KREMLİN “TOP ƏTİ”NƏ ÇEVİRMƏK İSTƏDİYİ AZƏRBAYCANLILAR – Ukrayna müharibəsi Rusiyadakı həmvətənlərimizə böyük təhlükəyə çevrilib

23-08-2023, 09:47   



Baxiş sayı: 236
Dərc olunub: 23/08/2023 - 09:25
Bölmə: Manşet

Son günlər Rusiyada, xüsusilə də Moskvada azərbaycanlıların, eləcə də digər qeyri-rus miqrantların küçədə, bazarda, iş yerlərində və s. yaxalanaraq, az qala döyə-döyə, zorla hərbi komissarlıqlara aparılması, orada uçota alınaraq cəbhəyə göndərilməsi barədə məlumatlar, videogörüntülər yayılmaqdadır. Onların arasında Rusiya vətəndaşlığı olanlar da var, olmayanlar da. Ancaq təəssüf ki, belə faktlara hələlik demək olar heç bir MDB üzvü dövlətin rəhbərliyindən rəsmi etiraz, narazılıq səsləndirilməyib… 

Çoxları Ukraynaya ölümə göndərilmək üçün başlanan bu “miqrant ovu”nun Kremlin ideyası olduğunu düşünür. Lakin acınacaqlı fakt odur ki, bu “miqrant ovu” Kremlin ideyası olmazdan əvvəl şovinist Rusiya cəmiyyətinin sifarişidir! Bəli, rusların böyük əksəriyyəti öz qardaşlarını, atalarını, oğullarını yox, birinci növbədə küçədə-bayırda rast gəldikləri “ne russkiləri” “top əti” kimi cəbhəyə göndərməyi tələb edirlər. Bu “ictimai sifarişi” Rusiya mətbuatında, sosial şəbəkələrdə, real həyatda, cəmiyyətdə görməmək və hiss etməmək mümkün deyil.

Belədə xüsusilə artıq Rusiya vətəndaşlığı almış azərbaycanlıları Azərbaycan dövlətinin müdafiə etməsi çətinləşir. Vaxtilə Rusiyada hansısa imtiyazlar qazanmaq, nisbətən rahat, hüquq-mühafizə orqanlarının özbaşınalıqlarından uzaq həyat sürmək üçün bu ölkənin vətəndaşlığını almaları bu gün həmin həmvətənlərimiz üçün ciddi başağrısına, hətta həyati təhlükəyə çevrilib. Artıq heç kimə sirr deyil ki, Rusiya dövləti ilk növbədə qeyri-rusları və əyalətlərdə səfalət içərisində yaşayanları toplayaraq, Ukraynaya göndərir. Təəssüf ki, bu sıraya azərbaycanlıların da düşməsi təbiidir… 

Onu da qeyd edək ki, hətta vətəndaşlığından asılı olmayaraq hansısa azərbaycanlının Ukraynaya qarşı döyüşlərə cəlb edilməsi bir dövlət, xalq kimi işğala məruz qalmış və hazırda Ukraynaya humanitar yardım edən Azərbaycanın siyasi, strateji maraqlarına, əqidəsinə, mentalitetinə uyğun deyil… 

Acınacaqlı olan həm də odur ki, bataqlığa batdıqca batan Rusiyada yaşayan qeyri millətlər üçün yaxın gələcəkdə “işıq ucu” görünmür. Çünki qaçılmaz məğlubiyyət, uğursuzluq, böhran bu cəmiyyəti və dövləti daha da azğınlaşdıracaq, aqressivləşdirəcək ki, bunun da heyfi yenə qeyri-ruslardan çıxıla bilər. Bu problemi hətta Rusiyadakı mümkün hakimiyyət dəyişikliyi belə çətin ki, çözə. Bunu tarix də göstərir…

Məsələn, 20-ci əsrin əvvəlində Rusiyada Çar hakimiyyətinin təzyiqlərindən qaçaraq xaricdə yaşamalı olan siyasi mühacirlər – Lenin, Trotski və digərləri Rusiyaya qayıdıb, inqilab edərək, bolşevizm, “qırmızı terror” və əvvəlkindən də işğalçı bir dövlət qurdular. İndi də Putinin təzyiqlərindən qaçan, həbsə atılan “demokratlar”ın, yaxud ultramillətçilərin nə vaxtsa qayıdıb buna bənzər, hətta daha betər bir hakimiyyət qurmayacağına heç kim təminat verə bilməz. Çünki cəmiyyət olaraq Rusiya şovinizm və imperializm kimi çürük dayaqların üzərində durur, yaşayır. Onun siyasi sifarişi də buna uyğundur. Belə bir cəmiyyət isə yaxın zamanlarda demokratik, azad, qonşuları ilə eyni hüquqlara, hörmətə əsaslanan, işğalçılıq iştahasından uzaq, bütün millətlərlə sivil münasibətlərə dayanan bir dövlət yaratmaq və yaşatmaq iqtidarında deyil. Yəni, azərbaycanlı, yaxud hansısa qeyri-rus millətin nümayəndəsi hakimiyyət dəyişikliyi olsa belə, yaxın gələcəkdə Rusiyada özünü təhlükəsiz, hətta Rusiya vətəndaşlığı almasına baxmayaraq, tam bərabərhüquqlu, azad insan kimi hiss edə bilməyəcək. Beyni şovinizmlə, imperiyaçılıqla zəhərlənmiş bu cəmiyyətin və dövlətin tezliklə düzələcəyi, normal münasibətlər sisteminə qayıdacağı qətiyyən gözlənilmir. Ona görə də hər bir həmvətənimizin bu dövlətin ərazisində xüsusilə də müharibə davam etdikcə yaşaması onun həyatı üçün böyük təhlükədir. Belə bir vəziyyətdə Azərbaycanın quru sərhədlərinin açılması məsələsi bir daha öz aktuallığını gündəmə gətirir....

Ancaq görünür, Rusiyadakı azərbaycanlıların arasında, eləcə də Azərbaycanın özündə heç də hamı bu reallıqları qəbul etmək istəmir. Ümumiyyətlə, azərbaycanlı öz vətənində azad, təminatlı yaşamalı, işləməli, qazanmalı, övladlarını yetişdirməli və lazım olarsa məhz öz vətəni uğrunda səfərbər edilməli, orduya, döyüşə getməlidir. Hansısa azərbaycanlı Avropada, Rusiyada yaxud başqa bir ölkədə “ikinci sort” adam kimi alçaldılmalı, sonra da əlinə Rusiya pasportu verilib, ölümə göndərilməməlidir. Bunun üçün də heç bir azərbaycanlı bu cür ölkələrə qazanc dalıyca getməməli, buna məcbur olmamalıdır.

Təəssüf ki, bunu təmin etmək üçün Azərbaycanın hər cür iqtisadi, siyasi, sosial və s. potensialı olsa da, görünür, çatışmayan, yaxud buna mane olan hansısa başqa “əmmalar” da var...

Cəlal Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar