Gözlər sabah SƏRHƏDDƏ: Əliyevlə Paşinyan da Qazaxda görüşə bilər - Təhlil

29-11-2023, 09:59   





Sabah sərhəddə görüş var. Artıq sərhəddə döyüş yoxdur. 30 noyabr görüşü sərhədləri dəqiqləşdirmək üçün razılaşdırılıb. Ən yaxşı əlamət isə ikitərəfli görüş olmasıdır. Üçüncü tərəfin iştirakı olmadan Ermənistan-Azərbaycan nümayəndələri danışıqlar aparacaqlar. Delimitasiya komissiyası iki platforma üzrə mövcuddur: 10 noyabr sənədi əsasında İşçi Qrupu və Brüsseldə əldə edilən razılaşma əsasında komissiya. Hər iki model sərhəd müzakirələrində ciddi irəliləyişə səbəb olmayıb. Ona görə ikitərəfli danışıqlar müsbət qarşılanır. Ən azından nə Rusiya, nə Qərbin moderatorluğu olmadan tərəflər özləri danışa bilirlər. Bunu inkişaf etdirmək mümkün olsa, liderlər də sərhəddə görüşə bilər. Necə ki 1999-cu ildə o vaxtkı dövlət başçıları - Heydər Əliyevlə Robert Köçaryan Sədərəkdə danışıqlar masasına oturmuşdu. Bu gün də sülh danışıqları üçün Prezident İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan Qazaxda, yaxud hər hansı sərhədin neytral ərazisində görüşüb müzakirələr apara bilər. Çünki vasitəçilik probpem yaradır: Ermənistan Rusiya, Azərbaycan Brüssel və Vaşinqton masalarından imtina edir.  O cəhətdən əlverişli variant ikitərəfli danışıqlar və sərhəddə görüşdür. Eyni zamanda, Tiflis seçimi var. Ona görə də sabahkı görüş bir presedent ola bilər. Bəs, sərhədləri dəqiqləşdirmə prosesində hansı nəticələr ola bilər? Bunu demək çətindir. Əvvəla, texniki işdir. İkincisi, İrəvan anklavlar mövzusunu tez-tez gündəmə gətirir. Üçüncüsü, böyük zaman tələb edir. Bizim Rusiya və Gürcüstanla belə delimitasiya işimiz tam başa çatmayıb. Ermənistanla isə heç vaxt sərhədlər müəyyənləşdirilməyib və işğal faktına son qoyduğumuz üçün indi fürsət yaranıb. Erməni spiker Simonyan ötən gün yenə anklavlar deyib təhrif etməyə çalışdı. Amma bizdə Ermənistana aid bir qsrış torpaq belə yoxdur. Digər yandan, diktə edən tərəf Bakı olmalıdır. Məğlub ölkə isə indi daha çox yalvarmalıdır ki, sərhədlər dəqiqləşsin, demarkasiya işi aparılsın, sülh sənədi imzalansın. Buyurun, Yuxarı Lars yolu bağlanıb, erməni malları geri qaytarılır, fitosanitar adı ilə Rusiya Ermənistan məhsullarına embarqo qoyub və Ermənistanın bu ölkə ilə olan yeganə quru nəfəsliyi kəsilib. Ötən gün Baş nazirin aparat rəhbəri Araik Aryutunyan da buna eyham vuraraq xilas üçün yeni bazarlar, yeni yollar qeyd etmişdi. Artıq erməni tərəfi başa düşür ki, Türkiyə və Azərbaycanla barışıq olmasa, sülh sənədi bağlanmasa, Türkiyə ilə quru sərhədlər açılmasa, Rusiya hər dəfə Yuxarı Lars yolunda onun xirtdəyindən yapışa biləcək. Ona görə də sülh üçün tələsən ilk növbədə Ermənistan olmalıdır. Bu mənada sərhəddə ikitərəfli danışıqlar prosesi sürətləndirməyi qaçılmaz edir. Əks halda itirən daha çox İrəvan olacaq. Amma analitiklər delimitasiya prosesində gec-tez Rusiyanın iştirakını gözləyir. Çünki xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında yerləşir. Əslində Bakı və İrəvanda da xəritələr olmalıdır. Sadəcə, Moskva hər həftə Overçukun qoltuğuna xəritə vurub üstümüzə göndərə bilər. Odur ki, Ermənistan və Azərbaycan ikitərəfli danışıqlar platformasını genişləndirə, formalaşdıra bilərsə, kənar müdaxilə olmadan bu işi özümüz danışaraq irəliyə apara bilərik. 


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar