Abdin Fərzəliyevin milyon yarımlıq sifariş şübhəli şirkət – Yol təmir edən “Proqress İnşaat En” həm bayram tədbiri keçirir

9-08-2024, 13:06   


Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi satınalma müsabiqələrində tez-tez qalib seçilən şirkətlərdən biri də “Proqress İnşaat En” MMC-dir.
Reportyor.info xəbər verir ki, bir il ərzində şirkət icra hakimiyyətinin 7 satınalma müsabiqəsinin qalibi seçilib.
Müsabiqələr əsasən təmir işlərinin satın alınması ilə bağlı keçirlib. Lakin “Proqress İnşaat En” şirkətinin qalib seçildiyi iki müsabiqə inşaat sahəsinə aid deyil. Bunlardan biri Qurtuluş Günü, digəri isə Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədardır.
Beləliklə, məlum olur ki, təmir-tikinti işləri ilə məşğul olan “Proqress İnşaat En” MMC həm də bayram tədbirləri təşkil etməklə məşğul olur.
“Proqress İnşaat En” MMC-nin qalib gəldiyi satınalma müsabiqələri üzrə satınalma müqavilələrin ümumi maliyyə dəyəri 1 143 241,99 manatdır.
“Proqress İnşaat En” şirkətinin adına Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında rast gəlinmir. Böyük ehtimalla bu, Dövlət Vergi Xidmətinin saytının yenilənməsi ilə ilə əlaqədardır. Çünki bəzi hallarda axtarış zamanı başqa şirkətlərin də adı çıxmır.
Lakin internet resurslarında apardığımız araşdırmalar zamanı məlum olur ki, “Proqress İnşaat En” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Pivə Zavodu, ev 24/6-da yerləşir. MMC-nin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Məlumatlara görə, Nazim İslamov şirkətin sahibi deyil. “Proqress İnşaat En” MMC Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib.
Yerli mətbuat yazır ki, Eldar Şirinov Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir.
Görünür, şirkətin Abşeron Rayon İcra Hakimiyyətinin tenderlərində qalib gəlməsinin sirri budur.
Açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinməyən, maddi-texniki bazasının hansı vəziyyətdə olduğu bəlli olmayan bir şirkətin dövlət satınalmalarında qalib gəlməsini başqa cür izah etmək mümkün deyil.
Bir məqamı qeyd etmək yerinə düşər. “Proqress İnşaat En” MMC Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbəsi Səttar Bəhlulzadə və Çingiz Qurbanov küçələrində yolun əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi olub. Bu sorğu üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 33 775,55 manatdır.
Bu məbləğə hansısa yolun əsaslı təmir ediləcəyi şübhəli görünür. Biz hələ onu demirik ki, hazırda Sarayda yollar bərbad vəziyyətdədir. Saray yollarına diqqət etdikdə burada hansısa əsaslı təmirdən söhbət getmədiyini aydın şəkildə görmək mümkündür.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.
Ümumiyyətlə isə Abdin Fərzəliyevin icra başçısı kimi karyerası 2003-cü ildən başlayır. O, Abşerondan əvvəl Nərimanov və Nizami rayonların icra başçısı vəzifəsində işləyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.