Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin, “Davay, do svidaniya...” - müharibə Rusiya ərazisində!

1-06-2023, 12:24   


Rusiyanın Ukraynada başladığı işğalçı müharibə öz ərazilərinə sıçramaqdadır: Belqoroda zərbələr, yaralıların olması, artıq Şebekino və Qrayvoron rayonlarından uşaqların çıxarılıb Voronejə göndərilməsi, Krasnodarda neft emalı zavoduna dronla hücum, Moskvaya PUA zərbələri, varlıların yaşadığı Rublyovkaya hücumlar...
Putin paytaxta dronla hücumu Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahının vurulması ilə əlaqələndirir. Lakin görünən odur ki, Kreml savaşın onun ərazilərinə doğru sıçramasının qarşısını ala bilmir. Üstəgəl, “Azad Rusiya” legionu elan edib ki, minlərlə hərbçi toplanır və Moskvaya hücum nəzərdə tutulub. Mənbə “The Times” nəşridir.
Yəni Putinin 2022-ci il, fevralın 24-də başladığı “xüsusi əməliyyat” və “Z” ordusunun 1 il, 4 aydır bataqlıqda çarpışması göz qabağındadır. Baxmut uğrunda 7 ay döyüşlərdə 30 min rus, 20 min “vaqner”çi ölməsini hər hansı jurnalist yox, Putinin “qəssabı” Yevgeni Priqojin etiraf edib. Ağ Ev lideri Bayden isə rəqəmin 100 min olduğunu açıqlamışdı. Buna “pirr qələbəsi” söyləmək lazımdır.
Anaxeber.info-nun analitik şöbəsi təhlil edir ki, kollektiv Qərb, xüsusən anqlosakson dünyası Putin Rusiyasının qanını qaşıq-qaşıq içir. Hələ də çoxlu qan itirməkdə olan rus ordusu taqətdən düşmüş vəziyyətdə görünür. Belə vəziyyətdə isə “Rusiya ərazilərinə hücum qırmızı xətdir və nüvə bombasından istifadə hüququ yaradır” deyən Kreml rəsmiləri indi faktiki bu sərt reallıqla üzləşməkdədir: Putinin iqamətgahına, ayrı-ayrı ərazilərə dronla hücum edilir... Bəs, Rusiya nüvə təhdidini niyə əmələ çevirmir?
Ötən ilin fevralında “3 günə Kiyevi alan” Rusiya ordusu bu gün Moskvanın hava məkanını qorumaqda acizdir, PUA-lar Kremlin üzərində uçuşur, Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərini diversiya qrupları “karvansara qapısına” döndəriblər, 10 aya Baxmut adlı rayon mərkəzini ala bilməyən “dünyanın ikinci ordusu” isə böyük təlaş içərisində Ukraynanın əks-hücumunu gözləyir və s.
Kreml və onun təbliğat maşını sözügedən dron hücumunun siyasi, psixoloji, hərbi və s. təsirini azaltmaq üçün müxtəlif variantlara əl atsa da, öz çaşqınlığını gizlədə bilmir. Ukrayna isə müharibəni tədricən Rusiya ərazisinə keçirməyə çalışır. Bu Kiyevin Rusiya cəmiyyətinə mesajıdır ki, işğalçı müharibəni davam etdirdiyiniz halda bizim kimi sizin rahat həyatınız da pozulacaq. Bu bir növ Birinci Çeçenistan savaşında çeçen mücahidlərin əks-həmlələrinə bənzəyir. Çeçenistan şəhərlərinin və kəndlərinin dağıdılmasına, minlərlə dinc sakinin qətlinə cavab olaraq çeçen mücahid Şamil Basayev dəstəsi ilə Rusiyanın Budyonovks şəhərinə hücum əməliyyatına baş vurmuşdu. Həm Ukraynada hərbi əməliyyatlar aparmaq, həm öz ərazilərini qorumaq Rusiya üçün çətin olacaq. Bundan əlavə, “Azad Rusiya” legionun aksiyaları böyüyəcək.
Bundan əlavə, Moskva ətrafındakı ən bahalı və elit yaşayış zonası sayılan Rublyovka adlı ərazi olduğunu, hətta burada bir neçə tikilinin xəsarət aldığını yazır və bunun ciddi cəhdlə gizlədildiyini bildirir. Belə ki, rəsmi mənbələr Moskvaya cəmi 8 PUA-nın hücum etdiyini bəyan etsə də, müstəqil mənbələr və videogörüntülər bu hücumda 25-30 dronun iştirak etdiyini ortaya qoyur. İddia edilir ki, onların bir qismi vurulsa, yaxud hədəfindən yayınsa da, öz hədəfinə çatanlar da olub.
Ancaq ən maraqlısı odur ki, Rusiya əhalisinin əhəmiyətli bir hissəsi bu dron hücumuna görə Zelenskini yox, müharibəni başlayan və onu “üz gözünə yaxan” yarıtmaz Putini qınayır, bu da azmış kimi, PUA hücumunun məhz “Rublyovka”nı hədəf almasına hətta sevinir. Bunu sosial şəbəkələrin Rusiya seqmentində açıq görmək olar. İnsanlar uzun illərdir Rusiyanın sərvətlərini sümürən hakim zümrənin hədəf alınmasını sözün əsl mənasında alqışlayır. Rusiya Dumasının komitə sədri Aleksandr Xinşteynin dediyi kimi, Moskva sakinləri artıq bundan sonra belə hadisələrə öyrəşməyə məcburdurlar: “Bu, dərk etməli olduğumuz yeni reallıqdır...”
Yeri gəlmişkən, ukraynalı analitiklərin fikrincə, Rusiyada İkinci Dünya Müharibəsi ilə analogiya aparmağı sevirlər. Baxmut uğrunda döyüşlərdə onlar Paulsun Stalinqradda rəhbərlik etdiyi altıncı ordunun vəziyyətinə düşə bilərlər. Onda alman ordusu mühasirəyə alınmışdı. Almanlar həlqədən qurtulmaq üçün üç əks- hücum əməliyyatı keçirməyə cəhd göstərmişdilər və hər dəfə də heç nə alınmamışdı, nəhayət, təslim olmuşdular. Burada rusiyalılar Paulsun ordusunun aqibətini yaşaya bilərlər. Ola bilər ki, onlar Baxmutka çayının o biri sahilinə keçib, müdafiəyə çəkilsinlər. Çünki şəhərin alınmasının elan edilməsindən sonra rusiyalılar tezliklə geriyə çəkilməyəcəklər.
Ümumiyyətlə, böyük sayda itkilər, qələbənin yoxluğu Rusiyada yeni proseslər başladır. Belqorod vilayətindəki hadisələr, Priqojinin və digər şəxslərin siyasi bəyanatları Rusiya cəmiyyətində narazılığın artdığını göstərir. Onlarda müəyyən mənəvi çöküş yaşanır, amma hələlik bu, məhdud miqyasdadır, biz bunun kütləvi fərariliyə və ya Moskvaya etiraz yürüşü səviyyəsinə çatacağını gözləyirik. Artıq belə meyllər müşahidə olunur.

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar