"Deputatın rektor kimi fəaliyyəti Konstitusiyanın pozulmasıdır" - AÇIQLAMA

4-09-2024, 13:20   





1 sentyabrda ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərinin nəticlərinə görə lider olan namizədlər arasında iki ali məktəb rektoru da var. Onlardan biri 28 saylı Sabunçu üçüncü seçki dairəsindən lider namizəd Eldar Quliyev Azərbaycan Kooperasiya Universitetinin rektoru, digəri isə 51 saylı Şirvan seçki dairəsindən lider namizəd Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. 

Heydər Əsədovun deputat mandatı təsdiq olunduqdan sonra rektor vəzifəsindən azad olunacağı gözlənilir. Lakin bunu Eldar Quliyev haqqında demək çətindir. Çünki ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olmuş Eldar Quliyev 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur və bu günə qədər universitetdəki vəzifəsində qalır. Baxmayaraq ki, mövcud qanunvericilik millət vəkilinin eyni zamanda rektor vəzifəsində çalışmasını qadağan edir, amma nədənsə Eldar Quliyev hər iki vəzifədə çalışır. Hətta Milli Məclisin saytında da onun tərcümeyi-halında rektor olduğu göstərilib. Yəni o, Azərbaycanda yeganə rektordur ki, həm də millət vəkilidir.

Bəs rektorlar deputatlığa namizəd ola bilərlərmi və seçildiyi təqdirdə onlar tutduqları vəzifədən getməlidirlərmi?

Bu barədə tanınmış hüquqşünas, keçmiş deputat, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci maddəsində Milli Məclisin deputatlığa namizədlərinə dair tələbləri var:

"Bu tələblərdən biri də icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Başqa sözlə desək, indiki universitetlərin əksəriyyəti publik hüquqi şəxslərdir və ya özəldirlər, ona görə də digər ödənişli vəzifələrə aid edilirlər. Bu baxımdan rektorlar müəyyən tələblərə görə deputatlığa namizəd ola bilməzlər".

Hüquqşunas vurğuladı ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 53-cü maddəsində namizədliyin irəli sürülməsindən və qeydiyyatından bəhs edir:

"Milli Məclisə namizədlər irəli sürülərkən onlar bildiriş təqdim edirlər. Həmin bildirişdə namizəd seçici dövlət orqanlarına, o cümlədən Milli Məclisə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə təqdim edir. Beləliklə, o, öhdəlik götürür ki, seçiləcəyi halda həmin vəzifələrindən azad olunacaq. Həmçinin Seçki Məcəlləsinin 173-cü maddəsində Milli Məclisə seçilmiş deputatların qeydə alınmasından bəhs edilir. Həmin maddədə qeyd edilir ki, Dairə Seçki Komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini, yaxud bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

Yəni, hazırda rektor olaraq seçilən deputatlar bu maddəyə əməl edirlər və Mərkəzi Seçki Komissiyası o kəslərə deputat vəsiqəsi verir. Əgər onlar həmin vəzifədən azad olunmaları barədə əmrin surətini və ya bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini verməsələr, deputat mandatından məhrum ediləcəklər. Bu halda həmin dairə üzrə seçkinin nəticələri ləğv ediləcəyi ilə bağlı məhkəməyə müraciət ediləcək və həmin məntəqədə yenidən seçkilər keçiriləcək". 

Keçmiş deputat qeyd etdi ki, artıq rektor olaraq deputat seçilmiş şəxslər həmin işdən azad olunduqları barədə əmrlərin surətlərini Mərkəzi Seçki Komissiyasına vermək barədə qərarı qəbul ediblər və sənədləri təqdim etməkdədirlər:

"Bütün hallarda rektor seçilmiş şəxslər digər ödənişli vəzifə olduğu üçün həmin vəzifədən azad olunduqları barədə sənədləri təqdim etməlidirlər. İstər icra hakimiyyətlərində, məhkəmə orqanlarında dövlət qulluğu keçən şəxslərin hər biri deputat seçiliblərsə, seçim etməlidirlər: ya mandatları almalıdırlar və digər vəzifələrinə xitam verilməlidir, ya da ki işdə qalaraq deputat mandatından məhrum olmalıdırlar. 

Çox təəssüf ki, əvvəlki seçkilərdə, xüsusən V və VI çağırışlarda bəzən görürdük ki, həm dövlət qulluğundadırlar, həm publik hüquqi şəxsin rəhbəridir, həm də deputatdırlar. Bu, Konstitusiyanın pozulmasıdır".

Əliməmməd Nuriyev əlavə etdi ki, deputat seçilmiş rektor işdən çıxdıqdan sonra onun vəzifələrini ya prorektorlardan biri icra edir, ya da başqa bir kəs rektor olaraq təyin edilir.

Sevinc İBRAHİMZADƏ

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.