Nazirlik taksi şirkətlərinin qarşısına ciddi tələblər qoydu: Qiymətlər BAHALAŞACAQ?

23-05-2023, 21:48   


Elməddin Muradlı: “Bu, hələ ki xəbərdarlıqdır, sonra cərimələr də yazılacaq, hətta... “

Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Məlum olub ki, ölkədə minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da "Fərdi məlumatlar haqqında" Qanuna ziddir.

Görüş iştirakçılarına taksi fəaliyyətini tənzimləyən və taksi minik avtomobillərinə dair tələbləri müəyyən edən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub.

Qeyd edilib ki, sərnişindaşımanı yerinə yetirən taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji standartlara uyğun olmalıdır. Tələblərə əsasən daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir.

Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Həmçinin taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, taksi minik avtomobilləri üçün "Fərqlənmə nişanı" alınmalıdır.

Bu görüşdən sonra hansı dəyişikliklər gözlənilir? Taksi qiymətlərində bahalaşma olacaqmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Musavat.com-a danışıb:

48b861674bdc5bd89d2549308bd364ac.jpg (74 KB)

“Əvvəlcə qeyd edim ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu istiqamətdə çox ciddi planları var. Bu tapşırıqları cənab Prezident İlham Əliyev imzaladığı Fərmanla həmin qurumların qarşısına qoyub. Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi və digər qurumlar burada iştirak etməlidirlər. Amma birbaşa aidiyyəti qurum məhz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olduğuna görə onlar bu sahədə artıq ilk addımlarını atıblar. Təbii ki, bunlar bir sıra qurumlarla da razılaşdırılmış addımlardır.

Söhbət ondan gedir ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı cənab Prezidentin ötən ilin əvvəlində imzaladığı Fərman, bunun ardınca Baş nazirin sərəncamı var. Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi bir prioritet olaraq qarşıya məqsəd kimi qoyulub. Yeganə tələb də budur ki, şirkətlər qaydalar çərçivəsində çalışsınlar. Yəni, heç kəs demir ki, sürücülər işləməsin və yaxud onların işinə maneçilik törədiləcək və sairə. Bunlar baş verməyəcək, sadəcə yeganə tələb budur ki, qaydalara uyğun işləmək lazımdır. Qarşıya qoyulan əsas məqsəd, hədəf odur ki, “Fərqlənmə nişanı” alsınlar, yəni, qanunsuz fəaliyyət göstərməsinlər.

Taksi şirkətlərinin qarşısına qoyulan əsas hədəflərdən biri şəxsi məlumatların digərlərinə ötürülüməsinin qarşısını almaqdır. Məlumdur ki, hansısa taksi operatorunun xidmətindən istifadə edərkən, şəxsi məlumatlarımız onların əlinə keçir, o cümlədən mobil telefon nömrəmiz və sairə. Eləcə də sürücülər özləri haqqında işə düzələrkən şirkətə informasiya ötürürlər. Bu o deməkdir ki, informasiya yayıla, digər şəxslərin əlinə keçə bilər. Bu baxımdan nazirlik həmin operatorlara xəbərdarlıq etdi ki, bu məlumatların digərlərinə ötürülməsi məhdudlaşdırılsın. Şəxsi məlumatların qorunması çox vacib məsələdir, elektron təhlükəsizlik deyilən anlayış var və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu istiqamətdə çox böyük layihələrə imza atır, bunlardan biri də insanların şəxsi məlumatlarının qorunması məsələsidir. Hansı ki, bu məsələ bu gün çox ciddi narahatlıq yarada bilər.

Beləliklə, nəzər yetirəndə görürük ki, şirkətlər qarşısında heç bir qanunsuz tələb qoyulmayıb. Hər biri qanuna əsaslanan tələblərdir və şirkətlər bu tələblərə əməl etməyə borcludurlar.

Beləliklə, şəxsi məlumatları digərlərinə ötürmək, qanunsuz fəaliyyət göstərmək olmaz, taksi avtomobilləri təmiz, səliqəli olmalıdır, onların rəng qrafikasına diqqət etmək lazımdır. Yəni, məsələ Azərbaycan qanunvericiliyinə əsaslanmalıdır ki, hansı ki, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarında da öz əksini tapıb ki, taksi yalnız 3 rəngdə ola bilər. Bu baxımdan düşünürəm ki, aidiyyəti qurumlar tamamilə düzgün mövqe seçiblər.

Hələ ki, bu, xəbərdarlıqdır, sonra cərimələr də yazılacaq, hətta sərt tədbirlər həyata keçiriləcək. Ona görə də bu tələb və xəbərdarlıqları indidən ciddiyə almaq lazımdır. Şirkətlər işə götürdükləri şəxslərlə işləməyi bacarmalı, öyrənməlidirlər və onların qarşısında qanunvericiliyə əsaslanan tələblər qoyulmalıdır. Yəni, taksi sürücüləri işə götürülərkən, onların narkoloji dispanserdən sənədi, məhkumluq arayışı, həmçinin digər vacib sənədlər yoxlanılmalıdır. Bundan sonra əgər sürücünün sağlamlığı imkan verirsə, onu taksi sürücüsü kimi əməkdaşlığa cəlb etmək olar. Amma hazırda bəzi şirkətlər bunlara əməl etmir, kor-koranə fəaliyyət də cəmiyyətdə ciddi narazılıqlar yaranır”.

Ekspert qiymət artımı ilə bağlı suala isə bu cür cavab verib:

“Hələlik qiymət artımı ilə bağlı müzakirə yoxdur. Lakin tez bir müddətdə biz standart qiymətlərin müəyyənləşdirimləsinin tərəfdarıyıq. Yəni qiymətlərin ən aşağı və yuxarı səviyyəsi müəyyənləşməlidir ki, heç kim rəqabət adı ilə taksi qiymətlərinin həddən artıq ucuzlaşdırmasın və yaxud bayram kimi günlərdə fürsətdən istifadə edib, qiymətləri artırmasın”.

Xalidə Gəray,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar