BMT Təhlükəsizlik Şurasında Qarabağ müzakirəsi başa çatdı - Qarabağda Rusiyanın 6 hərbi qulluqçusu həlak olub

22-09-2023, 08:56   




BMT Təhlükəsizlik Şurasında Qarabağ müzakirəsi başa çatdı

BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə Qarabağdakı vəziyyətin müzakirəsi başa çatıb.

İclasda çıxış edən səfir və daimi nümayəndələr sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan narazılıq və narahatlıq ifadə ediblər.

Onlar istənilən hərbi qarşıdurmalara son qoyulmasına çağırıblar. Səfirlər eyni zamanda hazırda Qarabağda atəşkəs rejiminin olmasını qeyd ediblər.

İclasa BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə köməkçisi Miroslav Yença sədrlik edirdi.

Yença deyib ki, dünən elan edilmiş atəşkəs rejimi hələ kövrək olsa da, Azərbaycan rəsmilərinin Qarabağ ermənilərinin nümayəndələri ilə görüşünü müsbət addım kimi qiymətləndirmək olar.

ABŞ səfiri Linda Tomas-Qrinfild çıxışında Azərbaycanın Qarabağdakı hərbi hərəkətlərini pisləyib və ABŞ-ın orada yaranmış vəziyyətdən dərin narahatlığını ifadə edib.

O da atəşkəsin elan olunmasını təqdir edib:

"Əgər bu məlumat təsdiq olunsa, hadisələrin müsbət inkişafı hesab edilə bilər. Amma hazırda vəziyyət ağır olaraq qalır”.

Xanım Tomas Qrinfild deyib ki, münaqişənin yeganə həlli zorakılığın dayandırılması və dayanıqlı sülhün bərqərar edilməsidir.

ABŞ səfiri inanmaq istədiyini bildirib ki, Qarabağ sakinlərinin hüquqları Azərbaycanın özünün verdiyi bəyanatlara uyğun təmin ediləcək.

İclasda çıxış edən Fransa xarici işlər naziri Katrin Kolonna deyib ki, Azərbaycanın sentyabrın 19-da keçirdiyi tammiqyaslı əməliyyatın əvvəlcədən planlaşdırılmadığına heç kim inanmır.

Nazir deyib ki, Azərbaycanın hərbi üsula əl atması BMT Nizamnaməsinə ziddir.

Katrin Kolonna əlavə edib ki, Fransa və bir çox başqa ölkələr Azərbaycanı təmkinə və beynəlxalq hüquqa ehtiram göstərilməsinə dəvət edirlər. Onun sözlərinə görə burada söhbət Azərbaycanın ərazi bütövlüyündən getmir:

"Heç kim bu məsələni sual altında qoymur, ərazi bütövlüyünə heç bir hədə yoxdur. Söhbət Dağlıq Qarabağdakı erməni xalqının hüquqlarına və mədəniyyətinə hörmət şəraitində yaşaya bilməsindən gedir”.

Öz çıxışında Almaniyanın xarici işlər naziri Annalena Berbok da Azərbaycanın keçirdiyi hərbi əməliyyatı pisləyib, Qarabağ ermənilərinin ağır humanitar vəziyyətindən narahatlıq bildirib. O Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi ilə maneəsiz hərəkət təmin olunmasına çağırıb.

Nazir əlavə edib ki, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə şübhə edilməməlidir.

Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar çıxışında qeyd edib ki, yaranmış vəziyyətdə Azərbaycanın antiterror əməliyyatı keçirməkdən başqa yolu qalmamışdı.

Akçapar vurğulayıb ki, Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini ilk gündən dəstəkləyib.

İclasda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyandan başqa Rusiya, Braziliya, Malta və digər ölkələrin səfirləri də çıxış ediblər.

Ararat Mirzoyan çıxışında Azərbaycanın Qarabağa qarşı “hərbi təcavüzünün” pislənməsinı, ondan əməliyyat nəticəsində dağıdılmış infrastrukturun bərpasının və evlərindən çıxmalı olmuş Qarabağ sakinlərinin geri qaytarılmasının tələb olunmasını istəmişdi.

BMT TŞ-nin iclasında yekun olaraq hər hansı bəyanat və ya sənədin qəbul olunması barədə məlumat yoxdur.

BMT Təhlükəsizlik Şurasında Qarabağ müzakirəsi gözlənilir

BMT Təhlükəsizlik Şurasının bugün – sentyabrın 21-də Qarabağ məsələsini müzakirə edəcəyi gözlənilir.

Bu məlumatı BMT-dəki mənbələrə istinadla Rusiyanın dövlət xəbər agentliyi TASS yayıb.

Mənbə əlavə edib ki, hazırda BMT Baş Assambleyasının 78-ci sessiyası keçirilir və buradakı bəzi dövlət başçılarının Təhlükəsizlik Şurasının Qarabağ müzakirəsinə qatılması mümkündür.

Reuters agentliyinin məlumatına görə Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev BMT TŞ-nin iclasının keçirilməsinə ehtiyac görmədiyini deyib.

O bildirib ki, “iki tərəf arasında razılaşmanın olduğu bir halda bu iclasın keçirilməsi əks-nəticə verə bilər”.

Qarabağda Rusiyanın 6 hərbi qulluqçusu həlak olub

Dünən, sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) hərbi qulluqçularının olduğu avtomobilin odlu silahdan atəş tutulması nəticəsinə 5 hərbçi həlak olub.

Bu barədə Azərbaycan Baş Prokurorlugunun məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu həmin avtomobili mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən “qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğunu zənn edilərək” odlu silahlarla atəşə tutublar:

“Bundan başqa, həmin gün RSK-ya məxsus “Kamaz” markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb”

Hər iki faktla bağlı Baş Prokurorluqda istintaq araşdırması aparıldığı bildirilir:

“Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər”.

Bu açıqlamaya Qarabağda tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

David Babayan: Yevlaxda hələ ki yekun razılaşma əldə olunmayıb

Qarabağ erməniləri silahlarını yerə qoymazdan əvvəl təhlükəsizlik qarantiyaları almalıdırlar.

Bunu "Reuters"ə Qarabağ separatçılarının lideri Samvel Şahramanyanın müşaviri kimi təqdim olunan David Babayan Yevlax şəhərində Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında keçirilmiş görüşdən sonra deyib: "Bizim hərbi hərəkətlərin dayandırılmasına dair razılaşmamız var, amma biz hələ ki yekun razılaşmanı gözləyirik. Danışıqlar davam edir. Biz çox sayda məsələ və problemləri müzakirə etməliyik. Hələ ki yekun razılaşma yoxdur".

Azərbaycan Qarabağa yanacaq və ərzaq göndərəcəyini deyir

Azərbaycan hakimiyyəti Yevlaxda keçirilən görüşdə Qarabağ ermənilərinin nümayəndələrinə inteqrasiya planlarını təqdim edib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilir.

"Konstruktiv, müsbət mühitdə keçən görüşdə Azərbaycan Konstitusiyası, qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb".

Məlumata görə, Qarabağ ermənilərinin nümayəndələri yanacaq və ərzaq yardımı istəyiblər: "Onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım, yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi, humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib".

İvan Kovqan
İvan Kovqan

Qarabağda sülhməramlıların komandanının müavini həlak olub

Sentyabrın 20-də Qarabağdakı Rusiya sülhməramlıların atəşə tutulması nəticəsində Rusiya Şimal Donanması sualtı qüvvələrinin komandan müavini, 1-ci ranqlı kapitan İvan Kovqan həlak olub.

AzadlıqRadiosunun rus xidməti bu xəbəri Murmanskın "Bi-Port" və "Severpost" saytlarına istinadla verir.

Xəbərdə deyilir ki, 53-yaşlı Kovqan Qarabağda Bakı, Yerevan və Moskva arasında razılaşmaya əsasən yerləşdirilmiş Rusiya hərbi kontingent komandirinin müavini idi.

Rusiya və Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl bildirmişdilər ki, sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin avtomobili müşahidə postundan qayıdarkən atəşə tutulub. Avtomobildəki Rusiya hərbçiləri (say göstərilmirdi) həlak olublar.

Rusiyanın "Birinci" dövlət telekanalı dörd Rusiya hərbçisinin həlak olduğunu xəbər versə də, bu məlumat hələ ki rəsmən təsdiq edilməyib.

Əliyev Putinə üzrxahlıq edib

Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Həmin məlumata görə, Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının həlak olması ilə bağlı üzrxahlıq ifadə edib: "Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan prezidenti həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib".

Açıqlamaya görə, Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş
Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş

Yevlax görüşü başa çatıb

Bu gün, sentyabrın 21-də Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş başa çatıb.

Xankəndində narahatlıq var, Azərbaycan narahatlığa əsas görmür

Xankəndi sakinləri atəş, partlayış səsləri eşitdiklərini deyirlər. Azərbaycan hərbçilərinin bu şəhərə daxil olması, ora aparan yollarda nəzarət-buraxılış məntəqələri quraşdırması barədə təsdiqlənməmiş məlumatlar yayılır.

Amma Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 21-də yaydığı açıqlamada belə məlumatlar təkzib edilib. "Ermənistanın bəzi sosial media hesablarında, guya, Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır", - nazirlik vurğulayıb.



Sentyabrın 21-də Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan mərkəzi hakimiyyətini Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinləri adından isə görüşdə Sergey Martirosyan David Melkumyan iştirak edirlər. D.Melkumyanı Qarabağ separatçıları "Artsax (Qarabağ) Milli Assambleyasında Artsax Demokratik Partiyası fraksiyasının rəhbəri" kimi təqdim edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

AZƏRTAC-in məlumatına görə, görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olunur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar