Müdafiə Nazirliyində daha bir nəfər həbs olunub

14-08-2024, 09:03   




Namiq Mirzəyev xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmədə ittiham edilir

Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə və israfçılıq halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) cinayət işi üzrə həbs olunan general və polkovniklərin məhkəməsi bir ildən çoxdur davam edir. Eyni zamanda, DTX-dakı cinayət işi də bağlanmayıb, orada istintaq davam edir. Həmin cinayət işi üzrə avqustun 13-də daha bir nəfər həbs olunub.

Ordu korpuslarından birinin Maliyyə xidmətinə rəhbərlik edən Namiq Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb. Onun istintaq dövründə həbsdə qalması üçün verilən təqdimata avqustun 13-də Bakı Hərbi Məhkəməsində baxılıb. Təqdimat təmin olunub və ilkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Namiq Mirzəyev Müdafiə Nazirliyindəki həbslərdən sonrakı dövrdə – 2023-2024-cü illərdə yeyintiyə yol verməkdə təqsirləndirilir.

Namiq Mirzəyev 143 milyonluq yeyinti ittihamı üzrə 3 ilə yaxındır həbsdə olan şəxslərin işilə bağlı həm istintaqda, həm də məhkəmədə şahid qismində ifadə vermişdi. O, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və polkovniklərin işi üzrə dindirilmişdi.

Bugünlərdə Hərbi Prokurorluqda istintaqı gedən cinayət işləri üzrə də bir sıra həbslər həyata keçirilib. Həbs olunanlar arasında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin keçmiş rəisi, polkovnik Elmar Məmmədov, bu idarənin Əsaslı və cari təmir bölməsinin rəhbəri Rəhim Laçınov da var. Onlar 660 min manatlıq mənimsəmədə ittiham olunur.

Rəhim Laçınov iyulun 30-da həbs olunub, polkovnik Məmmədov haqqında isə avqustun 9-da eyni qərar verilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.