Cənubi Qafqazda Qərb-Şərq savaşı: Ermənistan kimin olacaq? - Putinin, yoxsa Makronun...

2-11-2023, 09:45   





Avropa Birliyi Ermənistanda qərargah yaradır. Eyni zamanda, Brüssel monitorinq missiyasının genişləndirilməsini müzakirə edəcək. Sadə dillə desək, Qərb Ermənistana yerləşir. O Ermənistana ki, özünə aid heç nəyi yoxdur, Rusiyanın mülkiyyətidir. Sərhəd desən, rus əsgəri qoruyur, dəmiryol xətləri desən, rusun mülküdür, hərbi baza desən, Gümrü və Erebunidə rusların iki mərkəzi var. Bəs, Paşinyan hökuməti Qərbin hansı potensialına arxayınlaşıb ki, Rusiyanın üzünə ağ olur, Aİ patrullarını sərhəddə genişləndirir? Qərb ona nə vəd edib ki, Rusiyadan belə sürətlə üz çevirir? Erməni cəmiyyəti də o əhval-ruhiyyədədir, rusa böyük nifrət var - bizi satdılar, tək qoydular, müharibədə kömək etmədilər... Hərçənd, müharibədən iki əvvəl, Paşinyan iqtidara gələndən bəri Ermənistan Rusiyadan üz döndərməyə başlamışdı. 44 günlük müharibədən sonra daha da sürətləndi. Rusiya aydın şəkildə gördü ki, ermənilər xəyanət etdilər. Bu, ermənilərin imperiyalara olan münasibətidir. Onlar imperiyalar zəifləməyə başlayanda ona arxa çevirirlər. Osmanlı imperiyasında "sadiqi milliyə" adlanan ermənilər sonra xəyanət etdilər, indi də Rusiyaya eynisini edirlər. Zaman gələcək başqa ağa axtarışına çıxacaqlar. Sadəcə, indi şərait fərqlənir. Rusiya Osmanlı deyil və Ermənistandakı hakimiyyətə də müvəqqəti baxır. Yəni orada iqtidar gəldi-gedərdi, Ermənistan dövləti Rusiyanın peykindən qopa bilməz. Rusiyanın Birinci kanalı da buna eyham vuran material yayımlayanda Kremlin ermənilərə baxışını təqdim edirdi: Paşinyan nə vaxtsa hakimiyyətdən gedəcək, Ermənistan yenə Rusiyanın müttəfiqi qalacaq. Amma Nikol ona qədər çoxlu iş görmək həvəsindədir. Bununla da geri dönüşü olmayan siyasi kurs qoymağa çalışır ki, ondan sonrakı iqtidar rusun orbitinə qayıtmasın. Nədən ibarətdir bu addımlar? Birincisi, Qarabağdan qurtuluş, Türkiyə və Azərbaycanla yolları açmaq. İkincisi, KTMT üzvlüyünü tərk etmək, rus hərbi bazalarını çıxarmaq. Üçüncüsü, Ermənistanı Avropa Birliyində müşahidəçi statusunda üzv edə bilmək. Dördüncüsü, Aİ, başda Fransa olmaqla Qərbin burada siyasi-iqtisadi, hərbi təsirlərini gücləndirmək. Təsadüfi deyil ki, ABŞ 2000-dən çox diplomatı İrəvanda əbəs yerə saxlamır, onların çoxu kəşfiyyatçıdır. Habelə, AB üzvü olmayan Kanada belə mülki missiyaya iki müşahidəçi göndərir. Artıq patrul xidmətin 1000-ə çatdırılır və Brüsseldə genişlənmə müzakirə olunacaq. Hədəf Ermənistanın sərhədlərini rus yox, fransız jandarmasının qorumasıdır. Fransanın silah verməsi, Ermənistan MN-nə müşavir təyin etməsi, səfirlikdə hərbi attaşe yaradılması, amerikalı hərbçilərlə birgə təlimlər keçirilməsi, qarşıda fransız xüsusi təyinatlılarının təlimlərinin nəzərdə tutulması Paşinyanın çoxillik strategiyasıdır. O, uzun müddət hakimiyyətdə qalmağı planlaşdırır və bu işləri həyata keçirəcəyinə inanır. Və ona da ümid edir ki, Rusiya artıq imperiya deyil, zəifləyib, Ukrayna cəbhəsi onun dizini getdikcə yerə gətirəcək və Ermənistanın Avropaya inteqrasiyası sürətlənəcək. O baxımdan Rusiyadan qopmaqda olan, amma addımlarını sürətli atmayan Paşinyan işi qəza etmədən reallaşdırmaq arzusundadır. Təbii ki, bu prosesin gedişində Rusiyaya manevrlər etməsi, təzyiqləri önləmək üçün Putinə vaxtaşırı yarınması da mümkündür. Lakin ümumi xətt dəyişməz görünür. Sadəcə, bu asan olmayacaq. Rusiya kiçik Ermənistanda böyük təsirə malikdir. Təkcə qaz ixracını dayandırmaq, ya da qiymətini artırmaqla Ermənistanı çökdürə bilər. Hər halda Cənubi Qafqaz hələ xeyli Qərb-Şərq qarşıdurmasına ev sahibliyi edəcək...



Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.