Rusiya adi silahlara dair müqavilədən çıxdı, NATO da eyni addımı atdı

8-11-2023, 08:48   


Noyabrın 7-də gecə Rusiyanın Avropada Adi Silahlı Qüvvələrə dair müqavilədən çıxması prosesi başa çatıb.

Rusiya XİN bildirir ki, bu müqavilənin fəaliyyəti artıq 2007-ci ildən dayandırılmışdı və “bu sənəd bizim üçün artıq tarixə çevrilir”.

Rusiya XİN-in bəyanatında bildirilir ki, hazırkı mərhələdə “NATO-ya üzv ölkələr və onların partnyorları ilə” silahlara nəzarətə dair heç bir razılaşma mümkün deyil.

Putinin təşəbbüsü

Rusiyanın sözü gedən müqavilədən çıxmasına dair qanun layihəsini prezident Vladimir Putin Dövlət Dumasının müzakirəsinə mayın 10-da vermişdi.

Qanun layihəsinə yazılmış təqdimat məktubunda qeyd olunurdu ki, “1990-cı illərin əvvəllərindən baş vermiş miqyaslı hərbi-siyasi dəyişikliklər, ilk növbədə NATO-nun genişlənməsi ilə bağlı hazırkı sənəd köhnəlib və reallıqla əlaqəsini itirib”.

Duma deputatları mayın 16-da prezidentin təklifini yekdilliklə dəstəkləmişdilər.

Mayın 24 isə Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası müqavilənin gücdən düşməsinə dair qərar qəbul etmişdi.



Müqavilənin tarixçəsi

Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə (Treaty on Conventional Armed Forces in Europe - CFE) 1990-cı ildə Parisdə NATO-nun 16 və ovaxtkı Varşava Müqaviləsinin 4 üzvü tərəfindən imzalanmışdı.

Sənəd 1999-cu ildə yenilənmiş, lakin onu yalnız Moskva, Kiyev, Astana və Minsk ratifikasiya etmişdilər.

Müqavilə onu imzalayan ölkələrə döyüş tanklarının, zirehli maşınların, artilleriya, zərbə helikopterləri və təyyarələrin sayında məhdudiyyət qoyurdu.

2007-ci ildə Rusiya prezidenti Vladimir Putin NATO ölkələri sənədi ratifikasiya edənədək bu müqavilənin və onunla bağlı başqa beynəlxalq razılaşmaların dayandırılması barədə fərman imzalamışdı.

Şimal alyansı o vaxt bildirmişdi ki, Moskvanın bu hərəkəti Avropada təhlükəsizliyə xidmət etmir.



NATO müvafiq addım atdı

Noyabrın 8-da NATO bəyan edib ki, Moskvanın qərarı ilə bağlı Avropada Adi Silahlı Qüvvələrə dair Müqaviləsindəki iştirakını dayandırır.

NATO bəyanatında vurğulanır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün özü artıq bu müqavilənin şərtlərinə zidd idi.

Bəyanatda deyilir ki, bu, Moskvanın silahlara nəzarət sahəsində atdığı növbəti məsuliyyətsiz addımlardan biridir:

“CFE müqaviləsini Avroatlantika təhlükəsizlik arxitekturasının məhək daşı hesab etsək də, Rusiyanın bu müqavilədən çıxdığı halda Birləşmiş Müttəfiqlərin bu razılaşmada qalmasını mənasız hesab edirik”.

NATO bildirir ki, beləliklə də bu müqavilədə iştirakını “zəruri olduğu müddətcə” dayandırır.
Bu da qeyd olunur ki, bu qərar alyansın bütün üzvləri tərəfindən dəstəklənib.
Bəyanatda deyilir ki, müttəfiqlər müqavilədən çıxmalarına baxmayaraq hərbi və münaqişə risklərinin azaldılması prinsipinə sadiqdirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar