Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezidentin yeni vəzifəyə təyin etdiyi Mədət Quliyevin DOSYESİ

18-11-2023, 12:19   


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, M.Quliyev bu vəzifəyə qədər müdafiə sənayesi naziri idi. O, general-polkovnik ali hərbi rütbəsini daşıyır və Azərbaycanın Milli Qəhrəmanıdır. 

Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirib.

1975-1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.

1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

Mədət Quliyev 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb.

1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə başlayıb.

1993-1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışıb. 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası almasına rəğmən geri çəkilməyib və cinayətkarların zərərsizləşdirilməsinə nail olub.

1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Regional Şöbəsinin (Yevlax-Qazax) rəisi vəzifəsində çalışıb. Mədət Quliyevin rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilib. Həmçinin, 1994-cü il oktyabr hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Mədət Quliyev

1995-1996-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi;

1996-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini;

2001-2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi;

 

 

2002-2004-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;

2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi;

2006-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrini icra edib.

2011-ci ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

O, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib. 

2015-ci ildə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib və nazir vəzifəsini icra edib.

2015-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2019-cu ildən isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə general-polkovnik ali hərbi rütbə verilib. 

Sabiq nazir sambo üzrə idman ustasıdır, triatlon idman növü ilə məşğuldur.

Rus, ingilis, alman və türk dillərini bilir.

Ailəlidir, 4 övladı var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar