Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Valeh Ələsgərov vəzifədən gedir - onu kim ƏVƏZLƏYƏCƏK?

31-01-2024, 09:57   


77 yaşlı sabiq vitse-spikeri Ələt iqtisadi zonasının İdarə Heyətinin sədrliyində kim əvəzləyəcək? 

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2018-ci ilin sentyabrında imzaladığı fərmana dəyişiklik edib. Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupuna rəhbər təyin edilib. İndiyə qədər İşçi Qrupuna Milli Məclis sədrinin keçmiş müavini Valeh Ələsgərov rəhbərlik edirdi. V.Ələsgərov İşçi Qrupunda üzv kimi qalmaqdadır. İşçi Qrupunun tərkibindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, “Azərsu” ASC-nin sədri və iqtisadiyyat nazirinin müavini çıxarılıb, əvəzində Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti, Salyan Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri daxil edilib.

İşçi qrupunun digər üzvləri isə maliyyə nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri, “Azərenerji” ASC-nin prezidenti, “Azərişıq” ASC-nin sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorudur.

Bununla da Ələt azad iqtisadi zonasının İşçi Qrupunun üzvlərinin sayı 14-dən 18-ə çatdırılıb. Bu dəyişiklik V.Əsgərovun tezliklə İdarə Heyətinin sədrliyindən uzaqlaşdırılacağı haqda iddialara səbəb olub. 1944-cü ildə anadan olan V.Ələsgərovun artıq 77 yaşı var. Bu isə o deməkdir ki, seçkidən sonra V.Ələsgərov da yola salınır və bu dəyişiklik də onun anonsudur.

Qeyd edək ki, Ələt AİZ-in yaradılmasının təşəbbüskarları hakimiyyət pillələrində yenicə irəliləməyə başlayan bir qrup gənc kadr olub. Onların aktiv iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin azad iqtisadi zonaların yaradılması sahəsində çox böyük və uğurlu təcrübəsi olan "DP World" şirkəti prosesə cəlb edilib. Qısa müddət ərzində Dubayın yaradıcısı olan şirkət Ələtdəki azad iqtisadi zonaya dair konsepsiyanı, qanunvericilik bazasını hazırlayıb. Həmin vaxtlar açıqlanan məlumatlarda zonanın idarəetməsinin də BƏƏ şirkətində olacağı bildirilirdi. Lakin konsepsiya və qanun qəbul olunduqdan sonra "DP World" prosesdən tam kənarlaşdırıldı. 

2020-ci ilin mayında imzalanan “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmana əsasən, Ələt azad iqtisadi zonası (azad zona) və azad zonanın səlahiyyətli qurumu yaradılıb. Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.

Azad iqtisadi zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və qlobal nəqliyyat dəhlizlərinin (Orta dəhliz və Şimal-Cənub dəhlizi) üzərində yerləşir.

2018-ci ildə qəbul olunmuş “Ələt azad iqtisadi zonası haqqında” Qanunla ölkə ərazisi vergi-gömrük və mübahisələrin həlli rejiminə görə iki yerə ayrılıb - azad iqtisadi zona və bu zonaya daxilolmayan ərazi - əsas iqtisadiyyat. Azad iqtisadi zonada Azərbaycanın əsas iqtisadiyyatının qanunvericiliyi deyil, azad zona qanunvericiliyi tətbiq edilir. Başqa sözlə, bu ərazidə Azərbaycanın ənənəvi qanunvericiliyindən yalnız cinayət qanunvericiliyi və cinayət yolu ilə əldə edilmiş pullarla mübarizə haqqında qanunvericilik tətbiq ediləcək.

2023-cü il iyunun 8-də Ələt azad iqtisadi zonasının birinci mərhələsinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, zonanın ümumi sahəsi 850 hektardır: “Azad iqtisadi zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib”.

Onun sözlərinə görə, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.

İqtisadi zonada investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddır.

Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur. Aylıq əmək haqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Bundan əlavə, yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır. Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt azad iqtisadi zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur. Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur. İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir. Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Ələt Azad İqtisadi Zonasının açılış mərasimi olub

V.Ələsgərov mətbuata bildirib ki, Ələt azad iqtisadi zonasında fəaliyyət göstərməsi üçün şirkətlərə müəyyən tələblər qoyulub: “Tələbimiz şirkətlərin ixrac üçün yüksək əlavə dəyərli məhsullar istehsal etməsidir. Eyni zamanda istehsal məhsullarının 75 faizi xarici bazarlara çıxarılmalıdır. Ən əsas tələbimiz isə təbii ki, məhsulların beynəlxalq standartlara cavab verməsinin təmin olunmasıdır”.

Bir çox ekspertlər hesab edirlər ki, Ələt azad iqtisadi zonasının fəaliyyətə başlaması Azərbaycana iqtisadi dividentlər qazandırmaqla yanaşı, ölkənin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq. Bütün bunlar o halda baş verəcək ki, zonada işləmək üçün investorlara həqiqi və real şərtlər təmin olunsun, ayrı-seçkilik, fərqli yanaşma tətbiq edilməsin. Belə şərtlər olmasa, zonaya real investorların cəlbi mümkün olmayacaq. 

Ötən il səlahiyyətli qurum bir sıra beynəlxalq səviyyədə tanınmış şirkətlərin Ələt azad iqtisadi zonasında müəssisələr qurmaq üçün danışıqlara başladığını açıqlayıb. Hətta məlumat verilib ki, İsrailin “BioPharmax” şirkəti zonada müəssisəsinin tikintisinə başlayıb. Şirkətin Azərbaycan nümayəndəliyi bidirib ki, müəssisədə 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur.

Valeh Ələsgərov: Rusiya ilə Azərbaycan deputatlarının əməkdaşlığı yüksək  sürətlə davam edir - AZƏRTAC

Hələlik xarici şirkətlərin Ələt AİZ-ə böyük marağı müşahidə olunmur. Qanunvericilik zonaya gələcək xarici investorlar üçün komfortlu şərtlər nəzərdə tutsa da, marağın yüksək olduğunu söyləmək mümkün deyil. Bunun isə ekspertlər bir neçə mühüm səbəbini qeyd edirlər. Səbəblərdən biri ölkədə ümumi investisiya mühitinin qənaətbəxş hesab edilməməsidir. Burada isə azad məhkəmə sisteminin olmaması, müxtəlif sahələrdə inhisarçılığın yüksək həddə çatması ən əsas amillərdir. Ötən il Milli Məclisin qəbul etdiyi, yanvar ayında Prezidentin tətbiqinə dair fərman imzaladığı Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə inhisarçılığın azaldılması sahəsində müəyyən addımların atılacağı gözləntiləri var. Eyni zamanda 7 fevral seçkisindən sonra məhkəmə sistemində də ciddi islahatların başlanacağına dair məlumatlar yayılır. Belə güman edilir ki, seçkilərdən sonra formalaşdırılacaq yeni hökumət kabinetinin diqqətində olan məsələlərdən biri məhz investisiya mühitinin investorları cəlb edəcək hala gətirməsi olacaq.

Adının çəkilməsini istəməyən ekspertin dediyinə görə, V.Ələsgərov kifayət qədər bacarıqlı mütəxəssisdir: “Mən xatırlayıram, V.Ələsgərov Azərbaycanın ilk neft-qaz müqavilələrinin hazırlanmasında aktiv iştirak edirdi. Hasilatın pay bölgüsü sazişlərinin ayrıca qanun halında qəbulunda onun mühüm rolu olub. Yəni mahiyyətinə görə eyni tipli qanunla işləyəcək Ələt AİZ-in səlahiyyətli qurumuna onun rəhbər təyin olunması təsadüfi seçim deyil. Mənə görə, AİZ haqqında qanunvericiliyin hazırlanmasında da V.Ələsgərovun iştirakı kifayət qədər əsaslı rol oynayıb. Lakin düşünürəm ki, artıq V.Ələsgərov kifayət qədər yaşlanıb və son dərəcə aktiv iştirakçılıq tələb edən AİZ rəhbərliyi onun üçün öhdəsindən gəlinməyəcək bir işə çevrilib. Azərbaycan hökuməti yeni layihələrdə çevikliyə, müasir texnologiyalara əsaslanan idarəetmə siyasəti yürütməyə çalışır. Kadr seçimlərində bu tələblər nəzərə alınır mümkün qədər. Bu baxımdan, V.Ələsgərovun gənc və aktiv iş imkanlarına malik kadrla əvəz olunması gözləniləndir. Mənə elə gəlir ki, Valeh müəllim özü də bu dəyişikliyi gözləyir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar