“QİYMƏTİ QALDIRIN, TƏKİ SU GƏLSİN...” - Deputatın su qıtlığını qiymətlə əlaqələndirməsi nəyə xidmət edir?

25-05-2023, 19:03   



Yaxınlaşan yayın istisi və hər il olduğu kimi bu fəsildə sudan çəkdiyimiz əziyyət bir yana, bəzi “aydan arı, sudan duru” deputatların məntiqsiz, “milləti ələ salan” açıqlamaları da bir yandan adamı yandırır...

Ötən gün deputat Rüfət Quliyev “fantastik” şəkildə Azərbaycandakı su qıtlığını suyun əhaliyə satış qiymətilə əlaqələndirib: “Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik”.

İxtisasca iqtisadçı olan deputatın su qıtlığı ilə qiymət artımını necə “uzlaşdırdığını” müəyyən etmək çətindir. Çünki əhaliyə su satışı dövlətin inhisarındadır, qiyməti hökumət müəyyən edir və onun qiymətinin formalaşmasına hər hansı rəqabətin təsirindən söhbət gedə bilməz. Çünki rəqabət yoxdur. Yəni, məntiqlə su da kartof, soğan, yaxud R.Quliyev üçün “doğma məhsul” olan siqaret deyil ki, bazarda təbii, yaxud çoxdan öyrəşdiyimiz süni qıtlıq yaradıb qiymətini artırasan.


Ancaq görünən odur ki, R.Quliyevin dediyində müəyyən həqiqət də var. Son zamanlar doğrudan da əhali arasında belə bir fikir dolaşır ki, əhaliyə su verilişində xeyli artan fasilələr və qıtlıq suyun qiymətinin qaldırılması planı ilə bağlıdır. Yəni, bir növ süni qıtlıq yaradılır, suya qənaət edilir və qiymət artımı üçün fon formalaşdırılır. Nəticədə bu gün “qənaət edilən” su sabah qiymət artımından sonra əhaliyə baha qiymətə satılacaq.




Doğrusu, bu qənaətin reallığa söykənib-söykənmədiyini söyləmək çətindir. Ancaq əhali indiyə qədər məmurlardan və “Tarif Şurası”ndan elə “sürprizlər” görüb ki, bu “təcrübədən” çıxış edərək onlardan nə desən gözləyir. Ona görə də qiymət artımına eyham vuran istənilən addımı, yaxud açıqlamanı həssas qarşılayır. 

Odur ki, hələ yay gəlməmiş müşahidə olunan su qıtlığı fonunda qiymət artımı mövzusunun ortaya atılması insanlarda deputat R.Quliyev kimilərin bu mövzuda sifarişlə danışması barədə təsəvvür yaradır. Yəni, belə çıxır ki, qiymətin artırılması mövzusu artıq gündəmdədir və bu cür çıxışlarla bir növ əhalinin “nəbzi yoxlanılır”. Sanki kimlərsə gözləyir ki, insanlar “qiyməti qaldırırsınız qaldırın, təki su verin” desin...

Yeri gəlmişkən, sözügedən deputat həmin çıxışında bir növ camaata və təbii sərvətimizə “canıyananlıq” da göstərib. Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görür: “Yüz faiz əminəm ki, orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil, şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik”.



Birincisi, biz də yüz faiz əminik ki, suyun “şırhaşırla” axıdıldığı və sayğac olmayan obyektlər təkcə “moykalar” deyil. Buraya iri məmurların villalarından tutmuş bağ-bağçalarına, təsərrüfatlarına, müəssisələrinə qədər çox obyektləri aid etmək olar və təəssüf ki, heç bir qiymət artımı buna təsir etmək gücündə deyil.

İkincisi, deputatın sözlərindən belə çıxır ki, bu israfçılığın, özbaşınalığın, talançılığın, “moykalar”ın, villaların və s. cəzası qiymət artırılmaqla “qara camaat”a, onun cibinə kəsilməlidir. Zatən kommunal xərclərin ağırlığı əhalinin real gəlirlərilə qeyri-mütənasiblik təşkil edir, insanlar qışda təbii qazın qiymətinə görə evlərini normal qızdıra bilmirlər, indi də yayda suyla sınağa çəkilməlidirlər? Bəlkə deputatın təklif etdiyi çıxış yolu suyun tonunu yox, litrini bir manat etməkdir?...

“Dovşanı araba ilə tutan” və öz məmurlarını tez-tez sıraya düzüb danlayan, məsuliyyəti onların üzərinə atan Belarus Prezidenti Aleksandr Lukaşenko iki il əvvəl benzinin qiymətini artırmağı təklif edən hökumət üzvlərinə belə cavab vermişdi: “Belə başa düşürəm ki, benzinin qiyməti vasitəsilə camaatın cibinə girmək istəyirsiniz. Bu pulları neft emalı zavodlarında axtarın. Qrup yaradın, yoxlayın bu zavodları. Görəcəksiniz ki, onlar nə qədər maaş alır və necə maşınlar sürür, hansı evlərdə yaşayır, nələr tikirlər və sair. Benzinin qiymətini isə hər axmaq qaldıra bilər, bunun üçün heç hökumət də lazım deyil...”

Bəlkə bizdə də qiymət artırmazdan öncə kimlərisə, hansı qurumlarısa yoxlamağa, su təsərrüfatındakı problemlərin, su qıtlığının gerçək səbəblərini tapmağa ehtiyac var?

Cəlal Məmmədov

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar