra olunması, aktivlərin realizəsi, kredit yığımlarının həyata keçirilməsi, borcalanların öhdəliklərinin tam icra edilməsi üçün Bankın ləğvetmə prosesinin yekunlaşması uzun müddət tələb edir.

Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə öhdəliklərin icra edilməsi müddəti müəyyənləşdirilib", - deyə məlumatda vurğulanır.
"Qanunun 82.1.2-ci maddəsinə əsasən, LPO "Zaminbank” ASC üzrə hazırda fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası davam etməkdədir. Belə ki, Fond tərəfindən ümumilikdə 76.594.114 manat məbləğində vəsait Bankın əmanətçilərinə kompensasiya edilmiş və hazırki tarixədək reqres tələbindən irəli gələrək 60.728.797 manat məbləğində vəsaitin Fonda qaytarılması təmin edilib. Qanunun müddəlarına əsasən, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq açıq hərracda satılır. Lakin Məhkəmə qərarı əsasında müsadirə olunmuş əmlak (lar)ın sərəncamvericisi qismində ləğvedici çıxış etmədiyindən belə əmlakların özgəninkiləşdirilməsi Fondun səlahiyyətləri xaricindədir. Hazırda sadəcə sorğuda adı çəkilən hüquqi şəxs barəsində deyil, həmçinin LPO "Zaminbank” ASC-nin digər borcalanlarının kredit yığımlarının həyata keçirilməsi istiqamətində məhkəmə və icra orqanları ilə sıx qarşılıqlı əlaqə şəraitində işlər davam etdirilir", - deyə Fondan belə bildirilib.
Aydın görünür ki, Əmanətlərin Sığortalanması Fondu məsuliyyəti öz üzərindən ataraq ümumi sözlərlə məsələyə münasibət bildirib.

Mütəxəssislər isə ölkədə əksər bankların bağlanmasının səbəbini bu kimi məmur özbaşınaığının törətdiyi iflasla əlaqələndirirlər.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar