Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Deputatlar bu dəfə sahibkarlıqdan, müəllimlərdən, ağcaqanaddan, itdən danışdı

1-06-2023, 08:21   


“Metro stansiyaların sayı isə 26-dan 70-ə çatdırılmalı idi, amma…”

Mayın 31-də Milli Məclis “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsini müzakirəyə çıxarıb.

Layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 milyard 679 milyon 646,4 min manat, xərclər isə 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilir:

“Ötən il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) çoxdur. Büdcənin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi isə 22,9 faiz təşkil edib”.

“Özümüz də qanun layihələri hazırlamalıyıq”

Müzakirələr zamanı, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, büdcə ilə bağlı şəffaflığın yetərincə təmin olunmadığı göz önündədir.

Onun sözlərinə görə, Milli Məclis Hesablama Palatasının rəyində və deputatların çıxışlarında əksini tapmış müvafiq nəzarət funksiyasına uyğun olaraq qərarlar qəbul etməlidir:

Mili Məclisdə komitələr birləşdirilməli, büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Milli Məclis tərəfindən büdcəyə nəzarət tam təmin edilməlidir. Şəffaflığın artırılması üçün ciddi təkliflər hazırlanmalıdır. Biz yalnız hökumətdən qanun layihələri gözləməməliyik, özümüz də qanun layihələri hazırlamalıyıq”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev. Foto: arxiv

Sosial problemlər ucbatından intihar edən, kömək istəyən müharibə əlilləri, yoxsul insanlar ola-ola, büdcədən ayrılan pullara qənaət edilir. Sosial müdafiəyə ayrılan pullar xərclənmədiyi halda 5-6 ildir zabitlər ev növbəsindədir. Bölüşdürülməmiş xərclər büdcə xərclərinin 8 faizini təşkil edir ki, bu da narahatlıq doğurur”, – deyə Həsənquliyev əlavə edib.

Deputat həmçinin metroda sıxlıq probleminə də toxunub:

Prezident tərəfindən metroda yeni xətlərin istifadəyə verilməsi tövsiyə olunmuşdu. Xətlərin sayı 5-ə, stansiyaların sayı isə 26-dan 70-ə çatdırılmalı idi. Amma 12 il ərzində cəmi 2 xətt istismara verilib”.

Büdcədə yerli özünüidarəetmənin payı yoxdur”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa büdcədən işsizliyin aradan qaldırılması üçün ayrılan pulların mənasız olduğunu vurğulayıb:

İşsizliyin aradan qaldırılması üçün sahibkarlıq inkişaf etdirilməlidir”.

Onun sözlərinə görə, dövlət xətti ilə iş yerlərinin açılması problemi həll etmir:

Deputat Fazil Mustafa
Foto: Meydan TV

“Biz gördük ki, suvarmadan kənd təsərrüfatı sahələrinə qədər dövlətin vəsait qoyduğu hər şirkət bağlanmaqdadır. Sahibkarlıq, özəl sektor inkişaf etdirilməlidir. Büdcədə yerli özünüidarəetmənin payı yoxdur”.

F.Musatafa narkomaniyaya qarşı mübarizə üçün ayrıca proqramın hazırlanmasını vacib sayıb:

“Yüksək səviyyədə vəsait ayrılmalıdır. Bu sahədə ölkədə faciəvi vəziyyət yaranıb. Həbsxanada olan məhkumların böyük əksəriyyəti narkotik cinayətləri üzrə tutulanlardır. Onlar həbsxanada da problemlər yaradır”.

“Qazilər dərmanları da özləri alır”

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid ailələri və qazilərin işlə təmin olunması barədə suallar səsləndirib:

Ümumiyyətlə, 2022-ci ildə nə qədər qazi işlə təmin olundu? Nə qədəri işlə təmin olunmadı və səbəbi nədir? Bunlar açıqlanmalıdır”.

Qənirə Paşayeva
Fpto: Qənirə Paşayevanın şəxsi arxivindən

Qazilik statusu almayan, amma müharibədə iştirak edənlərdən elələri var ki, onların səhhətində problem yaranıb. Onlar dərmanları da özləri alır, dərmanla təminatda qayğıları var. Həkim şəhidimiz polkovnik-leytenat Rasim Abdullayev çox az qalmışdı imtiyazdan yararlanıb ev alsın, amma şəhid olub, deyə ev ala bilmədi. İndi də şəhidin ailəsinə deyirlər ki, Kəlbəcərdə ev tikilsin, sizə ev veriləcək. Kəlbəcərli olaraq onsuz da ona ev veriləcək, amma bir hərbçi kimi imtiyazından yararlanmalıdır. Onun övladı evlənməlidir”, – deyə Paşayeva əlavə edib.

“Kənd yerlərində müəllimlər çatışmır”

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev kənd yerlərində müəllimlərin çatışmadığını deyib:

Ölkədə yaşı 65-dən yuxarı olan müəllimlərin sayı 6-7 min arasında dəyişir. Həmin müəllimlərin əmək fəaliyyətini, xüsusilə də kənd yerlərində müəllimlərin çatışmazlığını nəzərə almaq lazımdır”.

Bəxtiyar Əliyev. Foto: “Teleqraf.az”

Komitə sədri hesab edir ki, bu məsələ ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılmalıdır:

“Bundan başqa “Təhsil haqqında” Qanuna ixtisas təcrübəsi anlayışı gətirilməlidir. Müəllim işləmək istəyənlər çoxdur, amma vakant yerlərin sayı azdır. Biz hər il bu problemlərlə qarşılaşırıq. Belə ki, şəhər yerlərində işləmək istəyənlər bölgələrdə işləmək istəyənlərdən çoxdur. Buna görə də Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya və diaqnostika imtahanları keçirilir. Yaxın 5 ildə hesab edirik ki, problem aradan qaldırılacaq”.

Müəllimi alçaldan proseslərdən azad olmalıyıq”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstımxanlı deyib ki, 65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır.

O, qanunda bu məsələnin konkret əksini tapmasının vacib olduğunu qeyd edib:

Foto: Meydan TV

“65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz”.

“Müəllimlər var ki, çox savadlı ola bilər, amma əxlaqi dəyərləri yerlərində deyil”

YAP-çı deputat Siyavuş Novruzov günün əsas məsələsinin müəllimlərin sertifikasiyasının olduğunu bildirib.

Deputatın sözlərinə görə, insanlar bu məsələdə ciddi narahatlıqlar yaşayır:

“Bu sertifikatlaşma ilə bağlı hansısa ədəbiyyat və test yoxdur. Abituriyentlər üçün jurnal buraxılır və abituriyent bilir ki, nə etmək lazımdır. Neçə ildir ki, müəllimlərin sertifikatlaşdırılması gedir, ancaq onlar üçün hansısa material hələ də hazırlanmır. Deyirlər, 56-57 mərkəzimiz var, onlar gedib orada hazırlaşa bilər. Azərbaycanda müəllimlərin sayına baxın. Görək, bu qədər mərkəz yetərlidirmi? İkincisi, müəllim həm də pedaqoqdur və uşaqların tərbiyəsi ilə məşğul olur. Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən? Müəllimlər var ki, çox savadlı ola bilər, amma əxlaqi dəyərləri yerlərində deyil. Belə olan halda müəllimin əxlaqi dəyərlərini hansı imtahan vasitəsi ilə ölçəcəyik?”.

Сиявуш Новрузов
Foto: Meydan TV

S.Novruzov elm sahəsində ciddi işlərin görülməsini vacib hesab edib:

“Elmdə türkologiya və Cənubi Azərbaycan sahəsinə ciddi yer almalıdır. Keçmişdə “Türkologiya” jurnalı var idi, indi o da yoxdur. Bu materiallar artırılmalıdır”.

“Vətəndaşları narahat edən digər məsələ peşə sahəsində olan problemlərdir: bütün nazirliklər akademiya açır, peşə məktəbi açan yoxdur. Böyük şəhərlərimizdə də peşə məktəbi çox azdır. Onların sayı çox olsa, gənclər heç institutlara getməz. Texniki peşə sahəsində məsələyə ciddi yanaşılmalı, hər struktura tapşırıq verilməlidir ki, bir texniki peşə məktəb açılsın”, – deyə Novruzov çıxışını tamamlayıb.

Bakıda ağcaqanad əlindən dayanmaq olmur”

Deputat Tahir Kərimli ölkədə antisanitariya durumundan narazılıqlarını dilə gətirib:

“Bakıda ağcaqanad əlindən dayanmaq olmur. O qədər çoxdur ki, gün batanda da insanlara imkan vermirlər. Ölkədə sanitariya işlərinə diqqət yetirmək lazımdır ki, ciddi sağlamlıq problemləri yaranmasın. İkincisi, regionlarda quduz itlərlə bağlı problem var. Uşaqlar məktəbə gedə bilmir, camaat hərəkət edə bilmir. Bilmirəm, biz bu itləri Koreyaya, Çinə sataq, yoxsa nə edək, problemi həll etməliyik”.

Deputat Tahir Kərimli
Deputat Tahir Kərimli, Foto: Paralel.az

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi qəbul edilib.

Bununla da, Milli Məclisin yaz sessiyası başa çatıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar